Fransanın Versal Akdemiyasının bir qrup
professoru bu günlərdə Azərbaycan Müəllimlər
İnstitutunun Qazax filialının qonağı olub.
Nümayəndə heyətinin səfərinin əsas məqsədi
filialın əlavə təhsil sahəsində görülən işləri
nəzərdən keçirmək, ixtisasartırmada tədris
prosesi ilə tanış olmaq, Qazax RTŞ nəzdində
yerləşən dayaq məntəqələrində keçirilən
tədbirləri yaxından müşahidə etmək və əldə
olunmuş nəticələri birgə müzakirə etmək idi.
Qonaqlar əvvəlcə filial binasının qarşısında
ucaldılmış "Ana dili" abidəsi, şəhid bulağı və
filialın ayrı-ayrı struktur bölmələri ilə tanış
olublar. Daha sonra nümayəndə heyəti rayonun
görməli yerlərini gəzmiş, "Mütəfəkkirlər
parkı", Qazax Dövlət Rəsm Qalereyası, tarix
diyarşünaslıq muzeyi və rayon ərazisində
yerləşən digər tarixi memarlıq abidələrində
olmuş və özlərinin də qeyd etdiyi kimi xoş
təəssürat əldə etmişlər.
Səfərin ikinci günü nümayəndə heyəti rayon
təhsil şöbəsi nəzdində yerləşən və müxtəlif
ixtisaslar üzrə fəaliyyət göstərən bir neçə
dayaq məntəqələrinin işi ilə tanış olub.
Qazax şəhər 4 nömrəli orta ümumtəhsil məktəbində
fransız dili dərsində iştirak edən qonaqları
8-ci sinif şagirdləri fransız dilində
salamlayaraq onlarla qısa dialoq yaradıblar.
Nümayəndə heyətinə məktəbin yerləşdiyi binanın
keçən əsrin əvvəllərində Qori seminariyasının
tədris binası olduğu barədə geniş məlumat
verilib.
Sonra fransalı qonaqlar Qazax şəhər 1 nömrəli
orta ümumtəhsil məktəbində Milli Kurikulumla
aparılan tədris prosesi ilə tanış olmaq üçün I,
II, III siniflərdə keçilən dərslərdə iştirak
ediblər. Məktəbdə ibtidai sinif, tarix və
coğrafiya kabinetlərində təşkil olunmuş dayaq
məntəqələrinin rəhbərləri, ixtisas müəllimləri
və məktəb rəhbərliyi ilə görüş keçirilib.
Qonaqlara AMİ-nin Qazax filialının əlavə təhsilə
aid təşkil olunan ixtisasartırma kursları və bu
kursların onların fəaliyyətində mühüm rolu
barədə məlumat verilib. 1 nömrəli orta məktəbdə
yaradılmış tarix muzeyi, muzeydə sərgilənən
eksponatlar qonaqlarda Qazax rayonunun, eləcə də
bütövlükdə Azərbaycanın tarixi keçmişi haqqında
müəyyən təəssürat yaradıb.
Qonaqlar istər 1 nömrəli orta məktəbdə, istərsə
də Ağköynək kənd orta məktəbində təşkil olunmuş
dayaq məntəqələrinin fəaliyyətini yüksək
qiymətləndiriblər.
Qonaqlar AMİ-nin Qazax filialında əlavə təhsilin
təşkili ilə məşğul olan əməkdaşlarla da xüsusi
görüş keçiriblər. Auditoriyalarda, kompüter
otağında və linqafon kabinetlərində
ixtisasartırma məşğələlərinin gedişini
izləyiblər.
Sonra nümayəndə heyəti filialda rayon təhsil
şöbələrindən ixtisasartırma təhsilinə ezam
olunmuş orta məktəb müəllimlərinə keçilən
məşğələlərdə də iştirak edibər. Onlar təlimçi
müəllimlərin peşəkarlığını yüksək
qiymətləndiriblər.
Səfərin sonunda qonaqlar filial rəhbərliyi ilə
keçirilən görüşdən razı qaldıqlarını qeyd etmiş
və Qazaxdan xoş təəssüratla ayrıldıqlarını
bildiriblər.
Nizaməddin BABANLI,
AMİ-nin Qazax filialının
direktor müavini |