Tofiq ƏHMƏDOV,

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi, Akkreditasiya  şöbəsinin müdiri

 

Fəridə HÜSEYNOVA,

Akkreditasiya şöbəsinin aparıcı mütəxəssisi 

 

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyət planında nəzərdə tutulmuş təhsilin keyfiyyət təminatı üzrə yeni sistemin yaradılması istiqamətində inkişafyönümlü proqram və layihələr reallaşdırılmaqdadır. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi üçün yeni akkreditasiya qaydaları, standartları və göstəricilərini işləyib hazırlayıb və layihə sənədlərini müzakirəyə təqdim edib. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Akkreditasiya və Nostrifikasiya İdarəsi müxtəlif təhsil layihələrində və proqramlarında iştirak edərək beynəlxalq təcrübədən bəhrələnməyə çalışır.

İdarənin Akkreditasiya şöbəsi Avropa Birliyinin TAİEX proqramı çərçivəsində 2018-ci ilin 15-18 yanvar tarixində “Ümumi təhsil müəssisələrinin qiymətləndirilməsi” mövzusunda üçgünlük seminar keçirib. Seminar beynəlxalq təcrübə əsasında ümumi təhsil müəssisələrinin akkreditasiya qaydalarının, ümumi təhsil müəssisələrinin keyfiyyətinin qiymətləndirilməsi sahəsində standartların təkmilləşdirilməsinə həsr olunub. Seminarda beynəlxalq ekspert qismində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qlobal əlaqələr üzrə baş məsləhətçisi Elizabet Fordham və İrlandiyanın Dublin Universitetinin Təhsil Departamentinin Məktəb Siyasəti və Təcrübəsi şəbəkəsinin eksperti, Dublin Qiymətləndirmə, Keyfiyyət və Təftiş Mərkəzinin (EQİ) direktoru Joe O'Hara iştirak edirdi.

Tədbirin başlıca mövzusunu ümumtəhsil müəssisələrində akkreditasiya zamanı qiymətləndiriləcək istiqamətlər və standartların təhsilin inkişaf strategiyası ilə əlaqələndirilməsi, akkreditasiya prosesinin həyata keçirilməsi mərhələləri, qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi və məktəblərin özünütəhlil hesabatının hazırlanması istiqamətində üstün beynəlxalq təcrübənin öyrənilməsi təşkil edirdi.

Ənənəvi olaraq ümumi təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi normativ-hüquqi sənədlər əsasında aparılmaqla daha çox kəmiyyət göstəriciləri nəzərə alınırdı. Müəssisədə daha çox müəllim və şagird sayının məktəbin ölçüsünə və otaqların sayına görə düzgün müəyyən edilməsi, məktəbin infrastruktur baxımından təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi, müəssisənin maddi-texniki bazasının qiymətləndirilməsinə diqqət yetirilirdi. Tədrisin keyfiyyəti daha çox tədris ilinin sonunda şagirdlərin buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbulu üzrə olan imtahan nəticələrinə görə ölçülürdü. Lakin məktəbdaxili keyfiyyətə nəzarət mexanizmi kimi “davamiyyət”, “test imtahan nəticələri”, “davranışa nəzarət”, məktəb pedaqoji kollektivinin “stajkeçmə” və ya “ixtisasartırma” kurslarında iştirakı, dərs saatlarının düzgün bölünməsi, tədris planlarının vaxtında yazılması və s. kimi meyarlar təhsilin keyfiyyətinin qiymətləndirilməsində müasir yanaşmalara cavab vermir.

