(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyi
və Avropa Şurası arasında əməkdaşlıq əlaqələri,
təhsil sahəsində həyata keçirilən birgə layihə
və proqramlar barədə fikirlərimi diqqətinizə
çatdırmağa çalışacağam.
Məlumdur
ki, Azərbaycan təhsil sisteminin beynəlxalq, o
cümlədən Avropa təhsil məkanına inteqrasiyası
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
şəraitində mümkündür. Bununla əlaqədar Təhsil
Nazirliyinin fəaliyyətinin əsas
istiqamətlərindən biri də məhz beynəlxalq
təşkilatlarla əlaqələrin və qarşılıqlı
əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Bu
əlaqələr içərisində Avropa Şurası ilə
əməkdaşlığın inkişafı, həmin təşkilat tərəfindən
həyata keçirilən beynəlxalq və regional təhsil
proqramlarında iştirak xüsusi yer tutur.
Avropa Şurası 1949-cu ildə yaradılmışdır.
Hazırda dünyanın 47 ölkəsi bu təşkilatın
üzvüdür. Azərbaycan Avropa Şurasına 2001-ci il
yanvarın 25-də üzv olmuşdur. Təşkilatın məqsədi
insan hüquqlarının müdafiəsi, demokratiyanın
inkişafı və qanunun aliliyinin təmin edilməsi,
üzv ölkələrin sosial və hüquqi təcrübəsinin
uyğunlaşdırılması sahəsində Ümumavropa
dəyərlərinin yaradılması olmuşdur.
Avropa Şurası ölkəmizdə təhsil sahəsində
aparılan islahatlara ekspert yardımı göstərən ən
fəal beynəlxalq partnyorlardan biridir. Qeyd
etmək lazımdır ki, Azərbaycan Respublikası
Təhsil Nazirliyi ilə Avropa Şurası arasında
təhsil sahəsində səmərəli əməkdaşlıq
Azərbaycanın Avropa Şurasına rəsmi daxil
olmasından xeyli əvvəl yaranmışdır. Avropa
Şurasının himayəsi altında ilk birgə layihələr
1996-cı ildən həyata keçirilməyə başlanılmışdır.
Avropa Şurası ilə təhsil sahəsində həyata
keçirdiyimiz birgə layihələr barədə məlumatı
diqqətə çatdırmaq istərdim.
Təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində
qanunvericilik layihəsi. Bu layihə Avropa
Şurasına üzv olan bütün ölkələri əhatə etmişdir.
Layihənin məqsədi üzv ölkələrin təhsil sahəsində
qanunvericilik bazasının təkmilləşdirilməsi, bu
sahədə fəaliyyət göstərən mütəxəssislərin
səriştələrinin artırılmasıdır. Azərbaycan bu
layihəyə 1996-cı ildə qoşulmuşdur və həmin il
ərzində nəzərdə tutulan tədbirlər başa
çatdırılmışdır. Layihə çərçivəsində seminarlar,
konfranslar və digər təlim xarakterli tədbirlər
keçirilmişdir. Təlim seminarlarında 60 nəfər
təhsil işçisi iştirak etmişdir.
Tbilisi təşəbbüsü layihəsi. Təhsil Nazirliyi bu
layihəyə 1998-ci ildə qoşulmuşdur. Layihə Avropa
ümumtəhsil məktəblərinin 15-16 yaşlı şagirdləri
üçün "Qafqaz xalqlarının tarixi" dərs vəsaitinin
hazırlanmasını nəzərdə tuturdu. Avropa Şurası
tərəfindən təqdim olunmuş və region ölkələri
tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanan
bu vəsaitin yazılmasında regionun 4 dövlətindən
(Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya
Federasiyası) müəlliflər qrupu və Avropa
Şurasının Böyük Britaniya, Polşa, Almaniya və
Hollandiyadan dəvət edilmiş ekspertləri və
naşirləri iştirak edirdilər.
Layihənin əsas məqsədi Qərbi Avropa ölkələrinin
orta məktəb şagirdlərini Azərbaycan və digər
Qafqaz ölkələri xalqlarının tarixi, ənənələri və
mədəniyyəti ilə tanış etmək idi. Vəsaitin
ingilis dilində çap olunması nəzərdə tutulurdu.
2004-cü ildə dərs vəsaitinin son variantı Avropa
Şurasına təqdim olunmuş, siqnal nəşri 2005-ci
ildə çap edilib təsdiq üçün layihədə iştirak
edən ölkələrə göndərilmişdi. Vəsaitin nəşri
2007-ci ilə planlaşdırılmışdı. Lakin nəzərdə
tutulan vəsaitin nəşri Ermənistan tərəfinin
qeyri-konstruktiv mövqeyinə görə mümkün
olmamışdır. Bununla belə, layihə çərçivəsində
Azərbaycanın dərslik hazırlığı sahəsində
mütəxəssisləri və naşirləri Avropa təcrübəsi ilə
yaxından tanış olmuş, bu sahədə müvafiq
bacarıqlara yiyələnmişlər.
