Qönçə Məmmədova: “Dərsə başlamazdan əvvəl uşaqlara nəyi və necə öyrədəcəyimi planlaşdırır, sonda buna nail olmağa çalışıram”


Qönçə Məmmədova Hacıqabul şəhər 4 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat  müəllimi işləyir. O, şagirdlərinə özünü sevdirməyi bacarır, onların hansı sahədə daha çox uğur qazana biləcəklərini görür və onlara  doğru yol göstərməyə çalışır.    

Dövlət tərəfindən müəllimlərə göstərilən diqqət və qayğını Qönçə Məmmədova bir  müəllim kimi  alqışlayır. Müəllimlərin diaqnostik qiymətləndirilməsi, sertifikasiyaya, təlimlərə cəlb olunması, əmək haqlarına edilən əlavələr və onların öz üzərlərində işləyib daha böyük nailiyyətlər əldə etməsi Qönçə müəllimi ürəkdən  sevindirir.

 

Qönçə Məmmədova peşəsi ilə bağlı düşüncələrini bizimlə belə bölüşüb:

 

- Ulu Öndər Heydər Əliyev necə gözəl demişdir: Mən müəllimlikdən daha şərəfli bir ad tanımıram. Həqiqətən də, belədir. Biz müəllimlərin yetişdirdiyi şagirdlər müxtəlif sahələrdə uğur qazanaraq öz imzalarını tarixə yazırlar. Mən də bir müəllim olaraq öz işimə peşəkar yanaşır və gənc nəslin təlim, tərbiyə, təhsil sahəsində uğur qazanması üçün əlimdən gələn hər şeyi etməyə çalışıram. Unutmamalıyıq ki, bu gün təhsil komponentlərindən biri də inteqrasiyadır. Şagird öyrəndiklərini həyat ilə əlaqələndirməyi bacarmalıdır. Bu, onun gələcəkdə fərd olaraq qərarlar verməsinə köməklik edəcək. Ona görə də dərsə başlamazdan əvvəl  uşaqlara nəyi və necə öyrədəcəyimi planlaşdırır, sonda buna nail olmağa çalışıram. Təlim məqsədlərinin səmərəli şəkildə həyata keçməsi, təlimin şagirdlərin marağına uyğun olması, potensial imkanlarının üzə çıxması üçün bir çox fəal təlim üsullarından istifadə edirəm. Təlim üsullarını seçərkən nəzərə aldığım meyarlar isə bunlardır:

  1. Seçilmiş üsulun tətbiqində şagirdlərin təcrübələrinin olub- olmaması;
  2. Fənnin məqsədinin unudulmaması;
  3.  Seçilmiş üsulun təlimin forması ilə vəhdət təşkil etməsi;  
  4. Dərsdə veriləcək biliklərin həcmi,  neçə şagirdin iştirak etməsi, üsulun tətbiqinə sərf olunacaq vaxt, otağın şəraiti, zəruri texniki avadanlıq, təlim materiallarının təminatı, üsulun dərsin hansı mərhələsində tətbiq olunacağı;
  5. Təlimdə şagirdlərin yaş səviyyəsi.

 

Şagirdlərimlə dərsimi qurarkən daha çox əqli hücum, klaster, anlayışın çıxarılması, auksion, debat, rollu oyun, venn diaqramı, proqnozlaşdırılmış oxu kimi təlim metod və texnikalarından istifadə edirəm. Şagirdlərimin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirəcək metodlardan istifadə etməklə, onların öz fikirlərini sərbəst şəkildə çatdırmalarına şərait yaradıram. Şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirməklə məsələnin həlli yolunu, əsərin əsas ideyasını, iki obraz arasında oxşar və fərqli cəhətlərini tapmaq və ya onları müqayisə, təhlil etmə kimi bacarıqlar formalaşdırıram. Eyni zamanda, onlarda yaradıcı təfəkkürü inkişaf etdirməklə, yeni hekayələr yaratmaq, inşa və esse yazmaq, təqdimatlar etmək, layihələr hazırlamaq bacarıqlarını formalaşdırıram. Hər bir şagirdin öz işinə yaradıcı yanaşmasına nail oluram. Həm də şagirdlərin valideynləri ilə tez-tez ünsiyyətdə olur, vaxtaşırı onların övladlarının nailiyyət və uğursuzluqlarını bölüşürəm. Nəticədə,  müəllim, şagird və valideyn üçbucağı sayəsində problemlər də aradan qaldırılır.

                                                                 

Şakir CƏFƏROV