Xocalı soyqırımına həsr olunmuş turnir

İdman məktəbində faciə qurbanlarının xatirəsi anılıb

 

Fevralın 25-də "Təhsil" Respublika İdman Mərkəzi 11 nömrəli Uşaq Gənclər İdman Məktəbində  Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının  anım mərasimi keçirilib. Tədbirdə idman məktəbinin  kollektivi ilə yanaşı valideynlər və idmançılar iştirak ediblər.

 

Dövlət himni ifa olunduqdan sonra tədbiri  açan idman məktəbinin direktoru Natiq Ələkbərov Xocalının işğal edilməsi ilə bağlı bəzi tarixi faktları xatırladıb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlıları Xankəndində yerləşən 366-cı alayın köməyi ilə Xocalıya hücum etdilər. Öz hökumətindən kömək görməyən silahsız Xocalı sakinləri vəhşicəsinə öldürüldü, şikəst edildi, əsir götürüldü.  Beləliklə, XX əsrin ən dəhşətli faciəsi baş verdi. O dövrdə hakimiyyətdə olanların xalqımızın başına gətirilən müsibətlərə  laqeyd münasibət  bəslədiyini təəssüf hissi ilə xatırladan Natiq Ələkbərov bildirib ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ölkəyə rəhbərlik etməyə başladıqdan sonra Xocalı faciəsinə siyasi qiymət verilməsinə nail oldu.

 

Tədbirdə çıxış edən idman məktəbinin təlimatçıları Leyla Mehralıyeva və Yetər Musabalıyeva  vurğulayıblar ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən kütləvi qırgın hadisəsi öz amansızlıgı və qəddarlıgına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilən cinayət hadisəsidir.

 

Idman məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Əlövsət Əliyev tədbir iştirakçılarına erməni vəhşiliyini pisləyib, onların Azərbaycan xalqının  düşməni oldugunu bir daha xatırladıb.

 

Tədbirin sonunda Xocalı soyqırımında həlak olanların xatirəsinə həsr olunmuş boks, şahmat və stolüstü tennis üzrə turnir keçirilib.

 

Rəşad ZİYADOV

 



28.02.2019 | 16:42