Layihə 2007-ci ildə başa çatmış, Azərbaycandan
540 nəfər tarix müəllimi təlim seminarlarında öz
bacarıqlarını inkişaf etdirmişdir.
Ermənistanda, Azərbaycanda və Gürcüstanda
təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində
qanunvericilik layihəsi. Təhsil Nazirliyi Avropa
Şurasının bu regional layihəsinə 2000-ci ildə
qoşulmuşdur. Həmin layihə Azərbaycana təhsilin
keyfiyyətinin təmin edilməsi sahəsində
beynəlxalq standartlara uyğun mexanizmlərin
(akkreditasiya, lisenziya verilməsi, diplomların
tanınması) yaradılmasına yardım göstərməyi
nəzərdə tutur. Eyni zamanda bu layihə göstərilən
sahələrdə beynəlxalq əməkdaşlıq üçün geniş
imkanlar da açmışdır.
Layihə çərçivəsində 2000-2003-cü illərdə
Azərbaycanda işçi qrupları yaradılmış, Avropa
Şurası ekspertləri ilə birgə işçi qruplarının
iclasları keçirilmiş, Azərbaycanda
akkreditasiya, lisenziya verilməsi və təhsilin
keyfiyyətinə nəzarət sahəsində effektiv
hüquqi-normativ sənədlərin işlənməsi və təsdiq
olunması məsələləri ilə bağlı müzakirələr və
fikir mübadiləsi aparılmışdır. Layihə
çərçivəsində 2001-ci ilin may ayında Bakıda üç
Qafqaz ölkəsi təhsil nazirlərinin regional
konfransı keçirilmişdir. Tədbirdə Avropa Şurası
Baş katibinin siyasi məsələlər üzrə müşaviri
Klaus Şuman, Avropa Şurasının digər
nümayəndələri və Avropanın bir sıra nüfuzlu
ekspertləri iştirak etmişlər.
Konfransda Azərbaycan, Gürcüstan və Ermənistanın
təhsil nazirləri tərəfindən imzalanmış birgə
Bəyannamə qəbul edilmişdir. Bu layihə
çərçivəsində əldə olunmuş səmərəli təcrübədən
ali təhsil müəssisələrinin akkreditasiyası
(2003-cü il) və ali təhsil sahəsində xarici
diplomların tanınması (2004-cü il) üzrə yeni
normativ sənədlərin hazırlanmasında geniş
istifadə olunmuşdur. Layihənin uğurla həyata
keçirilməsi Cənubi Qafqaz ölkələri təhsil
nazirlərinin 2004-cü ildə Strasburq şəhərində
keçirilmiş konfransında vurğulanmış və birgə
Bəyannamə qəbul edilmişdir.
Azərbaycana səfər zamanı K.Şuman Azərbaycan
Respublikası Təhsil Nazirliyində rəsmi görüş
keçirmişdir. Görüş zamanı Azərbaycanla Avropa
Şurası arasında əməkdaşlığın genişləndirilməsi
məsələləri müzakirə olunmuşdur. Qəbul olunmuş
qərarlara əsasən Avropa Şurası ilə Təhsil
Nazirliyi arasında aşağıdakı istiqamətlər üzrə
əməkdaşlığın əsası qoyulmuş və sonrakı illərdə
müvəffəqiyyətlə həyata keçirilmişdir:
-xarici diplomların və kvalifikasiyaların
qarşılıqlı tanınması üzrə milli informasiya
mərkəzlərinin yaradılması;
-təhsilin keyfiyyətinin təmin edilməsi üzrə
mexanizmlərin yaradılması;
-orta məktəblərdə tarix fənninin tədrisi üzrə
yeni standartların və tədris proqramlarının
hazırlanması;
-orta məktəblərdə tarixin tədrisi üzrə yeni
metodik vəsaitlərin hazırlanması;
-tarixin tədrisi metodikası vəsaitinin
hazırlanması üzrə regional şəbəkələrin
yaradılması;
-Avropa dillərinin tədrisi üzrə proqramların
hazırlanması;
-Qafqaz ölkələrində ümumi təhsil, texniki peşə
və ali təhsil üzrə qanunvericilik sənədlərinin
qəbul edilməsi;
-Avropada ibtidai və orta ümumi təhsil sahəsində
siyasətin və islahatların əsas istiqamətləri;
-vətəndaşlıq və demokratiyanın tədrisi sahəsində
milli standartların işlənməsi və tədris
proqramlarının hazırlanması;
-təhsilin keyfiyyətinin təmin edilməsi üzrə
regional əməkdaşlıq əlaqələrinin yaradılması;
-vətəndaşlıq və demokratiyanın tədrisi sahəsində
müəllimlərin ixtisasının artırılması
proqramlarının, tədris vəsaitlərinin və metodik
ədəbiyyatın hazırlanması;
-Avropada ali təhsil sahəsində siyasətin və
islahatların əsas istiqamətləri mövzusunda
seminarların keçirilməsi;
-ali təhsil sahəsində elmi dərəcələrin
strukturunda islahatlar;
-milli azlıqların təhsili sahəsində siyasət.
