Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Distant ali təhsil: Yeni imkanlar və müasir çağırışlar” mövzusunda UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020 keçirilib.

 

UNEC-dən bildirilib ki, forumun təşkilində məqsəd xaricdə yaşayan azərbaycanlı alimlərlə birlikdə distant ali təhsil sahəsində qlobal müzakirələr keçirmək və yeni ali təhsil modelinə müvafiq töhfələr verməkdən ibarət olub.

 

Foruma moderatorluq edən UNEC-in rektoru,  professor Ədalət Muradov bildirib ki, koronavirus pandemiyasından sonra dünya təhsil sistemində köklü dəyişikliklər baş verdi və bu proseslərin fonunda distant təhsil özünü yeganə, alternativsiz təhsil kimi göstərdi. Rektor koronavirus pandemiyası dövründə distant təhsilin, təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini iflasdan xilas etdiyini xüsusi vurğulayıb. Distant ali təhsilin təşkili haqqında müzakirələrin aparılmasının və vahid yanaşmanın formalaşmasının vacibliyini diqqətə çatdıran Ə. Muradov beynəlxalq forumda bu istiqamətdə azərbaycanlı ziyalılarla ciddi müzakirələrin aparılacağını deyib.

 

Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev, öncə Nobel mükafatçısı Əziz Sancarın foruma ünvanladığı fikiləri səsləndirib. Distant ali təhsillə bağlı beynəlxalq forumun Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyən dünya şöhrətli alim “Fürsət və riskləri ilə distant ali təhsil: mühazirə, seminar və qiymətləndirmə” mövzusunda çıxış edib. Professor distant ali təhsildə tələbə biliyinin qiymətləndirilməsi ilə də bağlı dünya təcrübəsindən danışıb.

 

Distant ali təhsil modelində texnoloji infrastrukturun əhəmiyyətindən söz açan İzmir İqtisad Universitetinin professoru İsmixan Bayramoğlu dünyanı bürüyən pandemiyanın texnologiyaların tətbiqinin zəruriliyini önə çıxardığını bildirib. Professor pandemiya dövründə distant tədrisin tətbiqinin alternativsiz olduğunu deyərək, bu istiqamətdə müxtəlif texnoloji yanaşmaların mövcudluğunu qeyd edib və bununla bağlı Türkiyə təcrübəsini bölüşüb.

 

Vaterlo Universitetinin professoru İlham Axundov distant ali təhsilin üstünlüklərdən danışıb. Azərbaycanlı alim bu istiqamətdə mövcud problemləri və onların həlli yollarını açıqlayaraq, uğurlu distant təhsil modelinin Azərbaycanda tətbiqinin mümkünlüyünü bildirib.

 

Durham Universitetinin professoru Nigar Həşimzadə isə onlayn tədrisin tətbiqində  Birləşmiş Krallıq Açıq Universitetinin təcrübəsini bölüşüb.

 

Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov iqtisadçı kadr hazırlığında distant təhsilin yaratdığı imkanlardan və üstünlüklərdən söz açıb.

 

Forum müzakirələrlə davam edib. Alimlər forumu izləyənlərin distant təhsilin universitetlərin rəqabətqabiliyyətliliyinə təsiri, bu təhsil modelinin tələbə və müəllimlərin sosiallaşmasındakı rolu, distant imtahanların effektiv təşkili, tələbələrin davamiyyəti, davranışı ilə bağlı suallarına cavab veriblər.