Azərbaycan Dövlət Neft Akademiyasının rektoru
Siyavuş QARAYEVİN çıxışı
- Zati-aliləri, Azərbaycan Respublikasının
Prezidenti!
Hörmətli qonaqlar!
Əziz müəllimlər və tələbələr!
Xanımlar və cənablar!
İcazə verin, ilk növbədə, hamınızı Avropa və
Asiyada neft-qaz təmayüllü ilk texniki ali
təhsil müəssisəsi olan Azərbaycan Dövlət Neft
Akademiyasında salamlayım və qonaqlarımıza bu
qocaman elm və təhsil ocağına "Xoş gəlmişsiniz!"
deyim.
Bu gün ali məktəbimizin həyatında ən fərəhli,
yaddaqalan günlərdən biridir. Bu gün Neft
Akademiyasının 90 illik yubileyini bayram
şənliyi kimi qeyd edirik və xoşbəxtik ki, belə
bir gündə hamımızın dərin hörmət və məhəbbətini
qazanmış, təhsilimiz və elmimizin inkişafı ilə
bağlı daim qayğısını hiss etdiyimiz,
zati-aliləri cənab Prezidentimiz iştirak edir.
Cənab Prezident, bizim bu mərasimə təşrif
gətirməyinizə görə Sizə dərin minnətdarlıq və
təşəkkürümüzü bildiririk.
Cənab Prezident, Neft Akademiyasının 90 illik
yubileyinin keçirilməsi barədə sərəncamınız, 66
nəfər əməkdaşımızın Azərbaycanın ən yüksək
mükafatları və fəxri adları ilə təltif olunması
barədə imzaladığınız sərəncamlar, bilavasitə
göstərişiniz əsasında təhsil ocağımızda müasir
memarlıq səviyyəsində təmir işlərinin aparılması
Neft Akademiyasına olan böyük diqqət və qayğının
təzahürüdür. Ona görə də, cənab Prezident, icazə
verin kollektivimizin adından Sizə dərin
minnətdarlığımızı bildirək.
Hörmətli xanımlar və cənablar, elmi və texniki
sahədə yüksəkixtisaslı mütəxəssis hazırlığında
xüsusi xidməti olmuş Azərbaycan Dövlət Neft
Akademiyasının 90 il ərzində keçdiyi tarixi
inkişaf yolu çox zəngin və şərəflidir. 1920-ci
ilin noyabr ayında imzalanmış dekretə əsasən
yaradılmış və ölkəmizdə sənayenin tələblərinə
müvafiq olaraq bir neçə adda fəaliyyət göstərmiş
ali məktəbimiz 1992-ci ildən Azərbaycan Dövlət
Neft Akademiyası adlandırılır. Təhsil ocağımız,
ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək,
respublikamızda hazırda fəaliyyət göstərən
Azərbaycan Texniki Universiteti, Azərbaycan
Memarlıq və İnşaat Universiteti, Azərbaycan
Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət
Universiteti və Mingəçevir Politexnik
İnstitutunun yaranmasında baza rolu oynamışdır.
Yarandığı gündən Neft Akademiyası yanacaq-enerji
və neft-kimya kompleksi sahələri üçün
yüksəkixtisaslı mühəndis və elmi kadrların
hazırlanması istiqamətində fəaliyyət göstərmiş,
təhsil prosesinin, elmi-tədqiqat işlərinin
təşkilində uğurlar qazanaraq SSRİ-nin qabaqcıl
ali təhsil müəssisəsinə çevrilmişdir.
Neft Akademiyası keçmiş İttifaqda,
respublikamızda, xarici ölkələrdə yüksək dövlət
vəzifələrində, sənaye, elm və təhsil sahələrində
aparıcı yer tutan, tədris ocağımızı dünyaya
tanıtdıran məzunları ilə fəxr edir. Ümummilli
liderimizin iki il burada təhsil alması Neft
Akademiyasının tarixində şanlı və əbədi iz
qoymuş, onu məbədgaha çevirmişdir. Ulu öndərin
"Neft Akademiyasının Azərbaycanda sənayenin,
iqtisadiyyatın, elmin, elmi-texniki tərəqqinin
inkişafında xüsusi rolu olmuşdur" sözlərini yada
salmaq yerinə düşər.