Layihə çərçivəsində Azərbaycanda "Təhsil
haqqında" yeni Qanun layihəsinin Avropa
Şurasında müzakirəsindən sonra bu təşkilatın
ekspertləri ilə layihənin hazırlanmasında
iştirak etmiş mütəxəssislər və Milli Məclisin
müvafiq Komitəsinin üzvləri ilə məsləhətləşmələr
aparılmış, Avropa Şurasının ekspertləri
müzakirələrin nəticələrinə dair təkliflərini
2001-ci ilin yanvar ayında Milli Məclisə və
Azərbaycan Respublikası Təhsil Nazirliyinə
təqdim etmişlər. Qeyd etmək lazımdır ki, 2009-cu
ildə qəbul olunmuş "Təhsil haqqında" Qanunda
həmin təkliflər nəzərə alınmışdır. Layihə
çərçivəsində 600-dən çox müəllim və təhsil
işçisi seminarlarda iştirak etmişdir. "Avropa
ölkələrinin ali təhsil şəbəkəsində keyfiyyət
qaydaları", "Avropada kredit transferi və kredit
toplanması sistemi", "İrland ali ixtisas
dərəcələrinin müəyyənləşdirilməsi strukturu ilə
Avropada ali təhsil strukturlarının uzlaşması",
"Avropada Ali Təhsil Sahəsində İxtisas
Dərəcələrinin Strukturu", "Avropa təhsil
məkanında keyfiyyətə nəzarət üzrə standartlar və
əsas prinsiplər" kitabları Azərbaycan dilinə
tərcümə edilərək nəşr olunmuşdur.
Demokratik vətəndaşlıq üzrə təhsil. Bu layihə
2002-ci ildən həyata keçirilməyə başlanmışdır.
Layihə Avropa Şurasının bütün üzv ölkələrini
əhatə edir. Əsas məqsəd Avropa Şurası tərəfindən
vətəndaşlıq təhsili sahəsində (insan və cəmiyyət
fənni) beynəlxalq standartlara cavab verən yeni
tədris proqramlarının, dərslik, dərs vəsaitləri
və digər materialların hazırlanmasında ölkələrə,
o cümlədən Azərbaycana yardım göstərməkdir.
Layihənin əsas məqsədi Azərbaycanda vətəndaşlıq
və demokratiyanın tədrisi sahəsində ümumi
vəziyyətlə tanış olmaq, mövcud problemlərin
həllini, həmçinin bu sahədə Avropa Şurası ilə
əməkdaşlığın konkret istiqamətlərini
müəyyənləşdirməkdir. Layihə çərçivəsində Bakıda
Avropa Şurasının ekspertlərinin iştirakı ilə
seminar və iclaslar keçirilmiş, təklif olunan
tövsiyələr və təcrübə nəzərə alınmaqla
Azərbaycanın ümumtəhsil məktəbləri üçün insan və
cəmiyyət fənni üzrə yeni tədris proqramının,
müəllimlər üçün müasir təlim texnologiyalarına
əsaslanan vəsaitin hazırlanmasında istifadə
olunmuşdur.
Avropa Şurası 2005-ci ili "Təhsil vasitəsilə
demokratik vətəndaşlıq" ili elan etmişdi.
Bununla bağlı Təhsil Nazirliyi ümumi və ali
təhsil müəssisələri, qeyri-hökumət təşkilatları,
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq
təşkilatlarla birlikdə insan hüquqları və
demokratik vətəndaşlıq mövzuları üzrə
konfranslar, seminarlar, "dəyirmi masa"lar və
digər tədbirlər həyata keçirmişdir. Layihə
çərçivəsində 240 nəfər müəllim müxtəlif
mövzularda təlimlərə cəlb olunmuş, "Demokratik
vətəndaşlıq üçün təhsil: həyat boyu öyrənmə
perspektivi", "Demokratik vətəndaşlıq üzrə
təhsil üçün əsas konsepsiyalar və biliklər" adlı
kitablar, "Məktəblərdə demokratik vətəndaşlıq
üçün təhsilin keyfiyyəti üzrə vəsait",
"Demokratik vətəndaşlıq və insan hüquqları
təhsili üzrə müəllimlər üçün tədris vəsaiti"
Azərbaycan dilinə tərcümə edilərək nəşr
olunmuşdur.
