Rəşad Tağıyev: “Həyata keçirdiyimiz tədbirlər və tətbiq edilən yeniliklər 2020-ci ildə qazanacağımız nailiyyətlərin əsası olacaq”


Təhsil ölkəmizdə ən çox inkişaf edən, demək olar ki, hər il xüsusi fərq yaradacaq yeniliklərin tətbiq edildiyi sahələrdəndir. Sadəcə Bakı məktəblərində və ancaq 2019-cu ilin yaddaqalan yeniliklərinə nəzər salmaq kifayətdir ki, bu yeniliklərin ölçü və miqyası ilə bağlı rəy formalaşsın. Tutaq ki, bu il ilk dəfə olaraq ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparıldı. Başqa bir yenilik, 2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirildi. Bu tədris ilinin ən çox rezonans doğuran və insanların çox həvəslə qarşıladığı daha bir yenilik isə Bakıdakı 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflərin yaradılması oldu.

 

Nümunələrdən aydın görünür ki, ölkə təhsilindəki inkişaf  təsadüfi deyil. Təhsildə keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindəndir və bu yanaşma, ilk növbədə paytaxtda fəaliyyət göstərən məktəblərdə özünü göstərir.

 

Uzun sözün qısası, 2019-cu il də keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla əlamətdar oldu. Bu gün dönüb ötən bir ilə baxanda ilk nəzərə çarpan Bakı məktəbləridir. Niyə də olmasın? Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ötən bir ildə üzərinə düşən iş səmərəli şəkildə həyata keçirildi. Nəticədə fəaliyyətinin səmərəsi BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, demək olar ki, 319 ümumtəhsil müəssisəsinin və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzinin hər birində özünü göstərdi.

 

Sadəcə təhsil müəssisələrinin də deyil, BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan 27192 müəllimin peşəkarlığının artırılması istiqamətində qəti addımlar atıldı. Nəticədə 441077 şagird aldığı təhsilin keyfiyyət dəyişikliyini hiss etdi.

 

Yeri gəlmişkən xatırladaq ki, BŞTİ-nin tabeliyindəki məktəblərin I siniflərində 45637, IX siniflərində 30945, XI siniflərində 19521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 şagird  təhsil alır.

 

“Azərbaycan müəllimi” qəzeti ötən bir ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevlə birlikdə nəzər salıb. Bakı məktəbləri də, məktəblilər də əldə etdikləri nailiyyətlərlə ilə damğasını vurub.

 

Bakı məktəblilərinin medalları

 

Məsələn, bu il Bakıda məzunlardan 15 nəfəri qızıl və gümüş medalın sahibi olub: “Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb”.

 

Eləcə də məzunların 1433 nəfəri fərqlənmə attestatı alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib.

 

Son illər Azərbaycanda genişlənən məktəblilərin olimpiya hərəkatı müsbət nəticələr verir. IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilmiş Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 11-i gümüş, 31-i bürünc medal olmaqla, ümumilikdə 47 məktəbli uğur qazanıb.

 

VI və VII sinif şagirdləri arasındakı V Respublika fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 9000-ə yaxın şagird iştirak edib.  Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 18 nəfər riyaziyyat, 13 nəfər kimya, 18 nəfər fizika, 8 nəfər biologiya, 14 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq, I, II və III yerlərə layiq görülüb.

 

V-VI sinif şagirdləri arasında təşkil olunan Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunda 15 minə yaxın  şagird iştirak edib. Olimpiadanın final mərhələsinin nəticələrinə əsasən, 44 nəfər şagird I, II, III yerlərə layiq görülüb. 349 şagird isə olimpiadanın final turunda fəal iştirakına görə Tərifnamə ilə təltif edilib.

 

Paytaxtdakı ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələri təşkil edilib. Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird mübarizə aparıb. Gənc kimyaçıların yaradıcılıq  müsabiqəsinin rayon mərhələsində 256 ümumi təhsil müəssisəsindən 768 şagird iştirak edib. Gənc  bioloqların  yaradıcılıq  müsabiqəsinin rayon mərhələsində isə 261 ümumi təhsil müəssisəsinin 783 şagirdi yarışıb.

 

Paytaxt məktəbliləri IV İngilis Dili Olimpiadasında iştirak edib. İki mərhələdən ibarət olan olimpiadada Bakı şəhəri üzrə 164 məktəbdən 556 şagird iştirak edib.