Neft Akademiyası dünyanın 70-ə yaxın ölkəsi üçün
4000-dən çox bakalavr, mühəndis, magistr,
300-dən artıq elmlər namizədi və elmlər doktoru
hazırlamışdır. Ali məktəbimizin beynəlxalq
əlaqələri "Əsrin müqaviləsi" ilə başlayan neft
sazişləri imzalandıqdan sonra daha geniş vüsət
almışdır. Təhsil ocağımızda beynəlxalq
proqramlar üzrə ABŞ-ın Corciya Universiteti,
Almaniyanın Ziqen Universiteti, Fransanın Nitsa
Universiteti, Paris Neft və Mühərriklər
İnstitutu, İtaliyanın Genuya Universiteti ilə
mütəxəssislər hazırlanmasına başlanılmış və bu
işlər davam edir. Hazırda Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq şirkətlərlə tədris, elm
sahələrində əməkdaşlıq edilir, tələbələrimizə
təqaüd verilir, onlar bu təşkilatların aparıcı
neft və qaz sənayesi obyektlərində təcrübə keçir
və şirkətlər məzunları işlə təmin edirlər. Misir
Ərəb Respublikasında Neft Akademiyasının
filialının açılması ilə bağlı işlərin görülməsi
kollektivimizə verilən qiymət və müasir dövrün
tələblərinə cavab verən yanacaq-enerji və
neft-kimya kompleksi sahələrində mütəxəssislərin
hazırlığına inamın təzahürüdür.
Möhtərəm Prezidentimiz, Siz ümummilli liderimiz
Heydər Əliyevin milli təhsil quruculuğu
sahəsindəki siyasətini uğurla davam
etdirirsiniz, təhsilimizin inkişafı üçün
islahatların aparılması istiqamətində
genişmiqyaslı işlər görürsünüz və onlar Sizin
söylədiyiniz "Biz maddi dəyərlərimizi, iqtisadi
potensialımızı insan kapitalına çevirməliyik"
fikrinizin reallaşacağını göstərir. Təhsilimizin
inkişafı ilə bağlı sərəncamlarınız onun dövlət
siyasətində ən mühüm prioritet olmasını bir daha
sübut edir.
Təhsilimizin inkişafında Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın rolunu xüsusi qeyd etmək istərdim.
Mehriban xanımın təhsilimizə, mədəniyyətimizə,
incəsənətimizə, idmanımıza hamiliyi xalqımız
tərəfindən yüksək qiymətləndirilir.
Hazırda Neft Akademiyasının qarşısında duran
əsas məsələ təhsilimizin Avropa məkanına
inteqrasiya prosesinin, Boloniya Bəyannaməsinin
tələblərinin yerinə yetirilməsi sahəsində
işlərin həyata keçirilməsidir.
Möhtərəm cənab Prezident, Neft Akademiyasının
əməkdaşları və tələbələri Sizin Azərbaycan elmi
və təhsilinin beynəlxalq aləmdə nüfuzunun
yüksəldilməsində, ölkəmizin iqtisadiyyatının
sürətli inkişafında, siyasi sabitliyin qorunub
saxlanılmasındakı misilsiz xidmətlərinizi
dərindən dərk edir və müdafiə edirlər.
Zati-aliləri, çıxışınızda təhsilimizin,
elmimizin inkişafı, müasir dövrün tələblərinə
uyğun mütəxəssis hazırlanması ilə bağlı
qarşımıza qoyduğunuz vəzifələri kollektivimiz
gələcək fəaliyyət proqramı kimi qəbul edir. Sizə
söz veririk ki, bu proqramın həyata keçirilməsi
istiqamətində var gücümüzü sərf edəcəyik.
***
Qubkin adına Rusiya Dövlət Neft və Qaz
Universitetinin rektoru, professor Viktor
MARTINOV Azərbaycan Dövlət Neft Akademiyasının
90 illik yubileyində iştirak etməkdən məmnun
olduğunu dedi. Qeyd etdi ki, bu ali təhsil ocağı
ilə onları çoxillik əlaqələr bağlayır. Bu
yaxınlarda Moskvada Qubkin adına Rusiya Dövlət
Neft və Qaz Universitetinin 80 illik yubileyinin
qeyd edildiyini diqqətə çatdıran Viktor Martınov
ADNA-nın yubileyinə böyük heyətlə gəldiklərini
bildirərək dedi:
- Bütün bu illər ərzində təkcə ali
məktəblərimizin deyil, neftçilərimizin də
dostluğu davam edir. Çünki neftçilər elə
insanlardır ki, onları çox çətin və məsuliyyətli
iş birləşdirir. Axı ölkələrimizdə insanların
firavanlığı çox cəhətdən neftçilərdən asılıdır.
Biz həmişə deyirik ki, missiyamız insanlara
hərarət, işıq, xeyirxahlıq bəxş edən kadrlar
yetişdirməkdir. Ölkələrimizdə neft və qaz
iqtisadiyyatın əsasıdır. Özü də təkcə bugünkü
iqtisadiyyatın deyil, yəqin ki, ortamüddətli və
ola bilsin ki, hətta uzunmüddətli iqtisadiyyatın
əsasıdır. Ölkələrimizin neft və qaz sənayesi
yeni texnologiyaların önündə gedir. Buna görə də
biz çox işlər görməliyik, yeni texnologiyaları
işləyib hazırlamaq və tətbiq etmək, yeni
müştərək layihələri həyata keçirmək lazımdır.
