Dekabrın 5-də Respublika İncəsənət
Gimnaziyasında əsl bayram əhval-ruhiyyəsi
vardı. Həmin gün gimnaziyanın yaranmasının 50
ili tamam olurdu. Bu münasibətlə təhsil
ocağının akt zalında böyük tədbir keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin şöbə müdüri Arif
Muradov, nazirliyin baş məsləhətçisi Məhərrəm
Səfərov, Misir Ərəb Respublikasının
Azərbaycandakı fövqəladə səfiri, doktor Sabor
Mənsur, Misir Mədəniyyət Mərkəzinin direktoru
Adel Dərviş, veteran müəllimlər, məzunlar və
digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan gimnaziyanın
direktoru Maya Şabanbəyova qonaqları,
məzunları və vetaran müəllimləri salamlayaraq
gimnaziya haqqında geniş məlumat verdi. Bildirdi
ki, təhsil ocağı ilk vaxtlar internat məktəbi
kimi fəaliyyət göstərib. Həmin illərdə
respublikanın rayonlarından istedadlı uşaqlar
doqquzuncu sinifdən bu məktəbə gələrək təhsil
ocağında tədrisi davam etdirirdilər. İndi
gimnaziya kimi fəaliiyət göstərən bu təhsil
ocağı cəmiyyətə istedadlı və savadlı gənclər
verir. Bu gün gimnaziyanın bəzi məzunları
dünyanın qabaqcıl universitetlərində
təhsillərini davam etdirirlər.
Sonra məktəbin fəaliyyəti haqqında film nümayiş
olundu. Təhsil müəssisəsinin məzunları və
şagirdləri bir-birindən maraqlı teatr
səhnəciklərilə, musiqi nömrələrilə qonaqlara
unudulmaz anlar yaşatdılar. Tədbirə gələnlər
gimnaziyanın 50 illik yubileyi münasibətilə
təhsil ocağının pedaqoji kollektivini təbrik
etdi, şagirdlərə və məzunlara təhsil aldıqları
gimnaziyanın adına layiq olmağı və həmişə onun
adını uca tutmağı arzu etdilər.
Tədbirin sonunda qonaqlara gimnaziyanın teatr
şöbəsinin müdiri Hicran Sadıqovanın bu təhsil
ocağının 50 illiyinə həsr etdiyi "Əsrə bərabər
ömür yolu" kitabı təqdim olundu. |