Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin nəticələri  Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər.

 

Onları Azərbaycana Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib.

 

Böyük Mirzə Cəlilin nəticələri ilə görüşdə İ.Həbibbəyli C.Məmmədquluzadənin həyatı və yaradıcılığı, demokrat yazıçıya Azərbaycanda dövlət səviyyəsində göstərilən yüksək ehtiram və onun 150 illik yubiley tədbirləri barədə məlumat verib.

 

Görüşdə 1942-ci ildə Azərbaycandan getmiş Mirzə Cəlilin oğlu Ənvər Məmmədquluzadənin mühacirət həyatından,  onun dünyanın müxtəlif ölkələrində yaşayan övladları və nəvə-nəticələrinin taleyindən də geniş söz açılıb.

 

Akademik İ.Həbibbəyli C.Məmmədquluzadənin nəslinin davamçılarına babalarına həsr edilmiş kitablar və böyük yazıçının metal üzərində əllə döymə üsulu ilə işlənmiş portretini hədiyyə edib.

 

Qeyd edək ki, C.Məmmədquluzadə nəslinin davamçıları ilə Yazıçılar Birliyində də görüşlər keçiriləcək.

 

Yazıçının nəticələri Azərbaycanın bir qrup ziyalıları ilə birlikdə babalarının Fəxri Xiyabandakı məzarını da ziyarət ediblər.