Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) online dərslərin gedişatının müzakirəsinə həsr olunan videokonfrans keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan hökumətinin atdığı addımlar sayəsində COVİD-19 infeksiyasından sağalanların sayının yoluxma hallarının sayını üstələdiyini qeyd edib. O, ölkə rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirərək operativ qaydada önləyici tədbirlər həyata keçirməsi nəticəsində pandemiyanın respublikada təhlükəli hədd almadığını bildirib.  Rektor 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə  Prezident  İlham Əliyevin karantin rejiminin davam etdirilməsi və ya yumşaldılması ilə bağlı qərarın situasiyadan asılı olaraq veriləcəyi barədə açıqlamasını xatırladıb və hər kəsi karantin qaydalarına əməl etməyə səsləyib.  

 

M.Babanlı sosial baxımdan həssas əhali qrupuna aid  ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsindən ödənilməsi barədə hökumətin verdiyi qərara toxunaraq,  40 milyon manat vəsaitin ayrılmasına dair humanist qərarın təqribən 16000 ali məktəb tələbəsinə, 6000-dək kollec, texniki-peşə məktəbinin şagirdlərinə şamil olunacağını və 2020-ci təqvim ilini tam əhatə edəcəyini bildirib. M.Babanlı  ADNSU-da ödənişli əsaslarla təhsil alan tələbələrin sayının nisbətən az olduğunu qeyd edib, sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan universitet tələbələrinin siyahısının hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunması istiqamətində işin başlandığını vurğulayıb.

 

ADNSU-da online tədrisin gedişatına toxunan rektor bakalavriat pilləsində təhsil alan tələbələr üçün  dərslərə martın 29-dan etibarən start verildiyini, aprelin 3-dən magistrlər üçün də internet üzərində dərslərin keçirilməyə başlandığını söyləyib.

 

Rektorun sözlərinə görə, ADNSU-da yüksək standartlara cavab verən elektron universitet sistemi – Unibook fəaiyyət göstərdiyindən, universitet  online tədrisə rahatlıqla start verə bildi. Universitet rəhbəri tələbələrin dərslərdə iştirakının gündəlik statistikasını da açıqlayıb. Onların  təqribən 85,5%-nin online dərslərdə iştirak etdiyini söyləyib. Tələbələrin online tədrisi qiymətləndirməsi məqsədilə sorğunun keçirildiyini də bildirən M.Babanlının sözlərinə görə, sorğuda iştirak edən 2258 tələbənin böyük əksəriyyəti online dərsləri müsbət dəyərləndirib, problem olaraq isə ölkənin bəzi bölgələrində internetin sürətinin zəif  olması qeyd olunub.

 

Rektor istehsalat təcrübəsi keçən tələbələrin buraxılış işləri, imtahan prosesinin təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsi, texniki-texnoloji ixtisaslar qrupuna aid fənlər və onların saatları ilə bağlı da fikirlərini bölüşüb.

 

ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Ümumi və Tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyev, geoloji kəşfiyyat fakültəsinin dekanı Naməd Paşayev və digərləri çıxış edərək rəy və təkliflərini veriblər.