Bu gün Azərbaycan gəncliyinin harada təhsil almasından asılı olmayaraq xoş sədalarını eşitməkdəyik. Qürurverici haldır ki, onlar yüksək təhsilləri, liderlik bacarıqları ilə digər ölkələrin gənclərindən bir addım qabaqda olmağı bacarırlar. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Oksford Universitetində "Siyasət elmləri" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Nuranə Məmmədova da adından söz etdirən uğurlu gənclərimizdən biridir. Belə ki, onun adı “Qlobal Tələbə Mükafatı”nın (Global Student Prize) TOP 50 finalçısı siyahısında yer alıb. 
 
 
“Azərbaycan müəllimi” ötən həftə bu uğurlu xəbərlə təhsil gündəmində olan Nuranə Məmmədova ilə müsahibəni təqdim edir.
 
Həm orta, həm də ali təhsil illərində hər zaman qiymətləri yüksək olub
 
- Nuranə, sizi bir qədər yaxından tanımaq istərdik.
 
- 1991-ci ildə Şəmkir şəhərində anadan olmuşam. Orta təhsilimi Ukraynada, sonradan isə  Azərbaycanda almışam. Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbi 2010-cu ildə fərqlənmə attestatı ilə bitirmişəm. Həmin il respublikada ilk dəfə keçirilən 8 fənn üzrə mərkəzləşdirilmiş buraxılış imtahanlarında bütün fənlərdən maksimal bal toplayaraq Şəmkir şəhərində ən yüksək nəticə göstərən yeganə məzun olmuşam. Eyni zamanda ali məktəblərə qəbul imtahanlarında da elə həmin oxuduğum məktəbdən ən yüksək bal toplayan abituriyent sayılmışam. Orta təhsil illərimdə mütamadi olaraq riyaziyyat və biologiya fənlərindən keçirilən olimpiadalarda məktəbimi təmsil etmişəm, həmçinin "Qızıl əllər" müsabiqəsinin qalibi olmuşam. Məktəbin ictimai həyatında da hər zaman fəallığım ilə seçilirdim və təhsil müəssisəmizin divar qəzetinin təsisçilərindən biri idim.
 
2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” ixtisasına qəbul oldum. İkinci kursdan etibarən isə Azərbaycan Dövlət Aqrar Universitetinə transfer olunaraq “Xüsusi istedadlar” qrupunda “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavriatura təhsilimi davam etdirdim. Ali təhsilimin bakalavr pilləsini qırmızı diplomla başa vurdum.  
  
Dövlət Proqramı iştirakçısı olmağım mənə geniş imkanlar açıb
 
- Dövlət Proqramı çərçivəsində Oksford Universitetində magistratura təhsili alırsınız. Necə oldu ki, bu proqrama müraciət etdiniz? 
 
- Bilirsiniz, ilk olaraq, onu xüsusi vurğulayım ki, Dövlət Proqramı iştirakçısı olmağım mənə geniş imkanlar açdı. Oksford Universitetinə qəbul aldıqdan sonra təqaüd axtarmağa başladım, hətta bir neçə il təhsilimi təxirə salmalı oldum. 2023-cu ildə Dövlət Proqramının prioritet ixtisaslar siyahısında olmayan, lakin top universitetlərə qəbul olan tələbələrə də dəstək göstərməsi mənim bu təqaüdü qazanmağıma və təhsilimi davam etdirməyimə şərait yaratdı. 
 
 
Dövlət Proqramı xaricdə təhsil almaq istəyən gənclər üçün əvəzolunmaz bir imkandır. Azərbaycan Respublikasında bu proqramın mövcudluğu gənclərimizin xaricdə yüksək təhsil almaları, onların peşəkar kadrlar kimi inkişafı üçün əlverişli şərait yaradır. Dövlət Proqramı minlərlə Azərbaycanlı gəncin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq xəyalını gerçəkləşdirir. Mən də həmin şanslı tələbələrdən sayılıram və bizlərə belə bir gözəl təhsil imkanları yaradıldığı üçün dövlətimizə minnətdaram. Hər bir tələbəmiz xaricdə ölkəmizin təmsilçisi kimi fəaliyyət göstərir və zəngin mədəniyyətimizi tanıdırlar. Bu imkan tələbələrimizin Azərbaycanı dünyada akademik təhsil, həmçinin digər sahələrdə layiqincə təmsil etməyə də yardımçı olur. 
 
- Siz, eyni zamanda magistratura təhsilinizi Fransa, Almaniya və Türkiyədə fərqlənmə ilə bitirmisiniz. 3 fərqli ölkə və təhsil mühiti. Hansı ölkənin təhsili sizin üçün daha yüksək və maraqlı idi? 
 
