Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Fevral 2010 - ¹05

 
Dünya universitetləri:

London Kral Kolleci

 
  Yerləşir: Böyük Britaniya, İngiltərə,  London şəhəri    
Yaranma tarixi: 1829-cu il
Tipi: Dövlət
İllik gəlirləri: 485 milyon 622 min funt-sterlinq
İllik xərcləri: 484 milyon 883 min  funt-sterlinq
İanə (yardım) fondu: 11 milyon 783 min  funt-sterlinq
İşçi heyəti: 5700 nəfər
Tələbələrin sayı: 9700 nəfər
Rəsmi saytı: www.kcl.ac.uk.

London Kral Kolleci (KingTs College London) Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir. Kollec ölkənin tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, London Kral Kolleci 100 ən yaxşı ali məktəb arasında Böyük Britaniyada 6-cı, Avropada 7-ci, dünyada isə 23-cü yerdə sıralanıb. Bu kollec Avropada səhiyyə üzrə mütəxəssis hazırlayan bir nömrəli elm mərkəzidir. Kollecin tələbələri təhsil ocağının əlaqələr qurduğu dünya universitetlərində bir il təhsil almaq hüququna malikdirlər. Bu zaman həmin tələbəyə təhsil aldığı ölkənin təhsil sistemi, mədəniyyəti ilə tanış olmaq və ondan yararlanmaq imkanı yaradılır.  

Tarixi 

London Kral Kolleci 1829-cu ildə kral IV Georq və hersoq Vellinqton tərəfindən London Universitetinin nəzdində Anqlikan kilsəsinin ənənələrinə uyğun olaraq yaradılıb. Həmin dövrdə Oksford və Kembric universitetlərində yalnız varlı ingilislərin oğulları təhsil alırdı. Məhz bu zərurətdən yaradılan kollecin əsas məqsədi dünyəvi ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmək olur. Lakin bir çoxları kollecin yaradılmasına etiraz edir. Buna baxmayaraq, 21 iyun 1828-ci ildə Vellinqtonun birinci hersoqu Artur Uelsli Kral Kollecinin yaradılması üçün hazırlığa başlayır. Bu işdə onu anqlikan kollecləri və Roma Katolik Yardım Cəmiyyəti dəstəkləyir, lakin Vinçilsi qraflığının 10-cu qrafı Corc Finç Hatton buna qarşı çıxır. Nəticədə, 21 mart 1829-cu ildə Artur Uelsli ilə Corc Finç Hatton arasında duel baş verir, hər iki şəxs eyni vaxtda atəş açaraq yüngül yaralanır. Bu hadisədən sonra hər il 21 mart London Kral Kollecində "Günün dueli" adı altında müxtəlif tədbirlərlə qeyd olunur.

London Kral Kolleci London Universitetinin nəzdində yaradılan ən böyük kollecdir. Əsas məramı orta təbəqənin insanlarını maarifləndirməkdən ibarət olan  London Kral Kollecində 1831-ci ildə, ilkin olaraq, kimya, ingilis ədəbiyyatı və ticarət elmləri öyrədilir. Bu dövrdə istər London Universiteti, istərsə də Kral Kolleci tələbələrinə elmi dərəcələr vermir.

London Universitetinin Sədrlər Şurasının rəhbəri baron Henri Brum kollecin inkişafı üçün bir sıra təkliflər irəli sürür və nəticədə o, birbaşa olaraq London Kral Kollecinin kansleri seçilir. XIX əsrin ortalarında artıq kollecdə qızlar, aşağı təbəqənin nümayəndələri təhsil almağa başlayır, eyni zamanda burada axşam dərsləri keçirilir. Xüsusilə, həmin dövrdə kollecin əməkdaşları Rozalinda Franklin və Maurisi Uilkinsin tədqiqatları mühüm yer tutur. Bu tədqiqatlar sonradan kollecin alimləri Ceyms Uotson və Frensis Kriki DNK-nın strukturunun kəşfinə sövq edir. 

London Kral Kolleci ilk olaraq xüsusi kurs (Associateship) tətbiq edib. Kurs tələbə və əməkdaşlar üçün nəzərdə tutulur, etika, ilahiyyat elmlərini əhatə edir. Kollecə bir sıra təhsil müəssisələri, o cümlədən, Kraliça Yelizaveta, 1985-ci ildə çelsi Elm və Texnika kollecləri, Psixiatriya İnstitutu, Qay Tibb və Stomatologiya Məktəbi, Sent Tomas Xəstəxanası, Flyorens Naytingeyl Tibb Bacısı və Mamalıq Məktəbi birləşdirilib. 2003-cü ildə kollec  müstəqil dərəcə vermək hüququ qazanır.  

Büdcə xərcləri və təhsil haqqı 

2008-2009-cu tədris ilində  London Kral Kollecinin illik gəliri 485622000 funt-sterlinq təşkil edib.  Bu gəlirin yalnız 100480000 tələbələrin təhsil haqqı, 134955000 tədqiqat qrantları, 88197000 müxtəlif gəlirlər, 11783000-i isə ianə və yardımlar hesabına əldə olunub.

 2006-2007-ci illərdə London Kral Kolleci tədqiqatlara 248 milyon funt-sterlinq xərcləyib, tədqiqatlardan gələn gəlir isə 360 milyon funt təşkil edib. Kollec müxtəlif sənaye ve biznes sahəsinə göstərdiyi xidmətlərə görə 20 milyon funt əldə edib. Son on il ərzində kollecdə  təmir və bərpa  işlərinin aparılmasına 550 milyon funt  vəsait xərclənib.

2009-2010-cu tədris ilində London Kral Kollecində təhsil haqqı yerli tələbələr üçün təxminən 3000, əcnəbi tələbələr üçün isə 13000 funt təşkil edib. Məlumat üçün bildiririk ki, əcnəbi tələbələrin daha çox təhsil haqqı ödəməsinin səbəbi onların Böyük Britaniyada bir çox vergi və sığorta xərclərindən (məsələn, bələdiyyə vergisi və s.) azad olmaları, polis və NHS - National Health Service (Milli Səhiyyə Xidməti) xidmətlərindən pulsuz istifadə etmələridir.

London Kral Kollecində tələbələr üçün müxtəlif təqaüdlər mövcuddur. Tədris ili başlamazdan öncə bu barədə tələbələrə məlumat göndərilir və təqaüdə ehtiyacı olan tələbələr həmin imkandan istifadə edə bilirlər. Hər bir departament və məktəbin öz təqaüdləri var. Əlavə təqaüdlər "British Council" və kollecin tanınmış məzunları tərəfindən təklif olunur. 

Qəbul qaydaları 

Böyük Britaniyada universitetlərə sənəd verilmə prosesi  UCAS (Universities & Colleges Admissions Service - Universitet və Kolleclərə Qəbul Xidməti)  vasitəsi ilə onlayn şəkildə keçirilir.  Burada hər bir potensial abituriyent üçün səhifə açılır, abituriyent özu haqqında bütün məlumatları həmin səhifədə yerləşdirir. Universitetlər, əsasən, abituriyentdən şəxsi bildiriş (Personal Statement)  tələb edir. Abituriyent özu haqqında təxminən 500 sözdən ibarət olan inşa yazmalı, nə üçün məhz həmin fakültəni seçdiyini, müvafiq sahə üzrə nə kimi akademik ve qeyri-akademik işlər gördüyü haqqında məlumat verməlidir. Eyni zamanda müəllimlərin şagird və ya tələbələri haqqında yazdıqları fikirlər - tövsiyə məktubu tələb olunur. Qeyd edək ki, şagirdin və ya tələbənin müəllimin yazdığı fikirlərdən xəbəri olmur. Tələbə eyni vaxtda  5 universitetə sənəd verə bilər.

London Kral Kollecində abituriyentlərə qoyulan tələblər Böyük Britaniyanın digər universitetləri ilə müqayisədə daha yüksək olur.  

Universitet bu gün 

London Kral Kollecinin kampusları Londonun mərkəzində, Temza çayının sahilində yerləşir. Kollecin Strand, Vaterloo, Qay, Müqəddəs Tomas, Danimarka Hill adlanan beş kampusu mövcuddur. Kollecin əsas kampusu Strand şəhərciyidir. Bu kampus 1831-ci ildə memar Robert Smirke tərəfindən inşa edilib. Məktəblərin əksəriyyəti bu kampusda yerləşir. Qay kampusunda yerləşən binalardan ən qədimi varlı tacir Tomas Qayın himayədarlığı ilə 1726-cı ildə tikilmiş Qay hospitalıdır. Bu ad kampusa məhz həmin şəxsin şərəfinə verilib. Vaterloo kampusu Londonun Lambet rayonunda Vaterloo metrosunun yaxınlığında yerləşir. Ərazi 1980-ci ildə istifadəyə verilib. London Beynəlxalq Şiller İnstitutu bu şəhərcikdədir. Müqəddəs Tomas kampusu Lambet rayonunda Vestminister metrosunun yaxınlığındadır və burada  Tibb Məktəbi binalarının yarısı, Stomatologiya İnstitutu, Florens Naytingeyl muzeyi yerləşir. Danimarka Hill kampusu Danimarka Hill metrosunun yaxınlığındadır. Burada kollecin ən böyük yataqxanası olan  Kral Kollec binası (KingTs College Holl), Ueston Təhsil Mərkəzi  yerləşir.

