Vətən tarixini vərəqlədikcə yadelli işğalçıların talan edib viran qoyduğu neçə-neçə qədim yurd yerinin adı çıxır. Bunların bir qismi qədim yazılı abidələrin mətninə, yaxud zamanın amansız sınaqlarından keçmiş ulu xalqımızın düzüb qoşduğu bayatı və rəvayətlərin məzmununa həkk olunaraq xatırlanırsa, bir qismi də arxeoloji qazıntılar nəticəsində üzə çıxarılaraq hansı maddi mədəniyyətə sahib olduğumuzu göstərməyə imkanlar açmaqla dünənimizi bu günümüzə bağlayır. Bütün bunlarla yanaşı, zaman-zaman müvəqqəti olsa da itirib yenidən qovuşa bildiyimiz yurd yerlərimiz də var. Qarabağın incisi sayılan Şuşa şəhəri məhz belə tale yaşamış doğma məskənlərimizdəndir. Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan bu şəhərin qismətinə ağrılı-acılı bir ömür yolu düşmüşdür. XVIII əsrin sonu, daha dəqiq, 1796-cı ildə Ağa Məhəmməd şah Qacar tərəfindən tutulsa da, saray ixtişaşlarından bəhrələnən əhali bu qala şəhəri azad edə bildi.

 

XIX əsrin əvvəllərindən Qarabağ xanlığının çar Rusiyası tərəfindən ilhaq edilməsi isə Şuşa şəhərinin sonrakı yüz ildə daha böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxardı. Xüsusilə bu torpaqlarda daim gözü olan ermənilər havadarlarına  arxalanaraq fürsətdən istifadə etməklə şəhərdə məskunlaşmağa başladılar. Bununla kifayətlənməyərək 1905, 1918-1920-ci illərdə şəhəri bütünlüklə ələ keçirib yerli əhalini qırmağa cəhd etsələr də qeyrətli vətən oğullarının şücaəti nəticəsində öz məqsədlərinə çata bilmədilər. Onlar sovet hakimiyyəti illərində də məkrli niyyətlərindən əl çəkmədilər və havadarlarının köməyi ilə yenicə müstəqilliyini qazanmış Azərbaycan Respublikasının zəifliyindən istifadə edərək 1992-ci il may ayının 9-da şəhəri tutmağa nail oldular. Bununla da Şuşamızın taleyinə 28 illik “əsirlik” yazıldı.

 

Şuşa yarandığı gündən böyük vüsətlə genişlənmiş, gözoxşayan tikililəri ilə yalnız Azərbaycanın deyil, bütünlüklə Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilmişdi. Bu illər ərzində şəhərdə 500-dən çox qədim bina, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları tikilmiş, daş döşəməli küçələr salınmış, 17 məhəllə bulağı çəkilmişdi. Şəhərin ən xoşbəxt illəri keçən yüzilliyin 70-ci illərinə - Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə düşür. Məhz Ulu Öndərin təşəbbüsü ilə  1977-ci ildə qəbul edilmiş  “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərara əsasən böyük şair və yazıçılar, rəssam və bəstəkarlar, alim və  müxtəlif sənət adamlarının ana yurdu olan bu bənzərsiz şəhər tarixi-memarlıq qoruğuna çevrildi. Həmin qərar nəticəsində  Şuşa qalası, Qarabağ xan sarayı, Xan qızı Natəvanın evi, Vaqifin türbəsi və daha neçə-neçə tarixi abidələr yenidən bərpa edildi. Təəssüflər olsun ki, Şuşanın əsirlik illərində Pənahəli xanın sarayı, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, məktəblər, mədəniyyət evləri, kitabxanalar, muzeylər dağıdılmış və çoxsaylı sənət inciləri qarət edilmişdir. Yad nəfəsli, iyrənc xislətli düşmən təkcə Şuşada deyil,  işğal etdiyi Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı və Laçında dağıdıcılıq və talançılıq əməllərini davam etdirməklə bu torpağın əzəli və əbədi sakinləri olan xalqımızın tarixi izlərini silmək istəyirdi. Lakin mənfur yağı unutmuşdu ki, bu elin igid oğul və qızları doğma yurd həsrətini qəlbində yaşatmaqla intiqam gününü gözləyir. Və həmin gün 1920-ci ilin sentyabrın 27-də gəlib yetişdi. Vətən tarixində əbədi qalacaq 44 günlük İkinci Qarabağ müharibəsinin başlanması ilə bütün işğal olunmuş yurd yerlərimiz əsarətdən qurtuldu və noyabr ayının 8-də Şuşa şəhəri düşmən tapdağından azad edildi. 8 noyabr müasir tariximizə “Zəfər Günü” kimi düşməklə Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsində yeni səhifə açdı.

