İyulun 12-də Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
Yunanıstanın Azərbaycandakı səfiri İoannis
Metaksas ilə görüşmüşdür.
Qonağı
Fondda salamlayan Mehriban xanım Əliyeva
Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin
bütün sahələri əhatə etdiyini söylədi. Fondun
fəaliyyətinin çoxşaxəli olduğunu deyən Mehriban
xanım gələcəkdə əməkdaşlığın daha da
genişlənəcəyinə ümidvar olduğunu bildirərək
qeyd etdi ki, Heydər Əliyev Fondu beynəlxalq
əlaqələrə, birgə layihələrə hər zaman açıqdır.
Səfir İoannis Metaksas Bakıya gələndən sonra
Fondun fəaliyyəti ilə daha yaxından tanış
olduğunu bildirdi, qurumun həyata keçirdiyi
layihələrin əhəmiyyətini vurğuladı. O, Prezident
İlham Əliyevin və Mehriban xanımın Afinaya
ötənilki səfərlərini xatırlatdı.
Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə
inşa olunan internat-məktəblərdə alternativ
enerji mənbələrindən istifadə məsələləri
müzakirə olundu. Yunanıstan səfirliyi pilot
layihə kimi Badamdar və Türkan qəsəbələrindəki
iki internat-məktəbdə bu layihəni həyata
keçirəcəkdir.
Səfir Fonda yodun çatışmazlığı diaqnostikasını
aparan ultrasəs müayinəsi aparatı təqdim
etdiyini bildirdi. Bu aparat ölkəmizin
xəstəxanalarından birinə veriləcəkdir.
AzərTAc |