İdman məktəbində faciə qurbanlarının xatirəsi anılıb
Fevralın 25-də "Təhsil" Respublika İdman Mərkəzi 11 nömrəli Uşaq Gənclər İdman Məktəbində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Tədbirdə idman məktəbinin kollektivi ilə yanaşı valideynlər və idmançılar iştirak ediblər.
Dövlət himni ifa olunduqdan sonra tədbiri açan idman məktəbinin direktoru Natiq Ələkbərov Xocalının işğal edilməsi ilə bağlı bəzi tarixi faktları xatırladıb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlıları Xankəndində yerləşən 366-cı alayın köməyi ilə Xocalıya hücum etdilər. Öz hökumətindən kömək görməyən silahsız Xocalı sakinləri vəhşicəsinə öldürüldü, şikəst edildi, əsir götürüldü. Beləliklə, XX əsrin ən dəhşətli faciəsi baş verdi. O dövrdə hakimiyyətdə olanların xalqımızın başına gətirilən müsibətlərə laqeyd münasibət bəslədiyini təəssüf hissi ilə xatırladan Natiq Ələkbərov bildirib ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ölkəyə rəhbərlik etməyə başladıqdan sonra Xocalı faciəsinə siyasi qiymət verilməsinə nail oldu.
Tədbirdə çıxış edən idman məktəbinin təlimatçıları Leyla Mehralıyeva və Yetər Musabalıyeva vurğulayıblar ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən kütləvi qırgın hadisəsi öz amansızlıgı və qəddarlıgına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilən cinayət hadisəsidir.
Idman məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Əlövsət Əliyev tədbir iştirakçılarına erməni vəhşiliyini pisləyib, onların Azərbaycan xalqının düşməni oldugunu bir daha xatırladıb.
Tədbirin sonunda Xocalı soyqırımında həlak olanların xatirəsinə həsr olunmuş boks, şahmat və stolüstü tennis üzrə turnir keçirilib.
Rəşad ZİYADOV