 

Bu tarixi günün möhtəşəmliyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlə səsləndirdiyi qələbə nitqində daha aydın ifadə olunmuşdur:

 

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

 

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

 

Şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin döyüş şücaəti, Ali Baş Komandanın sarsılmaz iradəsi sayəsində qazanılmış bu qələbə millətimizin başını uca etməklə nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Gücünü, qüdrətini ana torpaqdan, ulu əcdadlarımızın ölməz ruhundan alan xalqımız talan edilib viran qoyulmuş torpaqlarımızda yeni quruculuq işlərinə başladı. Yenidən Cıdır düzündə, İsa bulağında muğam sədaları, müqəddəs məscidlərimizdə azan səsi ucaldı.

 

Keçən az vaxt ərzində Şuşanın bərpası istər ölkəmiz, istər qardaş türk dövlətləri, istərsə də bütün İslam dünyası üçün böyük önəm kəsb etdi. Şuşa şəhəri 2021-ci ilin mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanın mədəniyyət paytaxtı”, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. Bu istiqamətdə görülən və görüləcək işlər Şuşanın bütün türk dünyasının, İslam dünyasının həmrəylik, birlik, əməkdaşlıq rəmzinə çevrilməsinə öz töhfəsini verməkdədir.

 

Təbii ki, Qarabağ, onun tacı olan Şuşanın alınmasında Azərbaycan təhsili, Azərbaycan məktəbi müstəsna rol oynamışdır. Ali məqsədi vətənpərvər, humanist şəxsiyyət yetişdirmək olan Azərbaycan təhsilinin qəhrəman övladları doğma torpağın hər qarışı uğrunda canlarından keçməyə hazır olduqlarını bir daha sübut etdilər. Bu qələbə ruhunu onlara dövlətimizin apardığı məqsədyönlü siyasət, ulu kökdən gələn qeyrətli ata-ana öyüdü və müəllimlərin formalaşdırdığı milli düşüncə aşılamışdı.

 

Bütün bu 30 illik işğal dövründə xalqımızın qəlbində bir ağrı kimi qövr edən Qarabağ həsrəti humanitar sahə ilə bağlı məktəb, o cümlədən Azərbaycan dili dərsliklərində də əksini tapmışdır. Belə ki, bu problem: oxu materialı kimi bədii və elmi-kütləvi mətnlər, dil qaydalarının praktik şəkildə mənimsənilməsinə xidmət edən tapşırıqlar, təqdimatlar hazırlamaq, inşa, esse mövzuları kimi təklif edilən yazılar vasitəsilə dərsliklərin məzmununa daxil edilib.

