Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Azİİ e-Kitab Evində “Fərman Salmanov: Məqsədə doğru gedən yol” miniatür kitabının təqdimat mərasimi keçirilib.

 

Çox zərif kağız işini Əməkdar mədəniyyət işçisi, dünyada yeganə Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova həyata keçirib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Fərman Salmanovun həyat yolu, əzmkarlığı və onun neft kəşfiyyatı sahəsində göstərdiyi misilsiz xidmətlərindən danışıb:” F.Salmanov hələ gənc yaşlarından bir neftçi kimi çox böyük fədakarlıq göstərib, nə qədər çətin olsa da, rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə başladığı yolu uğurla sona çatdıra bilib. Fərman Salmanov Qərbi Sibirdə, Tümendə və yaxın regionlarda 130-dan artıq nəhəng neft-qaz yatağını kəşf edib və ya onların kəşfində iştirak edib. Bu gün həmin mənbələrdən hasil olunan neft Rusiya Federasiyasının neft hasilatının 46,8%-ni təşkil edir”.

 

Əməkdar mədəniyyət işçisi Z.Salahova deyib ki,  “Fərman Salmanov: Məqsədə doğru gedən yol” miniatür kitabı  296 səhifədən ibarətdir, ölçüləri isə 50x60 millimetrdir. Kitabçada 30 fotoşəkil də yer alıb.

 

SOCAR-ın Neft-Qaz Elmi- Tədqiqat Layihə İnstitunun direktor müvini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov əmisinin  xidmətləri haqqında yazılmış bu kitabı onun fəaliyyətinə verilən yüksək dəyər adlandırıb.   

 

Sonda miniatür kitabın bir neçə nüsxəsi və görkəmli azərbaycanlı neftçinin Qərbi Sibirdə neft hasilatı ilə bağlı fəaliyyətinə dair daha bir neçə nəşr və vəsait ADNSU-ya hədiyyə edilib.