Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun kollektivi öz fəaliyyətini karantin şəraitinə uyqun olaraq onlayn şəkildə davam etdirir.

 

İnstitutdan bildirilib ki, əməkdaşlar nəzərdə tutulan plan üzrə tədqiqatlarını aparmaqla  yanaşı,   “Türk dünyasının coğrafiyası  və etnosu”  kitabının üçüncü  cildi üzərində də  işlərini tamamlamağa çalışırlar.

 

Əvvəlcədən aparılan bölgüyə əsasən, institutun 20-dən artıq  alimi  öz  bölmələrini yazıb, elektron formada kitabın buraxılışına məsul,  institutun  elmi işlər  üzrə  direktor  müavini, dosent Məhərrəm Həsənova  göndərirlər. O,  hər bir bölməni  redaktə edir, ayrı-ayrı  dövlət və qurumların  coğrafiyası haqqında  verilmiş məlumatların  eyni sxem üzrə olmasını  gözləməklə onların üzərində işləyir və çapa hazırlayır.

 

Bildirilib ki, kitab son illər Coğrafiya İnstitutunun yerinə yetirdiyi və respublika miqyasından kənar ərazilərin coğrafiyasına həsr edilən ən mühüm işlərdən biridir.  Kitabın birinci cildi  2019-cu ildə çap edilib. Həmin cild, eyni zamanda  rus dilinə tərcümə olunub və nəşr edilərək oxucuların istifadəsinə verilib. Kitabın digər cildlərinin də rus dilinə tərcümə edilməsi və  MDB  məkanında yerləşən türkdilli dövlətlərə, eləcə də Rusiya Federasiyası tərkibindəki  milli türk qurumlarına göndərilməsi nəzərdə tutulur. Kitabın ikinci cildi də bu ilin əvvəllərində çapdan çıxıb.

 

“Regional  coğrafiya” adlanan və 3 fəsildən ibarət olan əsərin  birinci fəsli  müstəqil Türk  dövlətlərinə  həsr  edilib. Burada həmin dövlətlərin  həm fiziki, həm də  iqtisadi-sosial  coğrafiyası  haqqında məlumatlar öz əksini tapır.

 

İkinci fəsil Rusiya Federasiyası  tərkibində olan   milli türk qurumlarının,  o  cümlədən  Çin Xalq Respublikasının  tərkibindəki Sintsızyan-Uyğur Muxtar  rayonunun fiziki və iqtisadi-sosial coğrafiyasına həsr edilib. Kitabın üçüncü fəsli isə  müstəqil dövləti  və milli qurumu  olmayan türk xalqlarının coğrafiyasından bəhs edir.

 

M.Həsənov “Türk dünyasının coğrafiyası və etnosu”  üçcildliyinin  “Regional Coğrafiya”  adlanan bu  cildinin də  yüksək elmi keyfiyyətlə  hazırlanıb vaxtında çap edilərək oxuculara  çatdırılacağına əminliyini bildirib.