 

Sadədən mürəkkəbə bütün siniflər üzrə məntiqi ardıcıllıqla tərtib olunmuş mövzular, çalışmalar sistemi şagirdlərdə Qarabağın və onun mədəni-mənəvi mərkəzi sayılan Şuşanın  tarixi, görkəmli şəxsiyyətləri, qəhrəman oğulları haqqında ətraflı biliklər əldə olunmasına geniş imkanlar yaratmışdı. Aydındır ki, 8 Noyabr - Zəfər Günündən və 2023-cü il 20 sentyabr tarixində Xankəndinin erməni separatçılarından təmizlənməsi ilə nəticələnən antiterror əməliyyatından sonra Azərbaycan dili dərsliklərində aşağıdakılara daha çox yer verilməsi məqsədəuyğundur:

 

1. Qarabağ, o cümlədən Şuşa ilə bağlı mövzular 44 günlük II Qarabağ müharibəsinin parlaq nəticəsi olan 8 Noyabr - Zəfər Günü ilə əlaqələndirilməli və bununla şagirdlərimizin vətənpərvərlik ruhu daha da gücləndirilməlidir.

2. Şuşanın tarixi, görkəmli şəxsiyyətləri, görməli yerləri və s. haqqında məlumatlar dəqiq elmi qaynaqlara, sənədlərə istinadən verilməli, bədii və publisistik mətnlər şagirdlərin yaş və anlam səviyyəsinə uyğun olaraq dərsliklərə gətirilməlidir.

3. Müxtəlif siniflərə aid dərsliklərdə varislik prinsipi gözlənilməklə yanaşı, bir-birini məzmunca təkrarlayan mövzulardan qaçılmalı, şagirdlərin vətənpərvər bir şəxsiyyət kimi yetişməsinə yönəlmiş mətn nümunələri seçilməlidir.

4. Dil qaydaları ilə bağlı tapşırıqlara aid mətn nümunələrində bu mövzuya aid materiallara müntəzəm surətdə müraciət edilməli, linqvistik mahiyyət daşıyan bacarıqlar mətn sintaksisi əsasında möhkəmləndirilməlidir.

5. Şagirdlərin yazılı nitq bacarıqlarının formalaşdırılması məqsədilə II Qarabağ müharibəsi qəhrəmanlarının igidliyindən, böyük zəfərə aparan döyüş yolundan bəhs edən esse, inşa, hekayə mövzularına daha çox müraciət edilməlidir.

6. Şagirdlərdə tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi üçün Qarabağın,  o cümlədən Şuşanın maddi-mədəni tarixi ilə bağlı təqdimatlara, layihələrə geniş yer verilməlidir.

7. Dərsliklərin tərtibatını daha da yaxşılaşdırmaq üçün yüksək sənətkarlıqla işlənilmiş cəlbedici illüstrativ materillardan daha çox istifadə olunmalıdır.

 

Bu, bir həqiqətdir ki, yetişməkdə olan nəsil Azərbaycanımızı, onun hər bölgəsini doğulub yaşadığı yurd yeri qədər sevməli, ona ruhən bağlanmalıdır. Bu iş yalnız dərslik materialları vasitəsilə deyil, məktəb illəri ərzində görməli yerlərə təşkil edilən səyahətlər, səfərlər, yürüşlər, ekskursiyalar vasitəsilə həyata keçirilməlidir. Bu baxımdan hər bir şagirdin bilik səviyyəsindən asılı olmayaraq onların Şuşa şəhərini əyani görmələri regional təhsil idarələri qarşısında başlıca vəzifələrdən biri kimi qoyulmalıdır. Keçən dövr ərzində bu istiqamətdə müəyyən işlərin aparıldığı, Şuşaya məktəbli ekskursiyalarının təşkil olunduğu müşahidə edildi. Fikrimizcə, bu tipli tədbirlərə məktəblərdə təlim-tərbiyə işinin mühüm tərkib hissəsi kimi baxılmalı və ildən-ilə gücləndirilməlidir.

 

Azərbaycan xalqının son 30 ildə keçdiyi döyüş, mübarizə yolu, 44 günlük Vətən müharibəsi tarixin qızıl səhifələrində əbədi qalmağa layiq bir örnəkdir. Bu qələbə ruhunu yetişməkdə olan yeni nəslə ötürmək isə hər bir fənn müəlliminin, pedaqoji sahədə çalışan hər bir mütəxəssisin peşə borcudur.

 

Asif HACIYEV,

ARTİ-nin böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent