İnstitutun bir qrup əməkdaşı akademik Zərifə Əliyeva adına liseydə olub
AMEA akadenik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Bakı şəhər akademik Zərifə Əliyeva adına liseydə olub.
Direktor Mehriban Vəliyeva qonaqları liseylə tanış edib, onun yaranma səbəbləri, missiyası, vəzifələri, uğurları haqqında məlumat verib. Məktəbdə Kiçik Akademiyanın fəaliyyət göstərdiyini qeyd edən direktor şagirdlərin akademiyanın əməkdaşlıq etdiyi müəssisələrini elmi laboratoriyalarından, yeni texnologiyalardan istifadə etdiklərini diqqətə çatdırib.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov öz növbəsində Coğrafiya İnstitutunun fəaliyyəti, tədqiqat sahələri, əldə etdiyi nailiyyətlər haqqında danışıb. Qeyd edib ki, institutda elmlə təhsilin vəhdətinə həmişə geniş yer ayrılıb. İnstitut əməkdaşları vaxtaşırı Bakının müxtəlif orta ümumtəhsil məktəblərində olur, şagird və müəllim kollektivi ilə görüşlər keçirir, məktəbliləri instituta dəvət edir, onlar üçün praktik məşğələlər təşkil edirlər. Direktor müavini Coğrafiya İnstitutu alimlərinin nəşrlərini liseyə hədiyyə edib.
Təklif olunub ki, liseydə coğrafiya təmayüllü qrup təşkil edilsin və həmin qrupun şagirdləri İnstitutun elmi tədqiqatlarına, eləcə də çöl işlərinə cəlb olunsunlar.
Tərəflər şagirdlər arasında elmi-təcrübi bilikləri artırmaq, onlarda coğrafiya elminə olan marağı gücləndirmək məqsədilə hər iki müəssisə arasındakı əməkdaşlığı inkişaf etdirməyi məqsədəuyğun sayıblar.