- Oksford Universitetində təhsilimi davam etdirməmişdən əvvəl qeyd etdiyiniz kimi Fransa, Almaniya və Türkiyədə magistratura təhsili almışam. Bakalavr təhsilindən sonra yeni bir sahədə özümü sınamaq istəyirdim. Beynəlxalq münasibətlər və diplomatiyanın mənim akademik, peşəkar məqsədlərimə daha uyğun olduğunu anladım. 2015-2016-cı illərdə Fransanın Nitsa şəhərində yerləşən beynəlxalq magistratura təhsili və tədqiqat institutu olan Avropa İnstitutunda (“European Institute of High International Studies”), Türkiyənin İstanbul Bilgi və Almaniyanın “Institut für Europäische Politik” universitetlərində ikili magistr dərəcəmi "Qabaqcıl Avropa və beynəlxalq münasibətlər" və "Policy Officer for İnternational Organisations" ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirmişəm.
Bundan əlavə, Oslo və San Dieqo universitetlərində yay və qış məktəblərində də əlavə akademik təhsil proqramlarını tamamlamışam. Daha sonra isə Birləşmiş Krallıqda təhsilimi davam etdirmişəm.Təhsil aldığım bütün ölkələri müqayisə etdikdə ortaq və fərqli xüsusiyyətlərinin çox olduğunu görürəm, lakin bunlar arasında seçim etmək çətindir. Çünki hər bir ölkədə yeni və fərqli biliklər əldə etmişəm və bu səbəbdən hər birinin mənim akademik karyeramda böyük rolu var. Gənclərimizə də mümkün qədər zəngin akademik təcrübə qazanmaqlarını tövsiyə edirəm.  
 
“Son 55 il ərzində bu ixtisasda təhsil alan ilk Azərbaycanlıyam”
 
- Hazırda Oksford Universitetində diplomatiya üzrə magistr təhsilinizi yekunlaşdırmaq üzrəsiniz. Niyə məhz diplomatiya sahəsini seçmisiniz?
 
- Oksford Universitetində diplomatiya üzrə magistr proqramı dünyanın ən qədim diplomatiya sahəsində olan akademik proqramlarından biridir. Bu proqram, əsasən, müxtəlif ölkələrdən olan diplomatlar üçün nəzərdə tutulsa da, istisna hallarda diplomat olmayan namizədlər də qəbul edilirlər. Mən həmin istisnalar sırasındayam və müəllimlərimin bildirdiyinə görə, son 55 il ərzində bu ixtisasda təhsil alan ilk Azərbaycanlıyam. Bu ixtisası seçməkdə əsas məqsədim beynəlxalq aləmdə ölkəmizi diplomat qismində təmsil etmək istəyim olub. 
 
- Oksford Universitetində təhsil almaq sizə hansı imkanları yaratdı? 
 
- Oksford Universitetində təhsil aldığım müddətdə anladım ki, Qarabağ konfliktinin həqiqətləri haqqında universitetin məlumatı kifayət qədər deyil. Ona görə də dərslər zamanı, eləcə də dərsdənkənar vaxtlarda ətrafımda olan müəllim və tələbə heyətini bununla bağlı maarifləndirməyə çalışırdım. Universitetdə təhsilə başladıqdan sonra Oksfordun Sülh Şəbəkəsi (OxPeace Network) idarə heyətinin üzvü oldum. Universitet nəzdində keçirilən konfranslarda spiker olaraq çıxış edərək ali təhsil müəssisəsinin ümumi tədqiqat siyasətinə müəyyən dəyişikliklər gətirməyə nail oldum. Hazırda Oksford Universitetində doktorant kimi akademik təhsilimi davam etdirməyə dəvət almışam və burada da bu ixtisas üzrə doktorantura təhsili alacaq ilk Azərbaycanlı olacağam. 
 
- 2019-cu ildə ABŞ-nin Denver Universitetinin versiyasına görə, dünyanın 13 qadın liderinin siyahısında yer almısınız. Bu haqda bir qədər məlumat verməyinizi xahiş edirik.
 
- Qeyd olunduğu kimi, 2019-cu ildə Denver Universiteti və Amerika Birləşmiş Ştatlarının Sülh İnstitutunun qiymətləndirməsinə əsasən, dünyanın ən təsirli 13 qadın lideri siyahısına daxil edilmişəm. 600-dən çox namizəd arasından seçilərək Şərqi Avropadan siyahıya salınan ilk şəxs olmuşam. Burada yer alan şəxlərin yaş aralığnın 27-70 yaş olduğunu nəzərə alsaq mən həmin siyahıda ən gənc iki liderdən biri sayılırdım. Bu platformada bir çox ölkənin görkəmli şəxsləri ilə tanış olmaq və eyni zamanda ABŞ-nin  Dövlət Departamentinin nümayəndələri ilə görüşmək imkanı əldə etdim. Dünyanın ən təsirli qadınları ilə bir arada olmaq və onlarla təcrübə mübadiləsi etmək, həmçinin qlobal problemlərə dair müzakirələr aparmaq mənim üçün çox dəyərli və faydalı oldu.
 
