27 sentyabr - 1 oktyabr tarixlərində Azərbaycan
müəllimləri Moskvada keçiriləcək "İntel"
şirkətinin "1 şagird - 1 kompüter elektron
mühitinin təşkili" mövzulu treninqində iştirak
edəcəklər. Treninqlər Azərbaycanın da iştirak
etdiyi "İntel"-in "1 şagird - 1 kompüter" qlobal
layihəsi çərçivəsində təşkil olunacaq. "İntel"
tərəfindən master-təlimçi (tyutor) kimi
sertifikatlaşdırılacaq treninqlərdə iştirak
etmiş müəllimlər gələcəkdə eyni kursları
Azərbaycanda keçirəcəklər.
Treninqin məqsədi müxtəlif qrupların
(məktəblilər, valideynlər, müəllimlər, məktəbin
rəhbərliyi) maraqlarının nəzərə alınması ilə
məktəbin tədris prosesində "Classmate PC" məktəb
noutbukunun tətbiqi prosesini
modelləşdirməkdir. Qeyd etmək lazımdır ki,
treninq "1 şagird - 1 kompüter" elektron tədris
modeli çərçivəsində artıq fəaliyyətə başlayan və
ilkin İKT bacarıqlarına malik olan müəllimlərə
istiqamətlənir.
Gələcəkdə Azərbaycan müəllimlərinin bir il
ərzində sözügedən layihəni dəstəkləməsi və bu
müddət ərzində ölkə müəllimləri üçün
treninqlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan müəllimləri "İntel"-in
təşəbbüslərində Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və "İntel" korporasiyası
arasında imzalanmış Anlaşma Memorandumu
çərçivəsində iştirak edirlər. "1 şagird - 1
kompüter" layihəsi "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində həyata keçirilir.
Şakir CƏFƏROV |