Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq, abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

 

DİM-dən verilən məlumata görə,  martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 20887 istifadəçi tərəfindən 48411 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

 

Bildirilib ki, portalda 5-ci sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçirilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.

 

Fənlər və siniflər üzrə sınaq imtahanlarına yazılmaqla, seçilən sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə bilikləri ayrı-ayrılqda yoxlamaq mümkündür. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək olar. Hər bir kəsin  yazıldığı imtahan fənni üzrə sınaq testləri kabinetininin sol küncündə “Yazıldığım xidmətlər” bölməsində 1 il müddətində aktivdir. Bu vaxt ərzində hər kəs test tapşırıqlarına, öz cavablarına və tapşırıqların düzgün cavablarına baxa bilər.

 

DİM-dən bildirilib ki, portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.