Təhsil siyasəti və milli azlıqlar layihəsi.
2003-cü ildən Avropa Şurası Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə bu regional
layihəni həyata keçirir. Layihənin əsas məqsədi
iştirakçı ölkələrə milli azlıqların təhsili ilə
bağlı qanunvericilik sənədlərinin
hazırlanmasında yardım göstərilməsi və milli
azlıqların təhsil siyasəti sahəsində
tövsiyələrin təqdim edilməsidir.
Bu layihənin səmərəli həyata keçirilməsi
məqsədilə Azərbaycan - Avropa Şurası birgə işçi
qrupu yaradılmışdır. Azərbaycan tərəfindən işçi
qrupu Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının məsul işçisi, Təhsil
Nazirliyinin üç əməkdaşı və Xarici İşlər
Nazirliyinin nümayəndəsi ilə təmsil olunmuşdur.
Avropa Şurası tərəfindən işçi qrupunun tərkibinə
bu təşkilatın məsul əməkdaşı və Qərbi Avropa
ölkələrindən dörd ekspert daxil edilmişdir.
Layihə çərçivəsində 2003-cü ilin may ayında
Bakıda "Təhsil siyasəti və milli azlıqlar"
mövzusunda milli seminar keçirilmişdir.
Seminarda Azərbaycanda yaşayan milli azlıqların
nümayəndələri, o cümlədən məktəb direktorları,
rus, yəhudi, gürcü və digər milli azlıqların
icma rəhbərləri iştirak etmişlər. Seminarda
Azərbaycanda milli azlıqlar üçün təhsil
siyasətinin istiqamətlərini müəyyənləşdirmək,
eyni zamanda ölkəmizdə milli azlıqlar üçün
effektiv və bərabər imkanlar prinsiplərinə
əsaslanan təhsil siyasətinin işlənib
hazırlanması məsələləri müzakirə olunmuşdur.
2003-cü ilin 9-13 noyabr tarixlərində Afinada
Avropa ölkələri təhsil nazirləri konfransının
21-ci sessiyası keçirilmişdir. Təhsil
Nazirliyinin nümayəndə heyəti Yunanıstanda olmuş
və sessiyanın işində iştirak etmişdir. Sessiyada
müzakirələrin əsas mövzusu mədəniyyətlərarası
təhsil, fərqlərin aradan qaldırılması və
demokratiyanın möhkəmləndirilməsi olmuşdur.
Sessiyada Avropa ölkələrinin təhsil nazirləri və
təhsil sahəsində fəaliyyət göstərən nüfuzlu
beynəlxalq təşkilatların (Avropa Şurası, Avropa
Komissiyası, YUNESKO) rəhbərləri iştirak
etmişlər. Avropa Şurası Baş katibinin müavini
xanım Muad de Boyer-Buqunçiyo, Avropa Şurasının
Baş direktoru Bendik Ruqas və Yunanıstanın
təhsil və din məsələləri üzrə naziri Petros
Eftimou sessiyadakı çıxışlarında qeyd etmişlər
ki, Avropadaxili inteqrasiya prosesləri bu
ölkələrdə daha geniş miqrasiyaya gətirib
çıxardığına görə mədəniyyətlərarası təhsil
məsələsi bütün Avropa ölkələri üçün çox
aktualdır və təhsil sistemləri qarşısında
gənclərin qarşılıqlı anlaşma, dözümlülük ruhunda
tərbiyə edilməsi, eyni zamanda milli azlıqların
təhsil hüquqlarının təmin edilməsi kimi yeni
vəzifələr müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
nümayəndə heyəti Azərbaycanda bu istiqamətdə
görülən işlər haqqında məlumat vermiş və
bildirmişdir ki, layihə çərçivəsində beynəlxalq
işçi qrupu yaradılmış, onun tərkibinə 4
beynəlxalq, 5 azərbaycanlı ekspert və Avropa
Şurasının nümayəndəsi daxil edilmişdir
Avropa Şurasının Baş direktoru Bendik Ruqas
görüş zamanı Avropa Şurasının Azərbaycanla
təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu və
mədəniyyətlərarası təhsil və demokratiyanın
tədrisi mövzusunda Azərbaycana xüsusi layihənin
təqdim olunacağını qeyd etmişdir.
Sessiyada Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndə heyəti işçi qruplarla
"Tədris proqramları (kurikulum)", "Təhsil
müəssisələrinin idarə olunması", "Müəllimlərin
təkmilləşdirilməsi" mövzuları üzrə müzakirələr
aparmışdır. Müzakirələr zamanı vurğulanmışdır
ki, Ümumavropa təhsil məkanının
formalaşdırılması prosesində şagird və
tələbələrin Avropa ölkələri xalqlarının
mədəniyyətləri və ənənələri ilə daha yaxından
tanış olması əhəmiyyətli rol oynayır, tədris
proqramlarında mədəniyyətlərarası təhsilə və
demokratiyanın tədrisinə daha geniş yer
ayrılması zəruridir. Həmin tövsiyələr sessiyanın
sonunda qəbul olunmuş Bəyannamədə öz əksini
tapmışdır.