Seminar çərçivəsində təqdim olunan ilk mövzu Avropa ölkələrində keçirilən “Məktəb qiymətləndirilməsində ən yaxşı təcrübə” başlığı altında idi. Təqdimatçılar müxtəlif ölkələrin ən yaxşı nümunələrini təqdim etdilər. Bu istiqamətdə seminarda ətraflı müzakirələr keçirilirdi. Elizabet Fordham İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrin (OECD) “Məktəb qiymətləndirilməsi” siyasəti haqqında çıxış edərək qeyd etdi ki, müəssisənin qiymətləndirilməsi məktəbdə fəaliyyət göstərən strukturların və proseslərin keyfiyyətə istiqamətlənməsi iki mərhələdən - məktəbin daxildən özünüqiymətləndirmə və xarici bir orqan tərəfindən qiymətləndirilməsi istiqamətində həyata keçirilməlidir. Burada əsas mərhələ məktəbin özünüqiymətləndirmə siyasətinə malik olması və inkişafa xidmət edən hesabatın hazırlanması mərhələsidir. Hesabatda faktlar və sübutlara əsaslanan məlumatların olması üçün məktəbin idarə olunmasında, təlimin məzmunu və tədrisin təşkilində, eyni zamanda təhsilverənlərin keyfiyyət göstəriciləri və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində yeni strategiyaların tətbiqi yolları və bu sahədə müəssisənin əldə etdiyi nailiyyətlər öz əksini tapmalıdır. Sinif müşahidələrinin təşkili və müsahibələrin, kazusların keçirilməsi, toplanılan məlumatlarda rəqəmlərin keyfiyyət əmsalının ölçülməsi, müqayisəli analiz və əldə olunan nəticələrin təhlili məktəbdaxili keyfiyyət üzrə hesabatın hazırlanmasında tətbiq edilən ən yaxşı metodlar hesab edilir. Məktəbin özünütəhlil hesabatında zəif və üstün cəhətlərin, problemlərin müəyyən edilməsi, onları yaradan səbəblərin aşkar edilməsi və aradan qaldırılması yolları, yeni metod və modellərin tətbiqi, inkişaf etdiriləcək sahələrin daha səmərəli olması hesabatın dəyərini müəyyən edən amillər kimi qeyd olundu.

Beynəlxalq ekspertlər ümumi təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsində bir çox ölkənin qabaqcıl təcrübəsini bölüşərək, bunların hər birinin üstün cəhətlərinin olduğunu göstərdilər. Yeni Zelandiya, İrlandiya, İngiltərə, Niderland, Danimarka kimi ölkələrin ümumi təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi sahəsində tətbiq olunan mövcud təlimatların məzmunu və qiymətləndirilmə prosesinin mahiyyəti açıqlandı. Yeni Zelandiyanın “Məktəb qiymətləndirməsi” nümunəsində maraqlı fikirlər əsasən qiymətləndiriləcək istiqamətlərin təlimin keyfiyyətinə xidmət etməsi yolları kimi qiymətləndirmə mexanizmləri təqdim olundu.

Beynəlxalq təcrübə onu deməyə imkan verir ki, ümumi təhsil müəssisəsinin fəaliyyətinin xarici qiymətləndirmə orqanı tərəfindən qiymətləndirilməsində ilkin mərhələ tədrisin keyfiyyətinə və uğurlu təlim nəticələrinin əldə olunmasına istiqamətlənməlidir. Bu zaman məktəb idarəolunması və təlimin təşkilinin keyfiyyət standartlarına uyğunluğu, hər bir sahənin qiymətləndirilməsi üçün təlimatın olması, hər bir fənnin tədrisi proqramları və standartları (kurikulum) ayrılıqda təlim nəticələrinin əldə olunmasına xidmət etməsini müəyyən edən meyarlarla ölçülməli və qiymətləndirilməlidir. Xarici qiymətləndirmədə keyfiyyətin inkişaf etdirilməsinə şagird-müəllim-valideyn məmnunluğunun ölçülməsi üzrə meyarların daxil edilməsi də vacib şərtlərdən hesab edilir.

Ümumi təhsil müəssisəsi kimi məktəbin daxili keyfiyyətinin qiymətləndirilməsində məktəb sənədlərinin dövlət standartlarına uyğunluğu, məktəbin idarəolunmasında rəhbərliyin müasir təlimatlar əsasında təhsildə real təlim mühiti yaratması, araşdırma aparmaq, tənqidi düşünmək, yeniliklərin gətirdiyi fürsətləri görmək və dəyərləndirmək, məsuliyyətlərin bölüşdürülməsində güvən yaratmaq və daxili nizam-intizam qaydaları üzrə lazımi səriştələrə malik olması qiymətləndirilməlidir. Daxili qiymətləndirməyə kritik yanaşılmalı və tənqidi fikirlər yalnız inkişafa ehtiyacı olan sahələri təkmilləşdirmək məqsədi daşımalı, tövsiyələr formasında hesabatda qeyd edilməlidir.

Tədrisin keyfiyyətinin dayanıqlı olması üçün məktəb özünütəhlil hesabatının yeni mexanizmlərlə hazırlanmasında bir çox yeni fikir söylənildi və beynəlxalq ekspertlər layihənin mövcud formatı üzrə bəzi dəyişikliklər və düzəlişlərın aparılmasını tövsiyə etdilər.

Seminarın praktiki faydası məktəb idarəçilərinin ümumi təhsil müəssisələrinin akkreditasiya qaydaları və qiymətləndirmə standartları haqqında bilik və məlumatlarını, məktəb idarəçiləri ilə birlikdə müzakirə şəklində yeni akkreditasiya qaydaları və keyfiyyət standartlarını təkmilləşdirmək oldu.