Bakı Ali Neft Məktəbi (BANM) ilə SOCAR Türkiyə arasında onlayn görüş keçirilib.

 

Görüşdə BANM-in rektoru Elmar Qasımov, SOCAR Türkiyənin İnsan Resursları üzrə qrup direktoru Levent Kocagül  və İstedad qəbulu üzrə qrup meneceri Nazlı Ünsal, eləcə də BANM-in məzunları- “STAR” Neft Emalı Zavodunun Proses mühəndisi Amail Məmmədova və istehsal mühəndisi Sənan Həsənzadə, “Petkim” Petrokimya Holdinqdə  istehsal mühəndisi kimi çalışan Kənan Sadıqov iştirak ediblər.

 

BANM-in rektoru E.Qasımov bildirib ki, SOCAR Türkiyə ilə səmərəli əməkdaşlıq sayəsində indiyədək təhsil ocağının onlarla tələbə-məzunu təcrübə proqramlarına və müxtəlif vəzifələrdə işə cəlb olunub. O, həmçinin qeyd edib ki, təcrübə müddətində tələbələr texniki proseslərlə yaxından tanış olmaqla yanaşı, təhsil müddətində əldə etdikləri nəzəri bilikləri praktik baxımdan da təkmilləşdirmək imkanı qazanırlar.

 

Şirkət nümayəndələri söyləyiblər ki, təcrübə proqramı ilə bağlı seçimlərdə əsas meyar olaraq tələbələrin akademik göstəriciləri, müsahibələrdə onların peşələrinə yanaşma və özünüifadə tərzi, həmçinin emosional intellektləri nəzərə alınır ki, BANM tələbələri bu meyarlara cavab verirlər.

 

BANM məzunları- Amail Məmmədova, Sənan Həsənzadə və Kənan Sadıqov da öz növbəsində  SOCAR Türkiyə Qrupa daxil olan şirkətlərdə çalışmaqdan məmnunluqlarını bildirib və təhsil aldıqları müddətdə qazandıqları  bilik və bacarıqların iş prosesində onlara kömək olduğunu qeyd ediblər.

 

Sonda  SOCAR Türkiyə ilə BANM arasında onlayn yay təcrübə proqramının təşkili qərara alınıb.