Bakı Dövlət Universitetinin (BDU) biologiya və sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Koronavirus pandemiya və epidemiyaları: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda Beynəlxalq virtual elmi konfrans keçirilib.

 

BDU-dan bildirilib ki, ali məktəbin rektoru Elçin Babayev koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması, yeni yaradılan elmi-tədqiqat laboratoriyaları, onların gələcək fəaliyyət perspektivləri haqqında məlumat verib. Qlobal pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olunduğunu bildirən rektor  Azərbaycanın ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.

 

Sonra biologiya fakültəsinin onurğasızlar zoologiyası kafedrasının professoru Hökümə Quliyeva “SARS-CoV-2 virusunun yayılmasında zooloji obyektlərin rolu” haqqında, sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə kafedrasının professoru Fikrət Əfəndiyev “Koronavirus pandemiyası və epidemiyalarının sosial-psixoloji aspektləri” adlı məruzələrlə çıxış ediblər. Biologiya fakültəsinin magistrantları “Koronaviruslarla mübarizədə biyan kökündən istifadə edilməsinin perspektivləri” adlı məruzəni və koronavirusun Azərbaycanda yayılmasının riyazi modelini, həmçinin gələcək proqnozlarını konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

 

Sosial elmlər və psixologiya fakültəsinin magistrantları karantin rejiminin psixoloji aspektləri, gənclər üçün virus pandemiyasının mümkün fəsadları haqqında məlumat veriblər.

 

İranın Marağa Tibb Universitetinin farmakologiya və toksikologiya kafedrasının dosenti Əziz İftixarinin koronavirus epidemiyasının müxtəlif ölkələrdə oxşar cəhətləri və ona qarşı təxirəsalınmaz tədbirlərə həsr olunan çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunan  konfransa İran İslam Respublikasının Marağa Tibb Universiteti ilə yanaşı,  Polşanın II İohan Pavel adına Lublin Katolik Universiteti və Türkiyənin Bozok Universitetindən olan tədqiqatçılar da qatılıblar.

 

Qarşılıqlı diskussiya şəraitində davam edən konfrans sualların cavablandırılması ilə yekunlaşıb.