- Nuranə, əldə etdiyiniz  son uğurlarınızdan biri - “Qlobal Tələbə Mükafatı”nın (Global Student Prize) TOP 50 finalçısı siyahısında yer almağınız oldu. Bu mükafatın mahiyyəti nədir və kimlərə verilir? 
 
- Chegg.org və Varkey Fondu tərəfindən təşkil edilən “Qlobal Tələbə Mükafatı” (Global Student Prize) dünyanın ən nüfuzlu və rəqabətli tələbə mükafatlarından biridir. Bu mükafatı almaq üçün 176 ölkədən 11 mindən çox namizəd müraciət edib.Yekun siyahıda cəmi 30 ölkənin təmsilçiləri yer alıb və yalnız 50 nəfər finalçı seçilib. Seçim meyarları, əsasən, akademik nailiyyətlər, cəmiyyətə təsir, innovativ yanaşmalar və qlobal vətəndaşlıq fəaliyyəti ilə bağlıdır. Seçim prosesi iki mərhələdə həyata keçirilib. İlk mərhələdə namizədlər müəyyən meyarlara uyğun suallara cavablandırmaqla yanaşı, akademik göstəricilərini təqdim ediblər. İkinci mərhələdə isə seçilən namizədlərlə müsahibə aparılıb və TOP 50 finalçı müəyyən edilib və onların  arasından bir nəfər 100.000 ABŞ dolları qazanacaq. 
 
“Qlobal Tələbə Mükafatı”nın əvvəlki qaliblərinin mükafatlarını ABŞ-nin sabiq Prezidenti Bill Klinton, Papa Fransisk və digər nüfuzlu şəxslər təqdim ediblər.
 
Fikrimcə, əsas uğur elə təşkilatçıların da qeyd etdiyi kimi TOP 50 finalçı  siyahısında yer almaqdır. Onu da qeyd edim ki, mən Oksford Universitetindən bu mükafata layiq görülən yeganə tələbəyəm.
 
“Əsasən beynəlxalq əməkdaşlıq və gənclərlə iş sahəsində fəaliyyət göstərirəm”
 
- Bilirik ki, təhsil almaqla yanaşı, həm də iş həyatında uğurlu karyeranız ilə fərqlənirsiniz.
 
 
- Peşəkar karyeramı, əsasən, beynəlxalq əməkdaşlığa və gənclərlə iş sahəsində fəaliyyət göstərməyə həsr etmişəm. Bu günə qədər dünyanın 40-dan çox ölkəsində 12000-ə yaxın şəxsə layihənin idarəedilməsi, qeyri-formal təhsil, gənclərlə iş və s. kimi mövzularda təlim keçərək yüzlərlə sosial layihələrin ərsəyə gəlməsinə dəstək vermişəm. Bir neçə beynəlxalq təşkilatın idarə heyətində üzv kimi fəaliyyət göstərmişəm. Bunlara Almaniyanın Xarici İşlər Nazirliyinin nəzdində olan Şərqi Avropa ölkələrinin vətəndaş Təhsili Şəbəkəsi, Beynəlxalq Mitost Assosiasiyası və Bosch məzunlarının Dünya Şəbəkəsi daxildir. Bundan əlavə, Almaniyanın Xarici İşlər Nazirliyinin nəzdindəki Dünya Diplomatlar Birliyi, Diplomatlar Təlim Tədris Akademiyası və digər təşkilatların üzvü və təlimçisi olmuşam. Avropa Komissiyası və Avropa Şurasının təlimçi şəbəkələri də daxil olmaqla bir çox beynəlxalq təlimçi şəbəkəsinin üzvüyəm. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi fəaliyyətlərdə təlimçi qismində iştirak etmiş və Gənclər Evləri üçün gənclərlə iş üzrə təlimat hazırlamışam. Dünya Bankı, Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin karyera məsləhətçiləri üçün həyata keçirilən təlimlərdə baş təlimçi kimi fəaliyyət göstərmişəm. Hazırda təhsil almağımla yanaşı, “Ernst & Young” üçün “EU4Youth” Mezun Şəbəkəsinin nəzdində ölkə üzrə mentor kimi çalışıram.
 
- Gələcək hədəfləriniz…
 
- Gələcək hədəflərimdən biri diplomatik korpusda çalışmaq və ölkəmin maraqlarını BMT kimi beynəlxalq qurumlarda qorumaqdır və beynəlxalq siyasətini dəstəkləməkdir. Uzunmüddətli hədəfim isə ölkəmi səfir qismində təmsil etməkdir. 

 
Samirə KƏRİMOVA