Bakı Mühəndislik Universiteti (BMU) və BMU Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatı koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə aztəminatlı ailələrə yardım göstərib.

 

Universitetdən bildirilib ki, ümumilikdə, 20 ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq yardımı edilib. Yardım zamanı ailələrlə maarifləndirici xarakterdə  söhbətlər aparılıb, onlara evdə qalmaq tövsiyə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət edilməsi diqqətə çatdırılıb.   

 

Vurğulanıb ki, dünyada qlobal problemə çevrilən koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli və düşünülmüş tədbirlər həyata keçirilir. Xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində dövlət tərəfindən müvafiq işlər uğurla icra olunur. Eyni zamanda, əhalinin həssas təbəqəsinə aid  ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərilməsi üçün sosial aksiyalar keçirilir.