Biz bütün bunları birlikdə etməliyik.
Qubkin adına Rusiya Dövlət Neft və Qaz
Universitetində Azərbaycan Dövlət Neft
Akademiyasının məzunlarının çalışdığını deyən
Viktor Martınov bir daha təbriklərini çatdırdı,
xalqımıza firavan həyat arzuladı.
***
Rumıniya Neft və Qaz Universitetinin rektoru,
professor Vlad ULMANU bu tədbirdə iştirak
etməkdən şərəf hissi duyduğunu söylədi. Qonaq
hər iki təhsil ocağı arasında əməkdaşlıq
əlaqələrindən danışaraq bildirdi:
- Fürsətdən istifadə edib Azərbaycan
Respublikasının Prezidenti, zati-aliləri İlham
Əliyevə təşəkkürümü bildirirəm ki, o, təhsilin
inkişafı ilə bağlı böyük işlər görmüş Heydər
Əliyevin siyasətini uğurla davam etdirir. Bu
siyasət ölkədə təhsilin səviyyəsini yüksəltmək
üçün mühüm rol oynayır.
İcazənizlə universitetimizin kollektivi adından
hazırlanmış təbrik məktubunu təqdim edim. Mən bu
məktubun son hissəsini oxuyacağam: Zəka və elmin
inkişafı üçün innovativ yeniliklərin tətbiqi
istiqamətində fəaliyyətinizdə sizə uğurlar
arzulayırıq. Biz sizinlə beynəlxalq əməkdaşlığı
inkişaf etdirməkdən şərəf duyuruq. Elmi
əlaqələrimizin ali məktəblərimizin akademik
səviyyəsinin inkişafına töhfələr verəcəyinə
əminik. Yubileyinizi təbrik edir, sizə elmi və
pedaqoji fəaliyyətdə yeni uğurlar arzulayırıq.
***
Yesenov adına Kaspi Dövlət Texnologiyaları və
İnjinirinq Universitetinin rektoru, professor
Abdumutalip ABJAPPAROV Qazaxıstanın nümayəndə
heyəti adından təbriklərini çatdırdı, 90 il
ərzində Azərbaycan Dövlət Neft Akademiyasında
elmi-pedaqoji məktəbin formalaşdığını və bütün
dünyada tanındığını söylədi. Bildirdi ki, bu gün
akademiyanın məzunları 70-dən çox ölkədə
çalışır. O, ölkələrimiz arasındakı dostluq
münasibətlərindən də söhbət açdı. Qonaq
Azərbaycanın sürətli inkişafından danışaraq
dedi:
- Bu gözəl akademiyanı görəndə, onun inkişafına,
indiki durumuna əsasən dövlətiniz barədə də
mühakimə yürüdə bilərik. Biz Azərbaycanın, Bakı
şəhərinin inkişafında da gözəl dəyişiklikləri
görürük və sizin həqiqi dostlarınız kimi buna
sevinirik. Mən fəxr edirəm ki, Heydər Əliyev
adına Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin
Rəyasət Heyətinin üzvüyəm və bu cür gözəl
dəyişiklikləri hiss etmək mənə ikiqat xoşdur.
Düşünürəm ki, ali məktəblərimiz arasında
əlaqələr xalqlarımızın dostluq münasibətlərinin
inkişafına daha böyük töhfələr verəcəkdir.
Azərbaycan Neft Akademiyasına, Azərbaycan
xalqına daha firavan günlər arzulayıram!
Bayramınız mübarək, dostlar!
***
Almetyevsk Dövlət Neft İnstitutunun rektoru,
professor Aleksandr YEMEKEYEV də Azərbaycan
Dövlət Neft Akademiyasının kollektivini təbrik
etdi. O, Tatarıstanda neftin hasil edilməsində
Azərbaycan neftçilərinin rolundan danışdı,
hazırda Rusiyanın neft sənayesində çalışanların
bir çoxunun bu akademiyanın məzunları olduğunu
söyləyərək bildirdi:
- Sizin şanlı ali məktəblə bağlı çox insanın
adını çəkmək olar. Bizim uğurlu əməkdaşlığımıza,
Tatarıstan-Azərbaycan əlaqələrinin möhkəmliyinə
dəlalət edən çox parlaq hadisələri göstərmək
olar.
