Bakı Dövlət Universitetinin (BDU) biologiya və sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Koronavirus pandemiya və epidemiyaları: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda Beynəlxalq virtual elmi konfrans öz işini davam etdirib.

 

Konfransın ikinci günündə biologiya fakültəsinin bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli “Koronavirusun yayılmasında region amillərinin rolu”, magistrant-tələbələr “Koronaviruslarla mübarizədə dərman preparatlarının əhəmiyyəti və nanomateriallardan hazırlanmış vasitələrin istifadə edilməsinin perspektivləri”, “Sahib hüceyrə genomunun SARS-Cov-2 virusuna qarşı həssaslığa və SARS-Cov-2 virusunun immun sisteminin hüceyrələrinə təsiri” haqqında məruzə ilə çıxış ediblər.

 

Beynəlxalq konfransda Türkiyə Bozok Universitetinin tibb fakültəsinin dosenti, toksikoloji analizlər və koronovirusla mübarizə məqsədilə yaradılmış laboratoriyanın müdiri Vüqar Türksoy koronavirus pandemiyasına qarşı müxtəlif ölkələrdə aparılan təxirəsalınmaz  tədbirlər haqqında geniş məlumat verib, beynəlxalq standartlara cavab verən laboratoriyanın texniki imkanlarından söz açıb. Konfransda universitetlərarası ikitərəfli əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin perspektivləri müzakirə olunub.

 

Sonra Pakistan  vətəndaşı, BDU-nun biologiya fakültəsinin doktorantı Məhəmməd Şoaib virusun inkişafı, yayılması, virus əleyhinə profilaktik tədbirlər kimi məsələlərə aydınlıq gətirib.

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunan konfrans sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.