Sessiyanın sonunda iştirakçılar Avropa
ölkələrinin təhsil sistemlərindəki informasiya
və kommunikasiya texnologiyalarının daha geniş
tətbiqi ilə bağlı məsələləri də müzakirə
etmişdir. Keçirilən müzakirələrin nəticəsi kimi
nümayəndə heyətləri tərəfindən iki Bəyannamə
qəbul olunmuşdur: 1.Yeni Avropa kontekstində
mədəniyyətlərarası təhsil. 2.Avropa ölkələrinin
təhsil sistemlərində informasiya və
kommunikasiya texnologiyalarının tətbiqinin
stimullaşdırılması.
Sessiya zamanı Azərbaycan Respublikası Təhsil
Nazirliyi nümayəndə heyətinin bir sıra ölkələrin
təhsil nazirləri və nümayəndə heyətlərinin
başçıları ilə (o cümlədən Türkiyə, Rusiya
Federasiyası, Polşa, Estoniya, Ukrayna, Belarus,
Gürcüstan, Bolqarıstan və Moldova) qeyri-rəsmi
görüşləri də olmuşdur. Danışıqlar zamanı
Azərbaycanla bu ölkələr arasında təhsil
sahəsində ikitərəfli əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə
olunmuşdur. YUNESKO-nun MDB üzrə koordinatoru
Aleksandr Sannikovla görüşdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin YUNESKO-nun
layihələrinə daha geniş cəlb olunması məsələləri
də müzakirə edilmişdir.
2005-ci ildə "Azərbaycanda milli azlıqlar üzrə
təhsil siyasəti" mövzusunda Avropa Şurası və
Azərbaycanın birgə yekun hesabatı dərc
olunmuşdur. Hesabatda Azərbaycanda milli
azlıqlara öz dillərində təhsil almaları üçün
bütün lazımi şəraitin yaradılması xüsusi qeyd
edilmişdir. Eyni zamanda milli azlıqların
təhsili sahəsində siyasətinin təkmilləşdirilməsi
məqsədilə hesabata konkret tövsiyələr daxil
olunmuşdur.
Layihə 2007-ci ildə başa çatmış, 150 nəfər
müəllim və təhsil işçisi təlim seminarlarında
iştirak etmişdir.
Ali təhsilin idarə edilməsində tələbələrin
iştirakı layihəsi. MDB ölkələrində, o cümlədən
Azərbaycanda ali təhsil sahəsində həyata
keçirilən islahatlara dəstək məqsədilə Avropa
Şurası və Azərbaycan Respublikası Təhsil
Nazirliyi ölkəmizdə bu xüsusi layihəni həyata
keçirirlər.
Layihənin həyata keçirilməsi şərtlərinə uyğun
olaraq Təhsil Nazirliyi Avropa Şurasına milli
hesabat təqdim etmişdir. Eyni zamanda layihəni
effektiv şəkildə həyata keçirmək məqsədilə 5
nəfərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi
qrupuna Təhsil Nazirliyinin, tələbə
təşkilatlarının və ali təhsil müəssisələrinin
nümayəndələri daxil edilmişdir. Ali təhsil
müəssisələrinin idarə edilməsində tələbələrin
fəal iştirakının ali təhsilin keyfiyyətinin
təmin edilməsi prosesinin tərkib hissələrindən
və 1999-cu ildə qəbul olunmuş Boloniya
Deklarasiyasının şərtlərindən biri olması bu
layihənin aktuallığını bir daha sübut edir.
Cənubi Qafqaz ölkələrində mədəniyyətlərarası və
dinlərarası dialoq üzrə tədris layihəsi. Bu
layihə Avropa Şurası ilə Azərbaycan Respublikası
Təhsil Nazirliyi arasında 2007-2009-cu illər
üzrə Əməkdaşlıq proqramı çərçivəsində həyata
keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın
təhsil müəssisələrində mədəniyyətlərarası və
dinlərarası dialoqun tədrisi prosesinin
təkmilləşdirilməsi, bu sahə üzrə kurikulumların
və müəllimlər üçün tədris vəsaitinin
hazırlanmasıdır.