London Kral Kolleci başqa universitetlər kimi, tələbələrini yataqxanalarla təmin edir. Yataqxanalarda qalmaq şərtləri çox sadədir. Tədris ili başlamazdan öncə tələbənin qalacağı yataqxana haqqında ona məlumat göndərilir. Tələbə oxuduğu kampusa yaxın, öz maliyyə durumuna uyğun yataqxana seçir, ödənişi tədris ilinin başlanğıcında və ya yarım ildən bir ödəyir. London Kral Kollecinin altı yataqxanası var: Müqəddəs Tomas kampusunda yerləşən Brayan Kremer Evi və Prixod Keşişinin Evi, Hamsted Rezidensiyası, Qay kampusunda Vulfson Evi və Böyük Dover Strit Mənzilləri, Vaterloo kampusunda  Stamford Strit Mənzilləri, Danimarka Hill kampusunda Kral Kolleci yataqxanası. Burada yerli və əcnəbi tələbələr üçün bir çox xidmət və imtiyazlar mövcuddur.

Bu təhsil müəssisəsində London Kral Kolleci Tələbə İttifaqı fəaliyyət göstərir. Bu ittifaq Londonun ən qədim tələbə təşkilatıdır. İttifaq gənclərin istifadəsinə 50-dən çox idman klubu, bir neçə restoran, mağaza, əyləncə klubları verib. Qeyd edilən xidmətlərdən istifadə tələbələrə qat-qat ucuz başa gəlir. Londonun dünyanın ən bahalı şəhərlərindən biri olduğunu nəzərə alsaq, Kral Kolleci Tələbə İttifaqının xidmətlərindən istifadə etməyin tələbələr üçün səmərəliliyi məlum olur.

London Kral Kollecinin nəzdində bakalavrlara 200, magistrant və doktorantlara isə 230-a yaxın müxtəlif proqramlar təklif edən doqquz məktəb fəaliyyət göstərir. Bunlar İncəsənət və Humanitar, Biotibbi və Səhiyyə, Tibb, Stomatologiya, Psixiatriya, Hüquq, Qulluq və Mamalıq Elmi, Fizika Elmləri və Mühəndislik, Sosial Elmlər və İctimai Siyasət məktəbləridir. Kollecdə tədqiqatçılar və doktorantlar üçün  bir Ali Məktəb də vardır. London Kral Kollecində ingilis dili və ədəbiyyatı, Avropa dilləri, müasir dillər, Vizantiya və müasir yunan dili, bimolekulyar tədqiqatlar, hərbi elmlər, gerontologiya, paleoqrafiya, immunologiya, kliniki tədqiqatlar, çənə-sifət tibbi, ətraf mühitin mühafizəsi, zoologiya, kino, beynəlxalq siyasət, elektronika və s. çoxlu sayda fakültələr var. 

London Kral Kollecinin kitabxana sisteminə kollecin beş kampusunda yerləşən kitabxanalar daxildir. Kollecin Londonun Bromli rayonunda Betlem Kral Hospitalı kitabxanası mövcuddur. Kitabxana sisteminə, ümumilikdə, bir milyondan çox kitab, elmi jurnal və elektron resurs daxildir. Kollecin əsas kitabxanası Maughandır. Ceyms Pennethorn tərəfindən qotik üslubda tikilmiş kitabxana binasında hüquq, humanitar, fiziki, sosial, siyasi, mühəndislik və s. elmlərə aid kitablar var, eləcə də burada xüsusi və nadir kitablar kolleksiyası, səkkizguşəli oxu zalı mövcuddur. Kollecin 150 000 kitab, əlyazma, xəritə, slayd, audioyazı və digər materiallar yerləşən  Foyl xüsusi kolleksiyalar  kitabxanası da vardır. Toni Arnold adlı kitabxanada hüquq elminə aid 3000 kitab və 140 adda jurnal var. Bu kitabxana 2001-ci ildən London Kral Kollecinin hüquq bölməsinin bir hissəsinə çevrilib.  Vaterloo kampusunda yerləşən Franklin-Uilkins İnformasiya Xidməti Mərkəzində tibb, biologiya, biokimya, mamalıq, səhiyyə, əczaçılıq, ekologiya, xəstələrə qulluq və s. elmlərə aid kitablar saxlanılır. Qay kampusundakı Yeni Hant Evi İnformasiya Xidməti Mərkəzində biotibb elminin bütün sahələrinə, tibb, stomatologiya, fizioterapiyaya aid materiallar var. Ueston Təhsil, Müqəddəs Tomas İnformasiya mərkəzlərində qastroenterelogiya, ciyər xəstəlikləri, diabet, ginekologiya, tibbin tarixinə aid kitablar mövcuddur. Psixiatriya İnstitutu kitabxanasında 3000 jurnal, 3500 elektron jurnal və 38000 kitab var.

