Karantin dövründə distant təhsilin tətbiqi zamanı tələbə mühitinin qorunub saxlanılması, dekanlarla canlı əlaqənin qurulması, dekan-tələbə ünsiyyətinin birbaşa davam etdirilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) bütün dekanları facebook sosial şəbəkəsi üzərindən canlı yayımda öz fakültələrinin tələbələri ilə görüşüblər.

 

Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, bakalavr və magistratura üzrə bütün fakültələrin dekanlarının təşkil etdikləri canlı yayımlarda tələbələri maraqlandıran suallar cavablandırılıb. Suallar,  əsasən imtahanların təşkili, sərbəst işlər, kollokviumlar, diplom işinin yazılması ilə bağlı olub. Tələbələr distant dərslərin evdən təşkilində və tədrisində hər hansı bir problemin olmadığını bildiriblər.

 

UNEC-in mübadilə və ikili diplom proqramlarında iştirak edən və hazırda xaricdə olan tələbələrlə də əlaqə yaradılıb. Onlar durumlarının normal olduğunu deyiblər.

 

Canlı yayım zamanı dekanlar tələbələrin sosial durumları ilə də maraqlanıblar. Bildirilib ki, UNEC THİK tərəfindən sosial həssas qrupa aid olan tələbələrin smart kartlarına pul vəsaitləri köçürülüb. 

 

UNEC-də fakültələrin işinin fasiləsizliyini təmin etmək üçün virtual dekanlıq da yaradılıb. Kafedra müdirləri, müəllimlər və əməkdaşlarla mütəmadi olaraq onlayn müzakirələr təşkil olunur. Fakültə katiblikləri, mentorlar müəllim və tələbələrin müraciətlərini operativ cavablandıraraq, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırırlar. Tələbələr 24/7 “Bir pəncərə” xidmətinə onlayn müraciət edərək müvafiq arayışlarla təmin olunurlar.