İdman təmayüllü məktəbin məzunu Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizə qızıl medal qazandırdı
Azərbaycan cüdoçusu, Bakı şəhəri 277 nömrəli idman təmayüllü tam orta məktəbin məzunu Hidayət Heydərov Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn cüdoçumuz Olimpiya çempionu adını qazanıb və Paris-2024-də millimizin aktivinə ilk medalı yazdırıb.
 
Bununla da Hidayət Heydərov bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.
 
Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, 1/4 finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya qalib gəlib.
 
Uşaq yaşlarından idmana böyük həvəsi olan Hidayət 6 yaşından Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində cüdo ilə məşğul olub.
 
Qeyd edək ki, idmançımız 12 il əvvəl "Azərbaycan müəllimi" qəzetinə arzu və hədəfləri barədə danışıb. Həmin yazı ilə buradan tanış ola bilərsiniz. 

 



30.07.2024 | 10:00