 

Ölkəmizi VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) təmsil edən Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva bürünc medal qazanıb. Bu, 2016-cı ildən bəri olimpiadada iştirak edən məktəbli qızlarımızın qazandığı ilk medaldır.

 

Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında gümüş medal, 313 nömrəli tam orta məktəbin şagirdi Fərid Əlizadə isə bürünc medal qazanıb.

 

Paytaxt məktəbliləri 17-ci beynəlxalq kompüter layihələri olimpiadasından (İnfomatrix Asia) medalla qayıdıblar. Qazaxıstanın Almatı şəhərində keçirilən olimpiadada 62 nömrəli məktəb-liseyin sagirdi Yusif Eyvazlı və X sinif şagirdi Nicat Dəmirçiyev bürünc medala layiq görülüblər.

 

177 nömrəli tam  orta məktəbin şagirdi  Leyla  Məmmədzadə  və 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et”  VI Ümumrusiya elmi-innovasiya konfransında uğurla iştirak edərək III dərəcəli diploma layiq görülüblər.

 

18 nömrəli tam orta məktəbin məzunu Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robototexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb. Həmçinin, beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub.

 

2019-cu ildə Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxtın idman məktəblərinin yetirmələri müxtəlif idman növləri üzrə beynəlxalq və respublika yarışlarında 365 qızıl, 308 gümüş, 320 bürünc olmaqla ümumilikdə, 993 medal əldə ediblər.

 

Qəbulda elektron sistem

 

Bu il 48 mindən çox uşaq ümumi təhsil müəssisələrinin birinci sinfinə qəbul edilib. R.Tağıyev bildirib ki, 2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 48763 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 45637-si ümumi təhsil məktəblərini, 3126-sı isə lisey və gimnaziyaları seçib. Bu il 25832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub. BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

 

Həyata keçirilən bu proses isə tamamilə elektronlaşdırılıb: “Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu 2015-2016-cı tədris ilindən elektron sistem vasitəsilə həyata keçirilir. İlk dəfə Bakı məktəblərində tətbiq edilən sistem bu il ümumi təhsil müəssisələrində şagird yerdəyişməsində də həyata keçirilib və heç bir problem müşahidə edilməyib”.

 

R.Tağıyevin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilməsi vətəndaşlar üçün daha bir imkan deməkdir: “2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.  Elektron yerdəyişmə nəticəsində 6791 şagird bir məktəbdən digərinə köçürülüb”.

 

Təmayülləşmə: peşə sinifləri

 

Artıq bir neçə ildir ki, X sinifdən məktəblilər təhsilinə təmayüllü siniflərdə davam edir. Bu prosesin miqyası ildən-ilə böyüyür və artıq bütün ölkə ərazisini əhatə edir. Təkcə BŞTİ-nin tabeliyindəki 161 məktəbdə 348 təmayül sinif təşkil olunub. Bu ildən isə Bakıdakı 5 ümumi təhsil müəssisəsində ilk dəfə olaraq həm də peşə təmayüllü siniflər yaradılıb. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib və bu məqsədlə paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblər seçilib. R.Tağıyevin sözlərinə görə, peşə təmayüllü siniflər ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin edəcək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanacaqlar: “Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi bu layihəni həyata keçirməkdə qarşımıza qoyduğumuz əsas hədəflərindəndir”.

 

“Sağlam təhsil” məktəbəhazırlıqdan başlayır

 

Ölkəmizdəki ümumi təhsil müəssisələrində uğur qazanan layihələrdən biri də Təhsil Nazirliyinin həyata keçirdiyi “Sağlam təhsil, sağlam millət” layihəsidir. Hər il ümumi təhsil müəssisələrində tətbiqi genişləndirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Onların arasında artıq məktəbəhazırlıq qrupları da var. İdarə müdirinin sözlərinə görə, bu ildən ilk dəfə olaraq paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.

