Fransada ali təhsil əcnəbilər üçün 10 dəfə bahalaşdı

Qeyri-Avropa ölkələrindən Fransaya ali təhsil almağa  gələn tələbələr  üçün təhsil haqlarının artırılması barədə hökumətin bəyanatı açıq səmada ildırım effekti yaradıb.  "euronews"un məlumatına əsasən,  növbəti  ildən artım 10 dəfədən artıq olacaq.  Bu qərar artıq Fransada təhsillərini davam etdirənlərə aid deyil.  Növbəti ildən qeyri-Avropa ölkələrindən bakalavriat pilləsində oxuyan tələbələr, demək olar ki, 170 avro əvəzinə 2800 avro, yəni 16 dəfə artıq təhsil haqqı ödəməli olacaqlar. Əvvəllər magistratura və ya aspirantura təhsili tələbəyə müvafiq olaraq 240 və 380 avroya başa gəlirdisə, indi ümumi  olacaq – 3770 avro. Lakin, bəzi universitetlər hökumətin bu qərarının əksinə getməyə qərar verib.  Təxminən 20 ali məktəb, onların arasında  Paris-Sakle, Lion-2,  Renn-2 və Ruan kimi universitetlər də var,  bildiriblər ki,  qeyri- Avropa ölkələrindən olan tələbələr üçün təhsil haqlarını qaldırmayacaqlar. Hökumət  təkid edir  ki, yeni qanun daha çox əcnəbi  tələbəni Fransada təhsilə cəlb edəcək. Bunun üçün hökumət yeni təqaüdlər ayırmağı  və bürokratik prosedurları sadələşdirməyi planlaşdırır.

 

 

Oruc MUSTAFAYEV

 

 



18.02.2019 | 17:24