Məlumdur ki, Azərbaycan ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində, o cümlədən AMEA-nın magistraturasında tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki,  Akademiyanın  prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə sərəncam imzalayıb.

 

Belə ki, AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün distant təhsilin təşkil edilməsi nəzərdə tutulub. Tədris prosesinə cəlb edilən professor-müəllim heyətinə öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında həyata keçirmələri tövsiyə olunub.

 

Həmçinin sərəncamda magistrantların distant tədris zamanı müvafiq fənlərin öyrənilməsində əldə etdikləri bilik və bacarıqlarının qiymətləndirilməsi, sərbəst işlər və kollokviumların onlayn rejimdə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova həvalə edilib.