Sumqayıt Dövlət Universitetində (SDU) ali məktəbin kimya və biologiya fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə COVID-19 pandemiyasına həsr olunan onlayn maarifləndirici seminar keçirilib.

 

Universitetin humanitar məsələlər üzrə prorektoru,  dosent Ramiz Hüseynov son günlər bütün dünyada geniş vüsət alan koronavirus  epidemiyası ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə dövlətin və onun müvafiq orqanlarının Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alaraq  mübarizə məqsədilə həyata keçirdikləri qabaqlayıcı tədbirlər bu virusun yayılmasının qarşısının alınmasında və nəzarətdə saxlanılmasında böyük əhəmiyyətə malikdir.

 

“ÜST-ün, BMT-nin yaydığı məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bir çox böyük dövlətlərdən fərqli olaraq pandemiyaya qarşı mübarizəsi effektiv nəticələr verir. Prezident İlham Əliyevin uzaqgörənliyi, baş verənlərə dərhal ciddi reaksiya verməsi qısa vaxtda gördüyü işlər digər ölkələr üçün nümunəyə çevrildi. Koronavirusla mübarizə məqsədilə fond yaradıldı, ilk olaraq Prezident İlham Əliyev həmin fonda birillik əməkhaqqısını keçirdi; bu xeyirxah missiyanı Birinci vitse-prezident Mehriban Əliyeva davam etdirdi; Azərbaycan Prezidentinin təşəbbüsü ilə respublikamızda yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərin sayı artdı”-deyən prorektor  koronavirus  pandemiyası ilə əlaqədar  sosial baxımdan həssas əhali qrupuna göstərilən dəstəkdən də danışıb.   

 

R.Hüseynov  Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən bir neçə dəfə universitetin bütün tədris binalarında: dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşağında aparılan  dezinfeksiya işlərini də qeyd edib.

 

Kimya və biologiya fakültəsinin dekanı, dosent Mahal Muradov virusun törətdiyi fəsadlar və onlardan necə qorunmaq yolları  barədə danışıb. O, koronovirusla mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə yanaşı, ayrı-ayrı fərdlərin də bu prosesdə böyük rolu olduğunu bildirib, insanların şəxsi gigiyena qaydalarına əməl etməsinin vacibliyini vurğulayıb.

 

Dekan müavini, dosent Müşkünaz Nəzərova “Fakültədə keçirilən onlayn dərslərin təşkili”, biologiya və onun tədrisi metodikası kafedrasının dosentləri- Lalə Bünyatova “COVID-19-un etiologiyası, yoluxma yolları, uşaqlarda və böyüklərdə müşahidə olunan simptomları haqqında məlumat”, Xanəhməd Həsənov “COVID-19 virusunun biologiyası”, 323 saylı qrup tələbəsi Anar Güllərli “COVID-19 pandemiyası ilə əlaqəli olaraq Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi qabaqlayıcı tədbirləri” mövzularında çıxış ediblər. Məruzəçilər xəstəliyin profilaktikası, ondan qorunma yolları, müalicəsi ilə bağlı ətraflı məlumat veriblər.