London Kral Kollecinin əməkdaşlarının sayı 5700 nəfərdir. 2004-cü ildən başlayaraq kollecə professor Riçard Hyuces Treynor rəhbərlik edir. R.Treynor kollecin əsas elmi və inzibati şəxsidir. O, 1948-ci ildə ABŞ-da anadan olub, Braun Universitetinin bakalavr, Prinston və Oksford universitetlərinin isə magistr və doktorant pillələrində təhsil alıb.

Hazırda London Kral Kollecində 19700 tələbə təhsil alır. Onların 6200-nü  magistrant və doktorantlar, 50%-ni isə əcnəbi tələbələr təşkil edir. Kollecdə bakalavr  və magistrantlar daxil olmaqla, dövlət və qeyri-dövlət xətti ilə 10-dan çox azərbaycanlı tələbə təhsil alır.

2009-2010-cu tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində London Kral Kollecində iki azərbaycanlı gənc - Aytac  Simran qızı Həsənova magistratura pilləsinin hüquqşünaslıq fakültəsində, Elçin İsmayıl oğlu Bağırov isə magistratura pilləsinin beynəlxalq idarəetmə fakültəsində təhsil alır. 2009-cu ildə bu proqram çərçivəsində magistratura pilləsini Aynurə Rəşid qızı Ələkbərova ingilis dilinin tədrisi, Elnur Aydın oğlu Əliyev isə hüquqşünaslıq ixtisasları üzrə bitiriblər.

Daha bir həmyerlimiz Pərvin Məmmədov isə hazırda London Kral Kollecinin biznes-menecment fakültəsinin birinci kursunda öz hesabına təhsil alır.

üzümüzü dünyanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrə tutaraq "Azərbaycan müəllimi" qəzetinin hər nömrəsində "Dünya universitetləri" rubrikası adı altında dərc olunan yazılarla qəzetin  www.az-muallimi.com saytı vasitəsilə tanış olmağa və təhsil aldıqları nüfuzlu dünya universitetləri barədə məlumatları [email protected] email ünvanına göndərməyə çağırırıq. 

London Kral Kollecinin məşhur məzunları 

  Qodfry Binaysa   Uqandanın 5-ci prezidenti  
  Qlafkos Klerides  Kiprin 4-cü prezidenti  
  Tassos Papadopoulos Kiprin 5-ci prezidenti  
  Marouf əl-Bahit  İordaniyanın Baş naziri  
  Əbd ər-Rəhman əl-Bəzzaz  İraqın 51-ci Baş naziri  
  Ser Linden Pindlinq  Baham adalarının 2-ci Baş naziri  
  Obed Asamoah Hananın xarici işlər naziri  
  Məhəmməd Zafrulla Xan   Pakistanın xarici işlər naziri  
  Ceyms Nyamveya Keniyanın xarici işlər naziri  
  Reys Yatim Malayziyanın xarici işlər naziri  
  Nikolay Mladenov Bolqarıstanın müdafiə naziri  
  Sir Ernest Klark Tasmaniyanın qubernatoru  
  Desmond Tutu Keyptaunun arxiyepiskopu, sülh üzrə Nobel mükafatı laureatı  
  Ceyms Blek fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı  
  Mauris Uilkins  fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı  
  Maks Teyler  fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı  
  Çarlz Şerinqton fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı  
  Friderik Hopkins fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı  
  Edvard Eppliton  fizika üzrə Nobel mükafatı laureatı  
  Ouen Riçardson fizika üzrə Nobel mükafatı laureatı  
  Çarlz Barkla fizika üzrə Nobel mükafatı laureatı  
  Tomas Hardi dahi ingilis yazıçısı  
  Uilyam Somerset Moem dahi ingilis yazıçısı  
  Virciniya Vulf  dahi ingilis yazıçısı  
  Con Röskin dahi ingilis yazıçısı  
  Ser Uiliyam Gilbert  dahi ingilis yazıçısı  

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
5 Fevral 2010 - ¹05
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib
 

Universal "alim"

 
Gürcüstan ombudsmanının aparatında Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib
 
Müasir elmin korifeyi
 
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı
 
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər) Təhsil pillələri üzrə təlim nəticələri
 
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb
 
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası gənclərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirir
 
Qırğızıstanda fəaliyyət göstərən Beynəlxalq Atatürk-Alatoo  Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılıb
 
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
 
"Tələbələrin liderlik imkanlarının artırılması" layihəsi həyata keçirilir
 
Tərcümə xidməti  bölməsi fəaliyyətə başlayıb
 
ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib
 
Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib
 
Dünya universitetləri: London Kral Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov