İki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanacaq


İyunun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Neft Universitetinin prorektoru, professor Dong Zhao Xianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə iştirak edib.

 

Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən rektor, professor Mustafa Babanlı ADNSU-nun tarixi, tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, əcnəbi tələbələr və s. haqqında məlumat verib. Ali məktəbdə neft-qaz sahəsi ilə yanaşı iqtisadiyyat, energetika, informasiya texnologiyaları və başqa ixtisaslar üzrə də mütəxəssis hazırlığı aparıldığını deyən rektor çinli nümayəndələrə universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında danışıb. ADNSU-nun Çin universitetləri ilə çox yaxın əlaqələrinin olduğunu qeyd edən M.Babanlı Çin Neft Universiteti ilə tələbə-müəllim mübadiləsi, birgə elmi layihələrin hazırlanması və başqa istiqamətlərdə əməkdaşlıq oluna biləcəyini vurğulayıb.

 

Səmimi qəbula görə təşəkkür edən Çin Neft Universitetinin prorektoru, professor Dong Zhao Xia təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Dong Zhao Xi Çin Neft Universitetinin ADNSU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

 

Görüşdə ADNSU ilə Çin Neft Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması haqqında müzakirə aparılıb. Tədbirin sonunda xatirə hədiyyələri təqdim edilib.