Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimlə görüşüb.

 

Rektor bildirib ki, görüşün məqsədi rəhbəri olduğu universitetin  ərəb ölkələrində daha yaxından tanıdılmasıdır.

 

Azərbaycanda iqtisadiyyatın və sənayenin inkişafından danışan V.Vəliyev bunun müasir təhsil modelində tətbiqinin vacibliyini vurğulayıb, ərəb ölkələrində ən çox maraq doğuran süni intellekt, robototexnika kimi ixtisasların inkişaf etdirilməsi üçün bir sıra işlər görüldüyünü də deyib.

 

Səfir Azərbaycanın islam dövlətləri arasında ən müasir ölkə olduğunu bildirib:”Azərbaycan və ərəb ölkələrinin mədəniyyətlərinin  çox yaxın olması, eyni zamanda   buranın təhlükəsiz ölkələr sırasında qərarlaşması tələbələrin daha rahat təhsil almalarını şərtləndirən əsas amillərdəndir”. 

 

Nasir Əbdül Kərim  AzTU-nun daha yaxından tanıdılması üçün  ilk olaraq ingilis və ərəb dillərində bukletlərin hazırlanıb ərəb ölkələrində, xüsusilə də Fələstində yayılmasının vacibliyini diqqətə çatdırıb.

 

Səfir gələcəkdə Azərbaycan Texniki Universitetinin diplomlarının ərəb ölkələrində tanınması istiqamətində yaranmış bütün problemlərin həll olunacağını da bildirib.