 

Bakıda “Kiçik Akademiya”ların sayı artır

 

İstedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi təhsildə prioritet istiqamətlərdən biridir. R.Tağıyevin sözlərinə görə, bu məqsədlə yaradılan “Kiçik Akademiya”lar şagirdlərdə XXI əsrin vacib kompetensiyalarını formalaşdıracaq, onların tədqiqatçılıq bacarığını inkişaf etdirəcək, elmi axtarışlara ruhlandıracaq: “Hazırda BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür. İstedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək təhsilin əsas hədəfləri kimi diqqət mərkəzində saxlanılır. Məktəblərdə fəaliyyət göstərən “Kiçik Akademiya”lar yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi və onların müasir tədqiqat metodlarına yiyələnməsi məqsədlərinə xidmət edir”.

 

“Rəqəmsal bacarıqlar”

 

Şagirdlərdə tədqiqatçılıq bacarığını formalaşdırmaq, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqla təfəkkürün inkişafına nail olmaq məqsədilə Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə artıq 75 ümumi təhsil məktəbi cəlb olunub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

 

Layihə çərçivəsində 12 ümumi təhsil məktəbində “Kod saatı” aksiyası keçirilib. Aksiyada ümumilikdə 1757 şagird iştirak edib.

 

Bakıda 60 şagird inklüziv təhsilə cəlb edilib

 

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. R.Tağıyevin sözlərinə görə, inklüziv təhsilin təmin edilməsi istiqamətində fəaliyyət 2019-cu ildən davamlı xarakter alıb: “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan sonra  ölkəmizdə bu istiqamətdə fəaliyyət intensivləşib. Bakı şəhərində də məhz Dövlət Proqramının tələblərindən irəli gələrək çoxsaylı işlər görülüb. Fəaliyyətimiz, təbii ki,  sadəcə sağlamlıq imkanları məhdud şəxsləri təhsilə cəlb etməklə yekunlaşmır və yekunlaşa da bilməz. Onların təhsil şəraitini yaxşılaşdırmaqla yanaşı, bu sahədə çalışacaq müəllimlərin üzərinə düşən vəzifələr də müəyyənləşdirilib. Hesab edirik ki, sağlamlıq imkanları məhdud şəxslərin təhsilində effektivlik təhsil şəraiti ilə yanaşı, təhsilverənlərin vəzifələrini bilməsi, həmin vəzifələrə sədaqətindən asılıdır”.

 

Ali məktəblərə qəbul

 

Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ali və orta ixtisas məktəblərinə qəbul göstəricilərində də müsbət dinamika müşahidə olunur. Belə ki, qəbul imtahanlarına müraciət edən 17505 abituriyentin 13012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olub. 500 və 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı qəbul olunanların 22 faizini təşkil edir.

 

2019-2020-ci tədris ilində imtahanlarda ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib. Onlardan 26-sı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunlarıdır.

 

Məktəblilərin sosial-emosional sağlamlığı

 

Təhsil Nazirliyi tərəfindən başlanmış #MənimləDanış sosial kampaniyası ilə bağlı maarifləndirici görüşlər keçirilir. BŞTİ tərəfindən direktor müavinləri, məktəb psixoloqları, uşaq birliyi təşkilatı rəhbərləri, müəllim və şagirdlərin iştirakı ilə məktəblərdə “Bullinq” mövzusunda seminarlar təşkil olunub.

 

Paytaxtın ümumi təhsil müəssisələrində Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində VI-VIII sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda seminarlar keçirilib.

 

Eləcə də Təlimə Dəstək Mərkəzi tərəfindən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndirici seminarlar keçirilib. Seminarlarda məktəblərin pedaqoji kollektivinə, Vll-Xl sinif şagirdlərinə və valideynlərə “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri”, “Valideyn-övlad münasibətləri”, “Valideyn-məktəb əməkdaşlığı” mövzularında məlumat verilib.

 

İşə qəbul üzrə 1442 vakansiya təqdim olunub

 

Üstəlik, sadəcə sağlamlıq imkanları məhdud şəxslərlə işləyəcək müəllimlər yox, ümumiyyətlə, təhsilverənlərin peşəkarlığı önəmlidir. Bakı şəhəri üzrə təhsil müəssisələrində də bu məsələ xüsusi əhəmiyyət daşıyır. Bunun da nəticəsidir ki, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqələrinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub: “2019-cu ildə 943 nəfər işə qəbul olunub.Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələrdən uğurla keçən həmin şəxslər Bakının müxtəlif məktəblərində daimi əsaslarla işə başlayıblar. Onlardan 414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində, 274 nəfər vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində daimi iş yeri qazanıblar. 255 nəfər isə, sadəcə iş yerini dəyişdirib”.

