Koronovirus (COVİD-19) pandemiyası səbəbilə Bakı Dövlət Universitetində (BDU) onlayn dərslər uğurla davam etdirilir.

 

BDU-dan bildirilib ki, hazırda universitetin bakalavriat və magistratura səviyyələri üzrə, ümumilikdə 16 minə yaxın istifadəçi “Microsoft Teams” platformasından aktiv şəkildə yararlanır. Gündəlik dərslərin sayı orta hesabla 1500, istifadəçilərin sayı isə 10 000-dən çoxdur.

 

“Microsoft Teams” vasitəsilə videokonfrans yaratmaqla mühazirələr təşkil olunur, ev tapşırıqları verilir, sillabus, mühazirə və digər elektron dərs materiallarının tələbələrə ötürülməsi təmin edilir. Fərdi və ya qrup şəklində onlayn müəllim-tələbə ünsiyyəti keçirilən materialların daha dərindən mənimsənilməsinə imkan yaradır.

 

Platformanın verdiyi geniş imkanlardan istifadə edərək müvafiq kafedra əməkdaşları arasında onlayn müzakirələr və dərslərin fənn proqramlarını əhatə etməsinə nəzarət həyata keçirilir. Eyni zamanda 2020/2021-ci tədris ilində məzun olacaq tələbələrə yekun dövlət imtahanı üçün ayrılan sualların izah edilməsi, bakalavr və magistr dissertasiyaları ilə bağlı elmi məsləhətləşmələrin aparılması davam etdirilir.