Layihə çərçivəsində Təhsil Nazirliyinin
nümayəndə heyəti 2008-ci ilin 18-19 fevral
tarixlərində Strasburqda keçirilmiş regional
konfransda iştirak etmişdir. Konfransda
layihənin İşçi Proqramı qəbul edilmiş, eyni
zamanda qərara alınmışdır ki, ilkin mərhələdə
layihənin mahiyyətinin təhsil işçilərinə və
ictimaiyyətə çatdırılması məqsədilə region
ölkələrində Avropa Şurası ekspertlərinin
iştirakı ilə milli konfranslar keçirilsin və
müəllimlər üçün treninqlər təşkil edilsin. İşçi
Proqrama uyğun olaraq Azərbaycanda milli
konfrans 2008-ci ilin 24-25 aprel tarixlərində
Bakıda keçirilmişdir. Konfransda Avropa
Şurasının 5 eksperti, Azərbaycanın dövlət
qurumlarının, Təhsil Nazirliyinin tabeliyində
fəaliyyət göstərən elmi-tədqiqat və müəllimləri
təkmilləşdirmə institutlarının, qeyri - hökumət
təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Bu layihə çərçivəsində 2008-ci ilin 19-20-iyun
tarixlərində Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
ümumtəhsil məktəblərinin müəllimləri üçün
mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı
mövzuların tədrisinə həsr olunmuş treninqlər
keçirilmişdir. Layihənin növbəti mərhələsində
müəllimlər üçün işçi seminarları keçirilmiş və
mədəniyyətlərarası təhsil üzrə müəllimlər üçün
dərs vəsaiti - "Tarixin tədrisində çoxtərəfli
yanaşma" adlı vəsait hazırlanmış və nəşr
edilmişdir.
Layihə çərçivəsində 240 nəfər müəllim, metodist,
məktəb rəhbəri treninqlərdə iştirak etmişdir.
Onu da qeyd etmək lazımdır ki, Avropa Şurası ilə
əməkdaşlıq əlaqələrinin inkişafında qarşılıqlı
səfərlərin və müzakirələrin böyük əhəmiyyəti
olmuşdur. Belə ki, Avropa Şurasının Baş katibi
Valter Şvimmerin dəvəti ilə Təhsil Nazirliyinin
nümayəndə heyəti 14-15 aprel 2003-cü il
tarixlərində Strasburq şəhərində rəsmi səfərdə
olmuşdur. Səfərin əsas məqsədi ikitərəfli
əməkdaşlığın vəziyyəti haqqında fikir mübadiləsi
aparmaq, gələcək əməkdaşlığın prioritetlərini
müəyyənləşdirmək, Avropa Şurasının rəhbərliyini
Azərbaycanda son illər təhsil sahəsində aparılan
islahatlarla tanış etmək və Avropa Şurasının
rəhbərliyinə ikitərəfli əməkdaşlığın daha
səmərəli qurulması məqsədilə Azərbaycan
tərəfinin təklif və tövsiyələrini təqdim etmək
idi. Səfər çərçivəsində Avropa Şurasının Baş
katibi V.Şvimmer ilə görüş keçirilmiş və təhsil
sahəsində həyata keçirilən islahatlar haqqında
qısa məlumat verilmişdir. Əsas diqqət ikitərəfli
əməkdaşlığın inkişafına və 2000-2002-ci illərdə
həyata keçirilmiş layihələrin nəticələrinin
müzakirəsinə yönəldilmişdir. "Qafqaz xalqlarının
tarixi" dərs vəsaitinin hazırlanmasının böyük
nailiyyət hesab olunduğu qeyd olunmuş, bu
istiqamətdə hətta keçmiş Sovet İttifaqında
müxtəlif sərəncamların verilməsinə baxmayaraq,
heç bir nəticə əldə olunmadığı halda, Avropa
Şurasının köməyi ilə qısa müddətdə bu mühüm işin
başa çatmaqda olması yüksək dəyərləndirilmişdir.
Qeyd edilmişdir ki, bu vəsaitin hazırlanması
Azərbaycan haqqında obyektiv məlumatların Qərbi
Avropa məktəblilərinə və geniş oxucu
auditoriyasına ingilis dilində təqdim olunması
imkanları yaratmışdır.
Azərbaycanın milli azlıqların təhsili sahəsində
yeni layihəyə qoşulması ilə əlaqədar
müzakirələrdə Təhsil Nazirliyinin nümayəndə
heyəti qeyd etmişdir ki, ölkəmizdə bu sahədə heç
bir problem olmasa da, Azərbaycan tərəfi milli
azlıqların təhsilinin keyfiyyətini daha da
yaxşılaşdırmaq üçün Avropa Şurası ilə bu
istiqamətdə əməkdaşlığı inkişaf etdirməyə
hazırdır.