 

R.Tağıyevin sözlərinə görə, bu il müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 namizəd müddətli müqavilə ilə işə qəbul olunaraq Bakı məktəblərinə göndərilib. BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1245 işçidən 563 nəfəri ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

 

Bu il müəllim kimi işə başlayanlarla yanaşı, təhsil müəssisələrində ayrı-ayrı vəzifələrin icrasına cəlb edilənlər də kifayət qədər çoxdur. Belə ki, 2019-cu ildə təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 27 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 23 nəfər psixoloq, 24 nəfər kitabxanaçı, 9 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 152 nəfər laborant vəzifələrinə işə qəbul olunub. Ümumilikdə, 282 nəfərin işə qəbulu həyata keçirilib. Nəhayət, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib: “13 direktorun iş yeri dəyişdirilib.

 

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

 

Çalışmanın yaş həddinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib”.

 

36 qalib layihə

 

Bakı məktəbləri Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində də fərqlənib. Bu il paytaxt üzrə 36 layihə qalib olub. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 39, 58, 84, 129, 145, 147, 150, 155, 177, 212, 214, 216 və 232 nömrəli tam orta məktəblərə məxsus layihələr “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qaliblər sırasında yer alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

 

Beynəlxalq əməkdaşlıq genişləndirilir

 

Təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirmək məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.

 

2019-cu ildə İrlandiyanın Dublin şəhərinə təhsil səfəri təşkil edilib. Təhsil səfəri “Məktəb İnspeksiyalarında İnnovasiyaların Tətbiqi” mövzusuna həsr edilib.

 

Təhsil Nazirliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və BŞTİ-nin əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniya Krallığının Barselona şəhərinə işgüzar səfər edib. Səfər təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İspaniya Krallığının təcrübəsi ilə tanış olmaq və Azərbaycanda tətbiqi imkanlarını öyrənmək məqsədilə həyata keçirilib.

 

Ankara, İstanbul, İzmir Milli Təhsil idarələrinin və Moskva Şəhər Elm və Təhsil Departamentinin nümayəndə heyətləri ölkəmizə səfərlər edib. Səfərlər çərçivəsində BŞTİ-də geniş tərkibli görüşlər keçirilib. BŞTİ ilə İstanbul, Ankara və İzmir Milli Təhsil idarələri arasında Niyyət protokolu imzalanıb. Qonaqlar məktəblərdə olub, təhsil müəssisələri arasındakı əməkdaşlığın indiki vəziyyəti və genişləndirilməsi imkanları müzakirə edilib.

 

Bakıda təhsil şəraiti yaxşılaşdırılır

 

Təhsildə keyfiyyət həm də şəraitdən asılıdır. Odur ki, təhsilin keyfiyyəti ilə yanaşı, təhsil müəssisələrinin durumu da daim diqqət mərkəzində saxlanılır: “2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib. Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

 

2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb. Hazırda 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir”.

 

R.Tağıyev, bütövlükdə 2019-cu tədris ilini Bakı məktəbləri üçün uğurlu hesab edir: “Çağdaş dünyanın təhsil trendləri islahat və yeniliklərin çevik tətbiqini tələb edir. Çünki müasir dövrün inkişaf meyilləri təhsilin yetişdirdiyi insanların bacarıqlarından asılıdır. Bu baxımdan, ölkə ümumi təhsilinin flaqmanı olan Bakı təhsilinin fəaliyyət istiqamətləri məktəbyaşlı uşaqları dünyanın rəqabət mühitinə hazırlamağa, təhsildə keyfiyyətin artırılması istiqamətində irəliləyişə nail olmağa imkan verir. Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar əminlik yaradır ki, müasir Azərbaycan təhsili özünün zəngin və mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Yaradılan şərait və dövlət qayğısı təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir. 2020-ci il də ümumilikdə ölkəmiz, eləcə də təhsilimiz üçün uğurların davamı ili olacaq. Əminik ki, 2019-cu ildə həyata keçirdiyimiz tədbirlər, islahatlar və tətbiq edilən yeniliklər 2020-ci ildə qazanacağımız nailiyyətlərin əsası olacaq”.

 

Ruhiyyə DAŞSALAHLI