Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) Elmi Şuranın illik hesabat iclası keçirilib.

 

ETİ-nin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli institutda cari ildə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi- tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi- tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolu, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə görülən əhəmiyyətli işlər, elmin inkişafı üçün həyata keçirilən mühüm tədbirlər  barədə danışıb.

 

Bildirilib ki, il ərzində institut tərəfindən elm tarixinin müxtəlif profillərində tədqiqatlar aparılıb, 7 kitab çap edilib, onlardan Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən qrant layihəsi çərçivəsində hazırlanan “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” və “Bakı Dövlət Universitetinin tarixi” kitabları geniş elmi ictimaiyyətə təqdim olunub; üç kitab isə tam hazır vəziyyətdə çapa verilib. İnstitutun əməkdaşları tərəfindən il ərzində ümumilikdə 40-dan çox məqalə işlənilib ki, bunlardan 9-u “İmpact Faktor”, “Thomson Reuters” kimi xarici indeksli jurnallarda dərc edilib.  

 

M.Seyidbəyli deyib ki, institut əvvəlki fəaliyyətinin davamı olaraq 2019-cu ildə də beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. Cari ildə elmi mübadilənin inkişafı istiqamətində Polşa Elmlər Akademiyası Elm Tarixi İnstitutu ilə bağlanan anlaşma memorandumu, Çin Elmlər Akademiyası Təbiət Elmlərinin Tarixi İnstitutu ilə birgə “İpək yolu sivilizasiyası və elmi-texniki mübadilə” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi bu qəbildəndir. İl ərzində institutun əməkdaşları Rusiya, Türkiyə və Qırğızıstanda keçirilən bir sıra beynəlxalq elmi konfranslarda, simpoziumlarda, həmçinin respublika əhəmiyyətli seminarlarda məruzələr söyləyiblər.

 

İclasda Elm Tarixi İnstitutunun elmi -tədqiqat predmeti, problematika və  metodologiyası, digər nəzəri məsələlərlə də bağlı müəyyən təkliflər səsləndirilib.