"Tatneft" Səhmdar Cəmiyyəti neftçilərin əfsanəvi
taleyindən bəhs edən kitab buraxmışdır. Bu gün
biz həmin kitabı sizə, sizin kollektivə təqdim
etmək istəyirik. Sizin uğurlarınız, nüfuzunuz
Azərbaycan Prezidentinin, ölkə rəhbərliyinin
təhsilə diqqət və qayğısının nəticəsidir. Sizin
hazırladığınız yüksəkixtisaslı mütəxəssislər bu
qayğıya layiqli cavabdır. Hörmətli həmkarlar,
sizi bir daha yubiley münasibətilə təbrik
edirəm, şanlı kollektivinizə və Azərbaycan
xalqına uğurlar arzulayıram!
***
Uxta Dövlət Texniki Universitetinin rektoru,
professor Nikolay TSXADAYA Rusiyanın şimal
bölgəsində yaşadığını və bu regionun inkişafında
azərbaycanlıların böyük rol oynadığını xüsusi
vurğuladı. Qonaq Azərbaycan neftinin inkişaf
tarixinə də nəzər salaraq dedi:
- Tarixə nəzər salsaq, bizi - Şimal və Cənubu
"ilk neft" anlayışı birləşdirir. İlk neft
dedikdə, əlbəttə, Azərbaycan nəzərdə tutulur.
İlk boru kəməri Azərbaycanda çəkilmiş, ilk
tankerlər Azərbaycanda inşa edilmişdir. Mənim
əzizlərim, bu bir danılmaz həqiqətdir ki,
dostluğumuzun əsası Azərbaycan Neft
Akademiyasıdır. Heç şübhəsiz, kadr hazırlığı ilə
yanaşı, bütün elmi-texniki innovasiyalar əsasən
burada, Neft Akademiyasında yaranmışdır.
Yaşasın böyük Azərbaycan, onun Neft Akademiyası!
***
Həştərxan Dövlət Texniki Universitetinin
rektoru, professor Yuri PİMENOV akademiyanın
məzunlarından danışdı, rəhbərlik etdiyi
universitetin kollektivi adından təbriklərini
çatdırdı. Həştərxan ilə Bakı arasındakı
münasibətləri qeyd edən qonaq, sakini olduğu
şəhərdə çoxlu azərbaycanlının yaşadığını
bildirdi. Həştərxanda güclü Azərbaycan
diasporunun fəaliyyət göstərdiyini qeyd edən
rektor, soydaşlarımızın bu şəhərin inkişafında
böyük rolu olduğunu vurğulayaraq dedi:
- Həştərxanda Nərimanov şəhəri, Həştərxan
vilayətinin mərkəzində Nərimanov rayonu, habelə
Bakı küçəsi vardır. Zənnimcə, ötən ay ümummilli
lideriniz Heydər Əliyevin abidəsini açmağımız
çox əlamətdar hadisə oldu. Bu, aramızdakı xüsusi
münasibətlərin və qarşılıqlı fəaliyyətin
nəticəsidir.
Biz 1996-cı ildən, Xəzəryanı Dövlətlərin
Universitetləri Assosiasiyasını yaradandan bəri
sıx əməkdaşlıq edirik. Hazırda Assosiasiyaya
Xəzəryanı dövlətlərin 40-dan çox ali məktəbi və
elmi tədqiqat institutu daxildir. Azərbaycanın
altı ali məktəbi bu assosiasiyanın üzvüdür və
biz bu əməkdaşlığı məmnuniyyətlə inkişaf
etdiririk.
Son illər Həştərxan vilayətinin inkişafının
strateji yolu karbohidrogen xammaldır. Lap bu
yaxınlarda universitetimizdə Neft və Qaz
İnstitutu açılmışdır. Biz bu istiqamətdə çox
perspektiv əməkdaşlığa ümid bəsləyirik.
Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin
təhsilin inkişafına göstərdiyi diqqət və qayğını
da xüsusi vurğulayaraq bildirdi:
- Ötən il mənə Bakı Dövlət Universitetinin 90
illik yubileyində, bu gün isə sizin
yubileyinizdə iştirak etmək xoşbəxtliyi nəsib
olmuşdur. Hər iki əlamətdar hadisə onunla
fərqlənir ki, burada Prezident iştirak edir.
Onun təhsilə göstərdiyi xüsusi diqqət, heç
şübhəsiz, öz bəhrəsini verir. Biz ali
məktəblərin abadlaşdırıldığını görürük.
Eşitmişik ki, maddi-texniki bazaya xeyli vəsait
yatırılır, büdcədə təhsil ikinci yerdədir. Bunun
özü də böyük diqqətdən xəbər verir.
Sizi bu gözəl yubiley münasibətilə
səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan Neft
Akademiyasının kollektivinin hər bir üzvünə
firavanlıq arzulayıram. Sizə uğurlar, inkişaf və
birəsrlik yubileyə doğru müvəffəqiyyətlə və
qətiyyətlə irəliləməyi arzulayıram. Salamat
qalın. Bayramınız mübarək!
AzərTAc |