Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini sosial təcrid şəraitində davam etdirirlər.

 

Belə ki, “Müasir Azərbaycan dilinin qrammatikası”nın yeni akademik nəşri üzərində tədqiqat işləri aparılır.

 

İnstitutdan bildirilib ki, sonuncu dəfə 1970-80-ci illərdə iki cilddə çap olunan, fonetika, leksika, morfologiya və sintaksis bölmələrindən ibarət akademik nəşr əsas götürülüb, yeni varianta bir sıra dəyişikliklər, indiyə qədər işlənilməyən mövzular daxil edilib.

 

Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımovun rəhbərliyi və şöbənin bütün əməkdaşlarının gərgin əməyi nəticəsində dörd cilddə planlaşdırılan “Müasir Azərbaycan dilinin qrammatikası”nın birinci cildi – fonetika hissəsi çapa tam hazırlanıb. İkinci cild – leksika hissəsi üzərində tədqiqatların əsas hissəsi yerinə yetirilib. Kollektiv monoqrafiyanın leksika hissəsinin “Azərbaycan dilinin leksikası” bölməsini institutun qocaman əməkdaşı, professor Qara Məşədiyev hazırlayıb. Ümumiyyətlə, yeni qrammatikanın hazırlanmasına respublikanın ayrı-ayrı elm və təhsil mərkəzlərində fəaliyyət göstərən dilçi alimlər də cəlb olunublar.