Bu səfərdə başlıca məqsədlərdən biri də
ölkəmizin Ermənistanın iştirak etdiyi regional
layihələrdə iştirakda maraqlı olmadığını Avropa
Şurası rəhbərliyinə çatdırmaq olmuşdur. Bu
məsələ ilə bağlı V.Şvimmerin diqqətinə
çatdırılmışdır ki, Azərbaycan təhsil sahəsində
bütün ölkələrlə əməkdaşlığa hazırdır, lakin
Ermənistanın Azərbaycana təcavüzünə son
qoyulanadək bu ölkə ilə Azərbaycanın əməkdaşlığı
mümkün hesab edilmir. Bunu nəzərə alaraq,
gələcək əməkdaşlıq proqramlarının bəzi
aspektlərinə yenidən baxılması və təhsilin
konkret sahələrində Azərbaycana yardım
göstərilməsinə yönəlmiş ikitərəfli əməkdaşlığa
daha çox diqqət yetirilməsinin zəruriliyi
vurğulanmışdır.
V.Şvimmer Avropa Şurası ilə Azərbaycan
Respublikası Təhsil Nazirliyi arasında
əməkdaşlığı yüksək qiymətləndirmiş, eyni zamanda
Avropa Şurasının əməkdaşlıq və yardım
proqramlarının davam etdirilməsinin vacibliyini
bildirmişdir.
Səfər çərçivəsində Təhsil Nazirliyi nümayəndə
heyətinin Avropa Şurasının siyasi məsələlər üzrə
direktoru Klaus Şumanla görüşü keçirilmişdir.
Görüş zamanı Azərbaycan Respublikası ilə Avropa
Şurası arasında münasibətlərin dərinləşməsinin
siyasi əhəmiyyəti vurğulanmış, Avropa Şurasının
təhsil sahəsində həyata keçirilən bir sıra
layihələri vasitəsilə bu təşkilatın dəyərlərinin
Cənubi Qafqaz bölgəsində tətbiq edilməsinin və
bu istiqamətdə Avropa təcrübəsinin
öyrənilməsinin zəruriliyi qeyd olunmuşdur.
Təhsil Nazirliyinin nümayəndə heyəti K.Şumana
məcburi köçkünlərin təhsili ilə əlaqədar mövcud
çətinliklər, çadır şəhərciklərində fəaliyyət
göstərən məktəblərin problemləri və Azərbaycan
Respublikasının Prezidenti və hökumətinin bu
problemin həlli istiqamətində atdığı konkret
addımlar haqqında ətraflı məlumat vermişdir.
Avropa Şurası Orta Təhsil Departamentinin
direktoru Qabriel Mazza ilə keçirilən görüşdə
2003-cü il üçün əməkdaşlıq proqramı ətraflı
müzakirə olunmuş, eyni zamanda Avropa Şurası
tərəfindən idarə olunan müxtəlif təhsil
layihələrini (Demokratik vətəndaşlıq üzrə
təhsil, Milli azlıqlar üzrə təhsil siyasəti,
Qafqaz xalqlarının tarixi, Orta məktəblər üçün
yeni tarix dərsliklərinin hazırlanması
layihələri) əlaqələndirən departamentlərin
rəhbərləri ilə görüşlər keçirilmişdir.
Avropa Şurasının Parlament Assambleyasının məsul
əməkdaşları ilə sonrakı görüşlər zamanı
əməkdaşlıq və yardım proqramlarına dair konkret
təkliflər və Avropa Şurasının ekspertləri
tərəfindən təqdim edilən müxtəlif təşəbbüslər
ətraflı müzakirə olunmuşdur. Parlament
Assambleyasının nümayəndələri ilə görüş zamanı
Azərbaycanın Parlament Assambleyasındakı
nümayəndə heyətinin gördüyü işlər haqqında fikir
mübadiləsi aparıldı, onun fəaliyyəti yüksək
qiymətləndirildi.
Avropa Şurasının Baş katibi Valter Şvimmerin
təşəbbüsü ilə 7-18 may 2005-ci il tarixlərində
Strasburqda Cənubi Qafqaz ölkələrinin təhsil
nazirlərinin konfransı keçirilmişdir. Konfransda
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
nümayəndə heyəti də iştirak etmişdir. Konfransın
əsas məqsədi iştirakçıları və Avropa Şurası
ekspertlərini Cənubi Qafqaz ölkələrində ali
təhsil sahəsində keçirilən islahatların gedişi
və təhsilin inkişafının prioritet istiqamətləri
ilə tanış etmək, eyni zamanda Avropa Şurası ilə
birgə həyata keçirilmiş layihə və proqramların
nəticələrinin və 2004-2006-cı illər üçün
əməkdaşlıq proqramlarının müzakirəsi olmuşdur.
Nazirliyin nümayəndə heyəti konfrans
iştirakçılarını Azərbaycanda həyata keçirilən
islahatlar haqqında, o cümlədən təhsilin
keyfiyyətinin təmin edilməsi, ali təhsil
sahəsində xaricdə qazanılmış ixtisasların
tanınması, ali təhsil müəssisələrinin
attestasiyası və akkreditasiya proseduru
haqqında ətraflı məlumatlarla tanış etmişdir.
