Bakı Dövlət Universitetində (BDU) tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı” mövzusunda virtual Respublika elmi konfransı keçirilib.

 

BDU-dan bildirilib ki, “Microsoft Teams” platforması üzərindən təşkil olunan, 100-dən artıq iştirakçının qatıldığı elmi konfransda millət vəkilləri, ali məktəbin professor-müəllim heyəti, tələbə və doktorantlar iştirak ediblər.

 

Universitetin rektoru Elçin Babayev Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Rektor xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin Azərbaycan mədəniyyətinin, elminin və təhsilinin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb.

 

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı “Heydər Əliyev: Azərbaycan Respublikasının xarici siyasəti”, BDU-nun türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, BDU-nun genetika kafedrasının müdiri, millət vəkili Kamilə Əliyeva “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı”, BDU-nun tarix fakültəsinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, millət vəkili Anar İsgəndərov “Türk-müsəlman dünyasının böyük lideri Heydər Əliyev”, millət vəkili Cavid Osmanov “Heydər Əliyev və Azərbaycan Parlamenti” və digər qonaqlar  Heydər Əliyev mövzusunda məruzə ilə çıxış ediblər.

 

Məruzələrdə qeyd olunub ki,  bütün varlığı ilə Vətənə və xalqına bağlı olan dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini hər zaman Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutmasına həsr edib.

 

Konfransın sonunda Ulu öndər Heydər Əliyevə həsr olunan  videoçarx nümayiş etdirilib.