“Turkish Aerospace”in icraçı direktoru AzTU-da olub


Türkiyənin “Turkish Aerospace” şirkətinin icraçı direktoru Təməl Kotul və şirkətin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov son illər Azərbaycanda sənayenin inkişafı ilə bağlı görülən işlərdən və bu prosesdə ali təhsil müəssisələrinin, xüsusilə Azərbaycan Texniki Universitetinin iştirakından danışıb. Rektor əvəzi bildirib ki, qabaqcıl texnologiyaların mənimsənilməsi üçün AzTU ilə dünyanın inkişaf etmiş müəssisələri, nüfuzlu universitetləri arasında səmərəli əməkdaşlıq yaradılıb və mütəmadi olaraq beynəlxalq təhsil proqramları çərçivəsində müəllim-tələbə mübadilələri, həmçinin elmi ezamiyyətlər həyata keçirilir. Qeyd olunub ki, AzTU alimlərinin ixtiralarının istehsal müəssisələrində tətbiqinə  yerli və xarici sərmayədarlar böyük maraq göstərirlər.

 

“Turkish Aerospace”in icraçı direktoru Təməl Kotul da rəhbərlik etdiyi şirkətin mütəxəssislərinin AzTU alimlərinin araşdırmaları, ixtira və patentləri ilə maraqlandığını bildirib. Təməl Kotul universitin elmi potensialından yararlanmaq üçün “Turkish Aerospace” şirkəti ilə AzTU arasında daimi əməkdaşlıq niyyətlərinin və perespektivinin mövcud olduğunu qeyd edib.