XIX
əsrin əvvəllərində Azərbaycanda ilk dünyəvi
məktəblərdən biri musiqi incəsənətimizin
mərkəzi sayılan, dünyaya tanınmış ziyalılar, elm
və mədəniyyət xadimləri bəxş etmiş Şuşa
şəhərində açılmışdır. Həmin məktəbin varisi
Şuşa şəhər 1 nömrəli orta məktəbin bu il 180
yaşı tamam olur. Yubiley ərəfəsində məktəbin
şərəfli fəaliyyət yolunun araşdırılması
istiqamətində xeyli iş görülmüş və bir sıra
maraqlı tədbirlər həyata keçirilmişdir. Onların
ən diqqətçəkənlərindən biri bu şöhrətli təhsil
ocağının qısa tarixini və fəaliyyətini əks
etdirən kitabın çapdan buraxılmasıdır.
Məktəbin məzunu və müəllimi, Şuşa təhsilinin
cəfakeşi və alovlu təbliğçisi, pedaqoq - şair,
Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı
məsləhətçisi Əyyub Əbdüləzimovun (Əyyub
Şırlanlı) tədqiqatçılıq axtarışlarının və gərgin
zəhmətinin nəticəsi olaraq meydana gələn "Şuşa
Zaqafqaziyada müstəsna əhəmiyyət kəsb edən
təhsil mərkəzi və ziyalılar şəhəridir" kitabı bu
günlərdə işıq üzü görmüşdür.
Redaktoru və ön sözün müəllifi pedaqoji elmlər
doktoru, professor Akif Abbasov olan kitabda
Şuşa qəza məktəbinin keçdiyi tarixi yoldan, onun
sələflərinin, xüsusən də indi Şuşa şəhər 1
nömrəli məktəb kimi tanınan təhsil ocağının
fəaliyyətindən, yetirmələrindən, adlı-sanlı
müəllimlərindən, məzunlarının uğurlarından,
bütövlükdə Şuşa ziyalılarının pedaqoji
fikrimizin inkişafındakı rolundan bəhs olunur.
Kitabda həmçinin Şuşanın tarixi, mədəniyyəti,
memarlıq və incəsənət abidələri haqqında da
maraqlı məlumatlar vardır.
Yusif ƏLİYEV |