Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının II mərhələsinə qeydiyyat başladı


Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci mərhələsinə qeydiyyat başladı. Bu gündən start götürən proses iyunun 11-dək  davam edəcək.  Bu imtahana birinci mərhələdə iştirak edərək 40 və daha çox bal toplayan namizədlər qatıla biləcəklər. Müsabiqə şərtini ödəmiş həmin namizədlər tələb olunan məbləği Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar. İmtahan iyulun 8-də keçiriləcək.

 

Məlumat üçün qeyd edək ki, DİM tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə keçirilən sınaq imtahanına da qeydiyyat davam edir. İştirak etmək istəyənlər iyunun 9-da saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

 

Sınaq imtahanı 9 iyun 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 14:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

 

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.