Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) martın 16-dan başlayan onlayn dərslərin təşkili uğurla davam edir.

 

Universitetdən bildirilib ki,  onlayn dərslər  “Zoom” platforması, Skype proqramı və videodərslər vasitəsi ilə həm bakalavr, həm maqistr pillələrində aparılır. Eyni zamanda bütün fənlər üzrə mühazirələr tələbələrin elektron kabinetinə yerləşdirilir.

          

AzMİU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına  görə,  universitet üzrə bu günə qədər 1500-ə yaxın onlayn dərs keçirilib, 5420 tələbə onlayn tədrisə cəlb olunub.

 

Ümumilikdə, universitet üzrə dərslərin 85 %-i onlayn formada təşkil edilib.

 

Bildirilib ki, onlayn dərslər əsasən, mühazirə və məşğələ formatında aparılır, virtual laboratoriyalar fəaliyyat göstərir. Kurs işi, buraxılış işi və maqistr dissertasiyalarına rəhbərlik, mövcud vəziyyətlə əlaqədar müəllim-tələbə arasında diskussiya formasında aparılır,  fərdi olaraq distant şəklində və internet imkanlarından istifadə edilərək cavablandırılır.          

           

Memarlıq  fakültəsi üzrə bu günə qədər onlayn dərslərdə daima iştirak edən tələbə sayı 1111, inşaat fakültəsi üzrə 820, nəqliyyat fakültəsi üzrə 860, ST MKS fakültəsi üzrə 1121, tikinti-iqtisad fakültəsi üzrə 859, inşaat-texnologiya fakültəsi üzrə 311, mexanika və informasiya texnologiyaları fakültəsi üzrə 338 nəfər olub. 

          

Onu da qeyd edək ki, universitetin bütün tələbələri müəyyən səbəblərdən (İnternet imkanlarının məhdudluğundan) onlayn dərslərdə iştirak edə bilmir. Belə tələbələrin sonradan həmin dərs materiallarını izləmək imkanı əldə etməsi üçün dərslərin böyük əksəriyyətinin video çəkilişi aparılır.