Dünyanın aparıcı universitetləri ilə bakalavr və magistr dərəcələri üzrə ikili diplom, mübadilə, həmçinin beynəlxalq proqramlar reallaşdıran universitetlərimizdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetidir.
 

ADPU-CVU ikili diplom proqramının yaradılması Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universitetinin (CVU) Ali Təhsil və İnsan İnkişafı Məktəbi arasında 25 iyun 2019-cu il tarixində imzalanmış Bəyannaməyə əsaslanır. Proqramın tələbələri yekunda CVU-nun “Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik” və ADPU nun “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmaları üzrə magistr dərəcəsinə sahib olurlar. Bu ikili diplom proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Proqramı İdarəetmə Qrupunun dəstəyi ilə həyata keçirilir. Hər il bu proqram üzrə onlarla tələbə həmin proqrama qatılır və müvəffəqiyyət qazanır.
 

Bu yaxınlarda III  məzun buraxılışı keçirilən bu proqramın məzunlarından biri olan Nəzrin Hüseynli ilə görüşüb  beynəlxalq proqramın öhdəsindən necə gəldiyi barədə təəssüratlarını “Azərbaycan müəllimi”nin oxucuları ilə bölüşməsini xahiş etdik.
 

- Nəzrin, öncə səni ADPU-da ABŞ-nin Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramını bitirdiyin üçün təbrik edirəm. Sən indi məzunsan, özünü necə hiss edirsən? Xoşbəxtsənmi?

 

Özümü çox yaxşı hiss edirəm. Gözəl əhvali-ruhiyyə isə elə xoşbəxtliyin özüdür. Orta məktəb illərindən ən ümdə arzularımdan biri ABŞ-də ali təhsil almaq idi. IV kursda oxuyanda həm Macarıstanın Hökumətlərarası Təqaüd Proqramına, həm də ADPU-CVU magistr proqramına müraciət etdim. Hər ikisindən təqaüd imkanı qazansam da, seçimim ikili diplom proqramı oldu. Düşünürəm ki, aldığım təhsil Macarıstandan heç də geri qalmır, əksinə, bəzi məqamlarda düşünürəm ki, hətta daha üstündür.
 

İki il ərzində bu intensiv proqramda biliklərimi zənginləşdirdim. İkili diplom proqramının əhəmiyyəti barədə onu deyə bilərəm ki, hər şeydən öncə mən məhz bu proqram sayəsində araşdırma bacarıqlarına yiyələndim. XXI əsr insanı üçün bu olduqca əhəmiyyətlidir və ən önəmli tələblərdən biridir. Səhər müəllim, axşam tələbə olmaq asan olmasa da, Dövlət Proqramı məzunu olduğuma, qeyri-adi hisslər yaşadığıma görə fəlsəfəsi, bəlkə də, açılmayan bir xoşbəxtliyə qovuşduğumu hiss edirəm. Birmənalı olaraq düşünürəm ki, təkcə ADPU deyil, həmçinin digər Azərbaycan universitetlərinin də xarici ölkələrin tanınmış universitetləri ilə əməkdaşlığını olduqca təqdirəlayiq hal sayıram.
 

Bir az əvvəlki illərə qayıdaq, yəni orta məktəb illərini vərəqləyək. Şagird Nəzrinin uğurları çoxmu olurdu? Tələbəlik illərində bəs, yaddaşına silinməyən xatirələr hopubmu?

 

2018-ci ildə Bakı şəhəri 309 nömrəli tam orta məktəbi bitirmişəm. Elə həmin il 621 bal toplayaraq Azərbaycan Dillər Universiteti (ADU) "İngilis dili müəllimliyi" ixtisasına, 2019-cu ildə isə həmin ixtisas üzrə SABAH qruplarına qəbul olmuşam. Tələbə olduğum müddətdə intellektual oyunlarda, esse yazı yarışmalarında və musiqi tədbirlərində iştirak etmişəm. Təəssüf ki, həmin illərin yarısı pandemiya dövrünə təsadüf etdi. Şansların məhdudluğuna baxmayaraq, onlayn formatda icmaların sosial inkişafı, küçə heyvanlarının qorunması və gənclərin şəxsi inkişafı ilə bağlı müxtəlif beynəlxalq layihələrdə iştirak etmişəm.
 

Universitet dövründə müəllimlərimdən aldığım ən yaxşı məsləhətlərdən biri müəllimim Mahirə Hacıyevanın bizi bədii ədəbiyyatı ingiliscə oxumaq bacarığına yiyələndirməsi olub. Hər sözü anlamağa çalışdığımdan ingiliscə oxumaqdan qaçırdım. Mahirə müəllimin tövsiyələrindən sonra əsərləri orijinaldan ingiliscə oxumağa başladım və mütaliədən daha çox zövq almağa başladım. Həqiqətən də, əsərlərin orijinal dilindəki ifadə tərzinə tərcümə az-çox təsir edir.
 

SABAH qrupu məni dəyərli pedaqoji heyətlə və öz üzərində daima çalışan tələbə yoldaşlarımla qarşılaşdırdı. SABAH tələbəsi olaraq tələbə yoldaşlarımla BDU və ADPU-nun SABAH qrupları tələbələrinə könüllü IELTS təlimləri keçmiş və fərqli seminarlarda iştirak etmişik.
 

Universitetdə təhsil aldığım müddətdə və məzun olduqdan sonra ixtisasım üzrə IELTS, TESOL, TKT kimi beynəlxalq ingilis dili sertifikatları əldə etmişəm. Həmçinin ADPU-nu 2022-ci ildə fərqlənmə diplomu və fəxri fərmanla bitirmişəm.
 

Bütün bunlar hamısı nəinki yaddaşımda, bütövlükdə həyatımda qırmızı xətlə keçib.
 

- Gələcəkdə təhsilini davam etdirmək barədə düşünürsənmi? Gələcək üçün karyera planlarını açıqlamaq istərdinmi? Rəfiqələrin barədə də fikrini bilmək oxucularımız üçün maraqlı olar.

 

 

2023-cü ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanından uğurla keçərək, Bakı şəhər 90 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyətə başladım. Artıq bir il tamamlandı. Şagirdlərimin öyrənmə sevgisi məni ilhamlandırır, daha yaxşı versiyama çevrilməyimə təkan verir.
 

Gənc bir müəllim kimi, şagirdlərimlə daha çox dost münasibətindəyəm. Düşünürəm ki, səmimi və mehriban mühitdə öyrənmək onlara daha rahatdır. Əsas hədəfim onların fənni öyrənməsi deyil, sevgi ilə öyrənməsidir. Çünki sevgi ilə öyrənəndə şagird məktəbdən kənarda da araşdırmağa, üzərində işləməyə meyilli olur. Dərslərimdə incəsənət və texnologiyaya tez-tez müraciət edirəm, çünki bu vasitələrlə dərslər daha əyləncəli və yaddaqalan olur. Sosial şəbəkədə minlərlə maraqlı kontentlə rastlaşan şagirdlərin monoton dərslərə maraq göstərməməsi təbiidir. Ona görə də, fikrimcə, müasir müəllim şagirdlərlə ayaqlaşmalıdır.

Məktəb müəllimi olmaq yüzlərlə şagirdin ümidi, ilham mənbəyi olmaqdır. Şagirdlərin hər birinin özünəməxsus daxili aləmi, arzuları var və biz müəllimlər onları özlərini ifadə etməyə ilhamlandırmalıyıq. Bu şərəfli müəllimlik yolunda irəlilədiyim üçün xoşbəxtəm. Çox istəyirəm ki, sosial-iqtisadi durumundan, hansı regionda yaşadığından, necə bir ailədən gəldiyindən asılı olmayaraq, bütün şagirdlərimiz yüksək keyfiyyətli təhsil ala bilsin.
 

Gələcək üçün planlar çoxdur. Hazırda əsas məqsədim aldığım təhsilin haqqını vermək, şagirdlərimi yüksək səviyyədə təhsillə təmin etməkdir. Sahəm üzrə püxtələşdikdən sonra xaricdə doktorantura pilləsində təhsilimi davam etməyi planlaşdırıram.

