Naxçıvan
Dövlət Universiteti ardıcıl dövlət qayğısı
sayəsində dünya təhsilinə inteqrasiya edərək,
müasir texnologiyalarla təmin olunaraq təhsilin
informasiyalaşdırılması istiqamətində mühüm
nəticələr əldə etmişdir. Universitetin Elmi
Şurasının növbəti iclasında bu ali təhsil
ocağında informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi istiqamətində
qazanılan nailiyyətlər müzakirə olunmuşdur.
Elmi Şuranın sədri, akademik İsa Həbibbəyli qeyd
etmişdir ki, son illərdə Naxçıvan Dövlət
Universitetində müxtəlif videokonfranslar,
videodərslər keçirilmiş, Boloniya prosesinə
uyğun tədris prosesinin təşkili və idarə
olunmasında informasiya-kommunikasiya
texnologiyalarından istifadə olunmasında
əhəmiyyətli nəticələr əldə edilmişdir.
Universitetdə elektron təhsil sisteminin
yaradılması, informasiya təminatının təşkil
edilməsi məqsədilə elektron kitabxana, İnternet
mərkəzləri, kompüter texnologiyaları,
proyektorlar, elektron lövhələrlə təchiz edilmiş
auditoriyalar, CİSCO Akademiyası, Təhsil
Qeydiyyat Mərkəzi, İnformasiya texnologiyaları
və mətbuat şöbələri, universitet televiziyası
fəaliyyət göstərməyə başlamışdır. Hazırda
Naxçıvan Dövlət Universitetində distant təhsilin
həyata keçirilməsi üçün baza formalaşdırılır.
Bildirilmişdir ki, CİSCO texnologiyaları və
NATO-nun qrant layihəsi əsasında yaradılan, bu
ilin yanvar ayından fəaliyyətə başlayan "Wi-Fi"
kampus İnternet şəbəkə sistemi vasitəsilə
nəinki universitetin bütün tədris korruslarında,
struktur bölmələrində, eləcə də 108 hektarlıq
ərazinin hər tərəfində İnternet bağlantısı
yaradılmışdır. 2010-cu ildən başlayaraq
universitetdə 5 meqabit, yəni 50 min kilobitdən
çox İnternet resurslarından istifadə olunur.
Bütün bunlar dünya elminin, təhsilinin ən son
nailiyyətlərindən bəhrələnməyə, gerçək
beynəlxalq əlaqələrlə yanaşı, virtual
əməkdaşlıqların da inkişafına uğurla xidmət
edir. 2009-2010-cu tədris ilində müəllimlərin
böyük əksəriyyətinin təlimdə İKT-dən geniş
şəkildə istifadə etməsi ayrıca vurğulanmışdır.
Elmi Şurada tədris prosesində
informasiya-kommunikasiya texnologiyalarından
daha çox və səmərəli istifadə etdiyinə görə
müxtəlif ixtisas sahibləri - İnformatika
kafedrasının müdiri, fizika-riyaziyyat elmləri
namizədi Elşən Məmmədov, İqtisad fakültəsinin
dekan müavini, iqtisad elmləri namizədi, dosent
Müslüm Cabbarzadə, Təməl tibb fənnləri
kafedrasının müdiri, dosent Saleh Məhərrəmov,
Roman-German dilləri kafedrasının müəllimi Əzizə
Məmmədova rektorluq tərəfindən diplom və
hədiyyələrlə mükafatlandırılmışlar.
Elmi Şurada bu sahənin inkişafı üçün qarşıda
duran mühüm vəzifələr də müzakirə olunmuşdur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |