Namizədlər üçün iyunun 30-da təkrar sınaq imtahanı təşkil ediləcək


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi üzrə təkrar onlayn sınaq imtahanı keçiriləcək. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək istəyənlər 30 iyun saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

 

Sınaq imtahanı iyunun 30-da DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

 

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.