Universitetdə 64 gənc bolqar dilini, tarixini və ədəbiyyatını öyrənir


Sentyabrın 26-da Bolqarıstanın Baş nazirinin ictimai asayiş və  təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində olub. Universitetin tələbələri qonaqları foyedə bolqar dilində salamladıqdan sonra Azərbaycanın və Bolqarıstanın milli rəqslərini təqdim ediblər.

          

Nümayəndə heyətini qəbul edən universitetin rektoru, professor Nurlana Əliyeva Bolqarıstan Respublikası ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən,  Prezident İlham Əliyevin Bolqarıstala əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva bu gün dünya üçün ən vacib məsələnin  yer üzündə sülhün qorunub saxlanması olduğunu dilə gətirib.  Qeyd edib ki, məhz sülh və əmin-amanlığın nəticəsidir ki, ölkələrimizdə gənclər yüksək səviyyədə təhsil ala bilirlər.

 

O, iki ölkənin təhsil sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. N.Əliyeva bildirib ki, bu gün BSU-da 64 nəfər gənc  bolqar dilini, onun tarixini, ədəbiyyatını, etnoqrafiyasını öyrənir. O, əlavə edib ki, Bolqarıstanın məşhur universitetləri ilə BSU arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir.

 

Rektor ötən il Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo və Bolqarıstanın Milli və Dünya Təsərrüfatı universitetlərində olduqlarını və həmin ali məktəblərdən xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırıb. O, bu dostluq və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

 

Səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkürünü bildirən bolqarıstanlı qonaq Bolqarıstan dövlət rəhbərliyinin ölkələrimiz arasında dostluq və qardaşlığın genişlənməsi istiqamətində səylərindən danışıb. Nazir BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını da qeyd edib.

 

Daha sonra qonaqlar BSU–da fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzində olublar.