Coğrafiya İnstitutu Bakı mıktəbləri ilə əlaqələrini genişləndirir

AMEA akadenik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  bir qrup əməkdaşı  Bakı şəhər akademik Zərifə Əliyeva adına liseydə olub.

 

Direktor  Mehriban Vəliyeva  qonaqları liseylə tanış edib, onun  yaranma səbəbləri,  missiyası, vəzifələri,  uğurları haqqında məlumat verib. Məktəbdə Kiçik Akademiyanın fəaliyyət göstərdiyini qeyd edən direktor şagirdlərin akademiyanın əməkdaşlıq etdiyi müəssisələrini elmi laboratoriyalarından, yeni texnologiyalardan istifadə etdiklərini diqqətə çatdırib.

 

İnstitutun  elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov öz növbəsində Coğrafiya İnstitutunun fəaliyyəti, tədqiqat sahələri, əldə etdiyi nailiyyətlər  haqqında danışıb. Qeyd edib ki, institutda elmlə təhsilin vəhdətinə həmişə geniş yer ayrılıb. İnstitut əməkdaşları vaxtaşırı Bakının müxtəlif  orta ümumtəhsil məktəblərində olur, şagird və müəllim kollektivi ilə görüşlər keçirir,  məktəbliləri instituta dəvət edir, onlar üçün praktik məşğələlər təşkil edirlər. Direktor müavini Coğrafiya İnstitutu alimlərinin nəşrlərini liseyə hədiyyə edib.

 

Təklif olunub ki, liseydə coğrafiya təmayüllü qrup təşkil edilsin və həmin qrupun şagirdləri  İnstitutun elmi tədqiqatlarına, eləcə də çöl işlərinə cəlb olunsunlar.

 

Tərəflər şagirdlər arasında elmi-təcrübi bilikləri artırmaq, onlarda coğrafiya elminə olan marağı gücləndirmək məqsədilə hər iki müəssisə arasındakı əməkdaşlığı inkişaf etdirməyi məqsədəuyğun sayıblar.



08.01.2019 | 15:59