Hər kəs kimi, mənim də rəfiqələrim var. Ən yaxın rəfiqəm Mahirədir, 6-cı sinifdən birlikdəyik. O, bu il Azərbaycan Tibb Universitetinin məzunu olub. Onun Azərbaycanın ən parlaq həkimlərindən biri olacağına əminəm və həyatımda olduğu üçün qürurluyam. Əsas məqsədim sahəm üzrə daha da peşəkarlaşdıqdan sonra xaricdə doktorantura pilləsində təhsilimi davam etdirməkdir.
 

- Şübhəsiz, həyat təkcə təhsildən ibarət olmamalıdır.  Musiqini də çox sevirsən və mükəmməl ifaçılıq qabiliyyətin var. Daha çox hansı bəstəkarın əsərlərinə müraciət edirsən? Niyə musiqi müəllimi olmadın?

 

Təbii ki, həyatım təkcə təhsildən ibarət deyil, fərqli hobbilərim də var. 2010-2015-ci illərdə Bakı şəhəri 4 nömrəli uşaq musiqi məktəbinin skripka sinfini bitirmişəm. 2009-cu ildə keçirilən Avroviziya musiqi yarışmasında Aleksandr Rıbakın ifasından hədsiz ilhamlandım. Həmin ərəfədə skripka sinfinə qəbula düşmək istəyən çox şagird var idi və onlardan biri də mən oldum. Sevimli müəllimim Tamilla Kazımovanın sayəsində skripka alətində ifa etməyi öyrəndim. Musiqi dünyasını mənə açdığı üçün ona bir ömür borcluyam. Bu məktəbdə oxuduğum vaxtlarda dünya bəstəkarlarından İ.S.Bax, O.Ridinq, V.A.Motsartın, öz bəstəkarlarımızdan isə S.Rüstəmov və T.Quliyevin yaradıcılığına müraciət etmişəm. Musiqi məktəbini bitirdikdən sonra piano, klassik və elektro gitarada da ifa etməyi öyrəndim.

Demək olar ki, bütün janrlarda musiqilər dinləyirəm və işlərimi musiqi ilə görürəm. Vaqif Mustafazadənin və Emin Sabitoğlunun bəstələri mənim üçün əvəzolunmazdır. “Yuxu” qrupunun, Rasim Müzəffərlinin və Eyyub Yaqubovun ifalarını sevirəm. Xarici klassik rok musiqisini, o cümlədən “Queen”, “The Beatles” kimi qrupları, Elvis Presley, Don McLean kimi sənətçiləri dinləyirəm.

 

Musiqidən əlavə, ədəbiyyatı da çox sevirəm. Bəzən həvəskar esselər yazsam da, mütaliə etməyə üstünlük verirəm, çünki fikrimcə, deyiləcək və yazılacaq hər şeyi artıq yaradıblar. Yazıçılardan Anton Çexov, Oskar Uayld və Səbahəddin Əli mənim üçün zirvədə dayanır. Şeirləri isə azərbaycanca oxuyuram. Ən sevdiyim şairlər Ramiz Rövşən, Nazim Hikmət və Vaqif Səmədoğludur. Məktəb illərimdən Xalq şairi Vaqif Səmədoğlu yaradıcılığındakı azadlıq, tənhalıq və melanxoliyanı sevirəm. Ümumiyyətlə, istər Azərbaycan, istərsə də, digər ölkələrdən olan 60-cılar nəslinin azad ruhuna heyranam və özümü onların yaradıcılığında tapıram.

 

Doğrusu, ixtisas seçimi zamanı ingilis dili müəllimliyi və ifaçılıq arasında qalmışdım. Düşündüm ki, musiqi hər zaman həyatımın bir hissəsi olaraq qala bilər. Ona görə də, müəllimlik peşəsini seçdim. Seçimimdən məmnunam, çünki müəllimlik musiqi sevgimə mane olmur, əksinə onunla paralel gedir. İngilis dilimi mahnılarla inkişaf etdirmiş biri olaraq, dərslərimdə musiqiyə geniş yer verirəm. İfalarımı YouTube kanalımda (Nazrin Huseynli) paylaşıram.

 

Musiqidən əlavə, ədəbiyyatı da çox sevirəm. Bəzən həvəskar esselər yazsam da, mütaliə etməyə üstünlük verirəm, çünki, fikrimcə, deyiləcək və yazılacaq hər şeyi artıq yaradıblar.
 

Sifai SƏFƏROVA