Sentyabrın 7-də Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva Türkiyənin Bilkənd
Universitetinin rektoru, professor Əli Doğramacı
ilə görüşmüşdür.
Qonağı
salamlayan Mehriban xanım Əliyeva Əli
Doğramacını Fondda görməkdən şad olduğunu
bildirdi. Mehriban xanım Əliyeva Əli
Doğramacının bu səfərinin görkəmli musiqiçi
Sərvər Qəniyevin vəfatı ilə əlaqədar baş
tutmasından təəssüfləndiyini bildirərək, ustad
sənətkarın dünyasını dəyişməsini həm Azərbaycan,
həm də Türkiyə üçün böyük itki olduğunu dedi.
Mehriban xanım bildirdi ki, Sərvər Qəniyevin
həyatının böyük bir hissəsi Türkiyənin Bilkənd
Universiteti ilə bağlı olmuşdur. Onun davamçısı,
nəvəsi, gənc skripkaçı Elvin Qəniyevin Parisdə
YUNESKO-nun qərargahında Heydər Əliyev Fondunun
təşkil etdiyi "Azərbaycanın xoşməramlı
mələkləri" adlı konsertindəki çıxışını
xatırlayan Mehriban Əliyeva Fondun bu istedadlı
gəncə dəstək verdiyini qeyd etdi.
Azərbaycana gəldiyi üçün Əli Doğramacıya
təşəkkürünü bildirən Mehriban xanım Əliyeva
qonağın Fonda göstərdiyi dəstəyi yüksək
qiymətləndirdi. Qeyd etdi ki, atası İhsan
Doğramacının xatirəsi Azərbaycan xalqı üçün
əzizdir.
Əli Doğramacı Azərbaycana hər gəlişində
ölkəmizin daha da gözəlləşdiyini və inkişaf
etdiyini diqqətə çatdırdı. Azərbaycan və
Türkiyənin həm xoş, həm də çətin günlərdə bir
yerdə olduğunu deyən qonaq bildirdi ki, Sərvər
Qəniyev Azərbaycanı dünyaya tanıdan görkəmli
şəxsiyyətlərdən biridir.
Hörmətli qonaq qeyd etdi ki, S.Qəniyev Türkiyədə
zəngin Azərbaycan mədəniyyətinin fəal
təbliğatçısı kimi tanınmışdır. O, eyni zamanda,
yeni musiqiçilər nəslinin yetişməsinə böyük
töhfələr vermişdir.
AzərTAc |