Azərbaycan cüdoçusu, Bakı şəhəri 277 nömrəli idman təmayüllü tam orta məktəbin məzunu Hidayət Heydərov Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, ​Hidayət 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn cüdoçumuz Olimpiya çempionu adını qazanıb və Paris-2024-də millimizin aktivinə ilk medalı yazdırıb.
 
Bununla da Hidayət Heydərov bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.
 
Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, 1/4 finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya qalib gəlib.
 
Qeyd edək ki, idmançımız 12 il əvvəl "Azərbaycan müəllimi" qəzetinə arzu və hədəfləri barədə danışıb. Həmin yazı ilə buradan tanış ola bilərsiniz.