“Yüksəliş” müsabiqəsinin (10 aprel-1may tarixlərini əhatə edən) əyani mərhələsinin videomüsahibə turu başa çatıb. Əyani mərhələyə buraxılan 976 namizəddən 939 iştirakçı bu tura qatılıb.

 

Videomüsahibə mərhələsinin qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-nü seçərək cavablandırıb. Göstərilmiş tələblərə uyğun videoları yükləyən bütün iştirakçılar növbəti mərhələyə dəvət ediləcək.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

 

Bildirək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.