Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında cari il üçün təsdiq edilən plana uyğun  tədqiqat işləri uğurla davam etdirilir.

 

Laboratoriya rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev hesab edir ki, dünyada baş verən iqlim dəyişkənlikləri stress amillərin artmasına və bir çox qiymətli bitki növlərinin məhvinə səbəb olur. O, biomüxtəlifliyin qorunması, toplanması, bərpası, öyrənilməsi, o cümlədən yaranan stress amillərə qarşı davamlı genotiplərin aşkarlanmasının günün aktual məsələlərindən biri olduğunu bildirib.

 

“Naxçıvanda iqtisadiyyatın əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Muxtar respublikanın torpaq-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin, o cümlədən payızlıq taxılların (yumşaq və bərk buğda, arpa və s.), yem bitkilərinin (yonca, soya və s.) becərilməsi və onlardan yüksək məhsul alınması üçün əlverişli şəraitə malikdir    “ –deyə P.Fətullayev qeyd edib. 

 

Alimin sözlərinə görə, muxtar respublika şəraitində yüksək məhsuldar və keyfiyyətli buğda dəninin istehsalı ərzaq təhlükəsizliyinin təminatında əsas yerlərdən birini tutur. Naxçıvanın torpaq-iqlim xüsusiyyətlərinə uyğun, ekoloji plastikliyi, keyfiyyət göstəriciləri ilə fərqlənən kompleks təsərrüfat əlamətlərə malik yeni taxıl sortlarının yaradılması və fermer təsərrüfatlarında tətbiqi günün zəruri problemlərindəndir.

 

O, rəhbərlik etdiyi dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında bu sahədə mövcud olan müasir metodiki göstəricilər əsasında tarla şəraitində buğda hibridlərinin öyrənildiyini də diqqətə çatdırıb. Bildirib ki, aqrotexniki tədbirlər muxtar respublika üçün ümumi qəbul edilən qaydada aparılır.

 

P.Fətullayev vurğulayıb ki, 2019-2020-ci illərdə tədqiqat materialı olaraq bərk buğdanın 54, yumşaq buğdanın 41 hibridi və 49 bərk və yumşaq buğda sortları kolleksiya pitomnikində, əlavə olaraq bir bərk, bir yumşaq buğda hibridi və bir ikicərgəli, pivəlik istiqamətli arpa seçilərək artırma pitomnikində muxtar respublika şəraitində öyrənilməsi üçün tədqiqata cəlb edilib. Tədqiq edilən buğda sort və hibridlərinin toxumları institutun təcrübə sahəsində suvarma şəraitində səpilib və hazırda bütün nümunələrə vegetasiya suları verilməkdədir.

 

Alim laboratoriyida, həmçinin heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında əsas yem bazasının əhəmiyyətli bir hissəsini təşkil edən, torpağın münbitlik səviyyəsini daha da yaxşılaşdıran yonca bitkisinin də öyrənildiyini söyləyib: “Müxtəlif mənşəli 8 yonca bitkisi sortlarının muxtar respublika şəraitində xəstəlik və ziyanvericilərə qarşı davamlılığı, gübrələrin, su normasının və biçin sayının məhsuldarlığa təsiri öyrənilib, bu sortların keyfiyyət analizləri, qiymətləndirilməsi və müqayisəsi aparılıb”.

 

O, laboratoriya əməkdaşlarının bu günlərdə 15 soya bitkisinin-“Sinara”, “Apisa”, “Opus”, “Krasnodar-68”, “Alexa”, “Kyota”, “Kofu”, “Antonia”, “Regale I-II”, “Bravo I-II”, “Kanata”, “Angelica” və “Asuka” adlı sortlarının ümumi qəbul edilən metodikalara uyğun əkininin aparıldığını bildirib. Qeyd edib  ki, tərkibindəki zülalın miqdarına və digər qiymətli bioloji aktiv maddələrə görə dənli paxlalı bitkilər arasında əsas yerlərdən birini tutan soya zülalının tərkibinə bütün amin turşuları daxildir.

 

“Bitki yağ istehsalına görə dünyada birinci yeri tutan soya dəninin tərkibində zülallarla yanaşı, 18-24% yağ, külli miqdarda A, B, D, E vitaminlər də vardır ki, bunlar da insan orqanizminin normal inkişafını təmin edir, bəzi xəstəliklərin qarşısını alır”,-deyə laboratoriya rəhbəri əlavə edib.

 

Türkanə Bəylərli

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı