SOCAR Türkiyə onlayn yay təcrübə proqramı təşkil edəcək | |
Bakı Ali Neft Məktəbi (BANM) ilə SOCAR Türkiyə arasında onlayn görüş keçirilib.
Görüşdə BANM-in rektoru Elmar Qasımov, SOCAR Türkiyənin İnsan Resursları üzrə qrup direktoru Levent Kocagül və İstedad qəbulu üzrə qrup meneceri Nazlı Ünsal, eləcə də BANM-in məzunları- “STAR” Neft Emalı Zavodunun Proses mühəndisi Amail Məmmədova və istehsal mühəndisi Sənan Həsənzadə, “Petkim” Petrokimya Holdinqdə istehsal mühəndisi kimi çalışan Kənan Sadıqov iştirak ediblər.
BANM-in rektoru E.Qasımov bildirib ki, SOCAR Türkiyə ilə səmərəli əməkdaşlıq sayəsində indiyədək təhsil ocağının onlarla tələbə-məzunu təcrübə proqramlarına və müxtəlif vəzifələrdə işə cəlb olunub. O, həmçinin qeyd edib ki, təcrübə müddətində tələbələr texniki proseslərlə yaxından tanış olmaqla yanaşı, təhsil müddətində əldə etdikləri nəzəri bilikləri praktik baxımdan da təkmilləşdirmək imkanı qazanırlar.
Şirkət nümayəndələri söyləyiblər ki, təcrübə proqramı ilə bağlı seçimlərdə əsas meyar olaraq tələbələrin akademik göstəriciləri, müsahibələrdə onların peşələrinə yanaşma və özünüifadə tərzi, həmçinin emosional intellektləri nəzərə alınır ki, BANM tələbələri bu meyarlara cavab verirlər.
BANM məzunları- Amail Məmmədova, Sənan Həsənzadə və Kənan Sadıqov da öz növbəsində SOCAR Türkiyə Qrupa daxil olan şirkətlərdə çalışmaqdan məmnunluqlarını bildirib və təhsil aldıqları müddətdə qazandıqları bilik və bacarıqların iş prosesində onlara kömək olduğunu qeyd ediblər.
Sonda SOCAR Türkiyə ilə BANM arasında onlayn yay təcrübə proqramının təşkili qərara alınıb.
|
|
24.05.2021 | 14:23 | |
|
|
|