Eyni zamanda Azərbaycanın Boloniya prosesinə
qoşulması haqqında niyyətini Avropa Şurasına
çatdırmışdır.
Avropa Şurasının rəhbərliyi tərəfindən qeyd
olunmuşdur ki, təşkilat Azərbaycana Boloniya
prosesinin şərtlərini yerinə yetirmək üçün
konkret ekspert və konsultativ yardım göstərməyə
hazırdır. Bu istiqamətdə müvafiq tədbirlərin
həyata keçirilməsi məsələləri 2005-2006-cı illər
üçün Avropa Şurası ilə əməkdaşlıq proqramına
daxil olunmuşdur.
Konfrans zamanı nazirliyin nümayəndə heyəti
Avropa Şurasının məsul nümayəndələri ilə
qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri
və konkret layihələri, o cümlədən məcburi köçkün
uşaqlar üçün təhsilin keyfiyyətinin
yüksəldilməsi, ali təhsil sahəsində ixtisasların
tanınmasında ekspert yardımının göstərilməsi ilə
bağlı müzakirələr aparmışdır. Eyni zamanda
Avropa Şurası Orta Təhsil Departamentinin
direktoru Qabriel Mazza, Avropa Şurası Ali
Təhsil və Tədqiqatlar Departamentinin direktoru
Şur Berqanla görüşlər keçirmişdir. Konfrans
zamanı üç Cənubi Qafqaz ölkəsinin nümayəndə
heyəti başçılarının Avropa Şurasının Baş katibi
Valter Şvimmerlə birgə görüşü olmuşdur.
Konfransın sonunda müvafiq Bəyannamə, 2006-cı il
üçün əməkdaşlıq üzrə çərçivə proqramı və digər
sənədlər qəbul edilmişdir.
Avropa Şurası ilə təhsil sahəsində əməkdaşlığın
istiqamətlərindən biri də Azərbaycanın Boloniya
prosesinə inteqrasiyası çərçivəsində müxtəlif
layihələrin icrasıdır. Avropa Şurasının Ali
Təhsil və Tədqiqatlar üzrə Rəhbər Komitəsi
Avropa Vahid Ali Təhsil Məkanının formalaşması
üçün kifayət qədər əhəmiyyətli tədbirlər həyata
keçirir. Bir çox hallarda bu tədbirlər Avropa
İttifaqının təhsil üzrə müvafiq qurumları ilə
əlaqəli şəkildə təşkil olunur. Bu tədbirlər
sırasında Boloniya prosesinə yeni qoşulmuş
ölkələrdə ali təhsil sahəsində islahatlara
yardım göstərmək məqsədilə təşkil olunan seminar
və konfranslar xüsusilə qeyd olunmalıdır.
2005-ci ilin 20-21 aprel tarixlərində Bakıda
Avropa Şurasının texniki və ekspert yardımı ilə
"Boloniya prosesi: Ali təhsil sahəsində Avropa
siyasəti və islahatların həyata keçirilməsi"
mövzusunda konfrans keçirilmişdir. Konfransda
Azərbaycan alimləri ilə yanaşı, Avropa Şurası
Ali Təhsil və Tədqiqatlar Departamentinin
rəhbəri Şur Berqan və Qərbi Avropa ölkələrindən
bir sıra nüfuzlu ekspertlər iştirak etmişlər.
Konfransda Avropa Şurasının ekspertləri ilə
birlikdə Azərbaycanda ali təhsil sahəsində
islahatların həyata keçirilməsi, ali təhsilin
inkişafında tələbələrin rolu, ali təhsildə
sosial amil, Şərqi Avropa ölkələrində Boloniya
prosesinin həyata keçirilməsi, ali təhsil
müəssisələrinin idarə edilməsində tələbələrin
rolu, təhsilin keyfiyyətinin təmin edilməsi və
digər məsələlər müzakirə olunmuşdur.
Avropa Şurası ilə səmərəli əməkdaşlıq
nəticəsində Azərbaycan 19 may 2005-ci ildə
Boloniya prosesinə qoşulmuş və bununla əlaqədar
xüsusi fəaliyyət planı qəbul edilmişdir. 2006-cı
ildən başlayaraq Avropa Şurası Azərbaycanda
Boloniya prosesinin şərtlərinin həyata
keçirilməsi üzrə layihələrin icrasına
başlamışdır.
Azərbaycanın Avropa Şurası ilə təhsil sahəsində
uğurlu əməkdaşlığı hazırda davam edir.
Təşkilatın təhsil siyasətini formalaşdıran və
icra edən iki qurum - Təhsil üzrə Rəhbər Komitə,
Ali Təhsil və Tədqiqatlar üzrə Rəhbər Komitə ilə
yaranmış işgüzar əlaqələr bu istiqamətdə
gələcəkdə daha böyük nailiyyətlərin əldə
olunmasına əsas verir.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor |